"Hökumət bazarda qiyməti tənzimləməlidir" - NAZİM BƏYDƏMİRLİ

Baxış sayı:
3880

“Hökumətin üzərinə düşən görəv obyektiv səbəblər üzrə şəraiti yaratmaqdır ki, qiymətlər optimal qalsın, ya ucuzlaşsın”

Ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejiminin elan edilməsi marketlərdə, o cümlədən də “Araz” marketdə qiymətlərin bahalaşmasına səbəb olub. Dünən oxucularımızdan birinin sözügedən marketdə qiymətlərin kəskin bahalaşması ilə bağlı Hurriyyet.org-a müraciəti də bunu təsdiq edir.
Qeyd edək ki, şikayətçinin sözlərinə görə, Nizami rayonunda “Star” komleksin yanında yerləşən “Araz” marektdə əvvəl 3,5%-lik “Milla” südü 1.80 qəpiyə, 2,5%-lik südü isə 1.45-ə alsa da, dünən axşam 2.5%-lik südü 2 manat 15 qəpiyə alıb. Yumurta 4 manat 55 qəpik olub. Uşaq yeməyi olan “Cici bəbə” 2 manat 39 qəpikdən 2 manat 45 qəpiyə qalxıb. Saçaqlı pendir 1manat 89 qəpikdən 3 manat 20 qəpiyə qalxıb və digər ərzaq malları da bahalaşıb.

“Mən məsələnin səbəbini hökumətin yanlış iqtisadi siyasətində görürəm”

Marketlərdə, o cümlədən də “Araz” marketdə qiymətlərin qalxması ilə bağlı keçmiş deputat Nazim Bəydəmirli “Hurriyyet.org-a dedi ki, bazar iqtisadiyyatında heç bir sahibkara qiymətlərin bahalaşması və yaxud ucuzlaşması ilə bağlı göstəriş vermək doğru deyil: “Hökumətin üzərinə düşən görəv obyektiv səbəblər üzrə şəraiti yaratmaqdır ki, qiymətlər optimal qalsın, ya ucuzlaşsın, yaxud da hökumət sosial müdafiləyə ehtiyacı olan vətəndaşların ehtiyacını qarşılasın. Bazar iqtisadiyyatında qiymətləri stabil saxlamaq hökumətin əlində olan gömrük rüsumlarıdır, vergi dərəcələridir, kommunal xidmətlərin tarifləridir. Hökumət əlində olan bu alətlərlə bazarda qiyməti tənzimləyə bilir. Bütün digər alətlər hansı ki, inzibati yollarla hökumət göstəriş verir, hamısı kompaniyaçılıq xarakteridir və hökumətin görəcəyi iş deyil. Təbii ki, hökumət monitorinq apara, onun səbəblərini araşdıra bilər və aradan qaldırmağa çalışmalıdır. Adını çəkdiyiniz və digər marketlərdə satılan məhsullara baxmış olsanız və yaxud hökumət nümayəndələri baxmış olsa, onların təqribən 70-80 faizi xaricdən gələn məhsullardır. Bu məsulların qiymətinin stabil saxlanması, yaxud azaldılması üçün hökumət idxal rüsumlarını aradan qaldırmalıdır, ya kəskin azaltmalıdır, əlavə dəyər vergisinin dərəcəsinə baxmalıdır və sahibkarlara müxtəlif güzəştlər etməlidir. Həmçinin dediyim kimi, maya dəyərinə təsir edən kommunal xidmətlər dövlət şirkətləri tərəfindən həyata keçirilir, hansı ki, təbii monopolistlərdir -“Azərsu”, “Azərenerji” və “Azərqaz” və “Azərişıq" tərəfindən aşağı salınmalıdır. Eyni zamanda yanacaq, energetika, dizel yanacağı, benzinin qiyməti aşağı salınmalıdır. Normal işləyən hökumət bunu etməlidir. Bunu etmirsə, guya, nəticə ilə mübarizə aparır kimi, piar kampaniyaları aparırlar və bu da əksinə sahibkarı sıxışdırır. Sahibkar daha çox gölgəyə çəkilir və digər problemlərini özü həll etməyə çalışır. Mən məsələnin səbəbini hökumətin yanlış iqtisadi siyasətində görürəm”.

“Qiyməti monitorinq etməklə, onu vergini, əlavə gəlirini gizlətdiyi üçün cəzalandırmaq mümkündür”

“Məsələnin səbəbi hökumətin iqtisadi siyasətində olsa da, bu gün vergi dərəcələrinin artımı yoxdur ki, sahibkarlar yaranmış durumdan irəli gələrək qiymətlər qaldırsınlar”,-deyə qeyd etdikdə N. Bəydəmirli belə cavab verdi: “Təbii ki, konkret faktlar araşdırılmalıdır. Əslində, vergi sistemi elə qurulmalıdır ki, sahibkar nə qədər çox qiymət artırırsa, bir o qədər də çox vergi ödəməlidir. Yəni iqtisadiyyat belə tənzimlənir. Təbii ki, süni ajiotaj yaradan, bu məsələdən sui-istifadə edən hüquqi və fiziki şəxslər ola bilər. Əgər monitorinq aparıb müəyyən olunsa ki, belə bir addımlar atılıb, onların barəsində tədbir görülə bilər. Dediyim kimi, tədbir də vergi vasitəsilə həyata keçirilməlidir. Həqiqətən də məhsulun maya dəyəri ölkəyə neçəyə gəlib, yəni həmin sahibkarın üstünə neçəyə oturub və neçəyə satır. Qiyməti monitorinq etməklə, onu vergini, əlavə gəlirini gizlətdiyi üçün cəzalandırmaq mümkündür. Bilrsiniz ki, bazar iqtisadiyyatı tələb, təklif üzərində qurulub. Sahibkar malını satır. Ona görə, deyirəm ki, ticarəti asanlaşdırmaq, monopoliyanı aradan qaldırmaq lazımdır. O zaman vətəndaşlar özləri nəzarət edəcək və sahibkar həmin qiymətləri artırmaqda maraqlı olmayacaq. Sahibkar da ajiotaj fonunda qiymətləri qaldırır. Çünki hökumətin atacağı addımlar, yaxud Operativ Qərargahın dediyi məsələlər hansı ki, gec əhaliyə çatdırılır, buna görə o cümlədən sahibkarlar, yəni pərakəndə satışla məşğul olanlar da ehtiyatlanır. Düşünürlər ki, bu məhsul ölkəyə gəlməyə, yaxud yerdə istehsal olunmaya bilər. Bunun üçün hökumətin addımları olmalıdır. Mütamadi çıxışlar etməlidirlər ki, ölkəyə yüklər normal gəlir, ərzaqların və istehlak mallarının qiymətində artım olmamalıdır. Bunlar davamlı danışılmalıdır, sübut olunmalıdır, gömrük prosedurları asanlaşdırılmalıdır. Sahibkarın üzərinə getməklə, biz bunu həll edə bilmərik”.

Şamo EMİN