Həmkəndlilərinin bacısına sataşdığını eşitdi, dəliyə döndü - Xaçmazda cinayət

Baxış sayı:
1092

Xaçmaz rayonunda bir nəfəri öldürməkdə, digərini yaralamaqda təqsirli bilinən 1981-ci il təvəllüdlü Sabir Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, fərdi əməklə məşğul olan və subay olan Xaçmaz rayonunu Qusarçay kəndinin sakini Sabir Məmmədov şizofreniya paranoid kimi xroniki psixi xəstəlik keçirib.

Bacısına sataşanlardan qisas almaq istədi

Sabir Məmmədov bu xəstəliyin təsiri altında həmkəndliləri Namiq Babayev və Xudu Əliyevin əvvəllər onun bacısı Samirəyə sataşmalarını bəhanə edib.

Sabir Məmmədov heç bir əsaslı səbəb olmadan onları xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib. O, öz niyyətini həyata keçirmək məqsədi ilə 8 iyul 2017-ci il tarixdə, saat 10 radələrində yaşadığı Xaçmaz rayonu, Qusarçay kəndindəki evindən bıçaq götürərək Namiq Babayevin işlədiyi Xaçmaz rayonu, Qusarçay kəndinin mərkəzi küçəsində yerləşən bərbərxana istiqamətində gedib.

Avtomobildən düşən həmkəndlisinə dəhşət yaşatdı

Sabir Məmmədov həmin küçədə Namiq Babayevi Tahir Tayibovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilin ön oturacağından düşərkən görüb. O, heç bir əsaslı səbəb olmadan Namiq Babayevin bədən nahiyələrinə bir neçə dəfə bıçaqla zərbə vurub.

Həmin vaxt Sabir Məmmədov bacısına sataşan həmkəndlisinə 4 bıçaq zərbəsi vurub. Orada olan şəxslər Sabir Məmmədovun ona daha çox bıçaq zərbəsi vurmasının qarşısını almaq istəsələr də, buna nail ola bilməyiblər. Ürək nahiyəsindən xəsarət alan Namiq Babayev hadisə yerində ölüb.

İkinci cinayətə addım atdı

Namiq Babayevin öldüyünü görən əli silahlı Sabir Məmmədov daha sonra bacısına sataşan digər həmkəndlisi Xudu Əliyevin işlədiyi "Bizim market" adlı ərzaq mağazasına gedib.

Orada Sabir Məmmədov Xudu Əliyevlə rastlaşıb. O, Xudu Əliyevi oğlu, 2000-ci il təvəllüdlü Sahibin gözləri qarşısında öldürmək niyyətini həyata keçirmək istəyib.

Belə ki, Sabir Məmmədov özündə olan bıçaqla Xudu Əliyevin bədənin müxtəlif nahiyələrinə 2 dəfə xəsarət yetirib.

Əli silahlı qatil 2-ci cinayətini niyə başa çatdıra bilmədi?

Lakin həmin mağazanın satıcısı Ceyhun Piriyev onu kənara itələyib. Bu səbəbdən Sabir Məmmədov niyyətini başa çatdıra bilməyib.

Daha sonra Xudu Əliyev təcili olaraq Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Sabir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Qatil cəzadan belə azad edildi

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə hökm qəbul edən zaman cinayəti anlaqsız vəziyyətdə törətməsi müəyyən edilib. Bu səbəbdən o, Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib. Bu maddə tətbiq olunur ondan ötrü ki, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır.

Qatil müalicəyə göndərildi

Bundan əlavə, hökmdə qeyd olunub ki, Sabir Məmmədova Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya xəstəxanasına tapşırılıb.

Şikayət edildi, rədd olundu

Hökmdən narazı qalan zərərçəkmiş Xudu Əliyev və mərhum Namiq Babayevin ailə üzvləri apelyasiya şikayəti veriblər. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Sabir Məmmədovun barəsində ittihamedici hökmün çıxarılmasını istəyiblər.

Onların şikayətləri Sumqayıt Apelyasiya Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb və təmin olunmayıb.

Bu qərardan narazı qalan zərərçəkmişlər kasasiya şikayəti veriblər. Kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Qərara görə, kasasiya şikayətləri təmin olunmayıb.