“Həmişə təqiblərə, təzyiqlərə məruz qalmışam...” - HACIBABA ƏZİMOV

Baxış sayı:
6172

1991-ci il martın 7-də Ali Sovetdə 350 deputat arasından SSRİ-nin saxlanması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əleyhinə, Azərbaycanın müstəqilliyinə səs vermiş cəmi 43 nəfər deputatdan biri olmuş, cəmiyyətdə “istiqlalçı deputat” olaraq tanınan, 1991-ci il oktyabrın 18-də Ali Sovetin qəbul etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri, Konstitusiya Aktının əsas müəllifi və Ali Sovetin müzakirəsinə təqdimatçısı olan, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun 80 yaş tamam olur. “Hürriyyət”in kollektivinin təbrikini çatdırmaq və bəzi suallarımıza cavab almaq məqsədilə Hacıbaba Əzimovla söhbətləşdik.

- Çox sağ olun. Təşəkkür edirəm.

- Hacıbaba müəllim, Sizin üçün 80 yaş nə deməkdir?

- Mənim üçün 80 yaşın bir mənası var. Amma çoxları üçün 80 yaşın başqa mənası ola bilər. Ona görə ki, bu yaş hər kəsin həyatda keçdiyi yolun dəyəri ilə bağlıdır. Yəni yaşın dəyəri həyatda nələr edib, əsasən də xalqa nə kimi xidmətlər göstərib, milli, müstəqil dövlətçiliyin əldə edilməsi üçün nə işlər görüb, onunla ölçülməlidir. Mən həyatım boyu həm təhsil sahəsinin inkişafına, həm müstəqilliyin əldə olunmasına, möhkəmlənməsinə çalışmışam. İlk müstəqil Azərbaycan dövlətinin qanunvericilik bazasının hazırlanmasında müəyyən xidmətlər göstərmişəm və bununla da qürur duyuram. 80 yaşımda hesab edirəm ki, mən keçdiyim bu ömür yolu hədər getməyib. Çalışmışam ki, bu yolda xalqım üçün nəsə edim. Əlbəttə, müəyyən nəticələr də olub.

-Siyasətçi üçün yaş faktoru önəmlidir?

- Mənim çox böyük alim, kardioloq-cərrah dostum var. O deyir ki, cavan və yaşlı adam yoxdur, xəstə və sağlam adam var. Əlbəttə, yaş müəyyən qədər önəm daşıyır. Amma bu, əsas deyil. Əsas odur ki, o ömür nəyə həsr olunub. Yəni insan yaşayanda məqsədi nə olub. Məqsəd var - dövlət qazanmaq, yaxşı yaşamaq və yaxud yaradıcı bir iş görmək, xalqa xidmət etmək və böyük ideallarla yaşamaq, o həvəslə də müəyyən işlər görmək. Mən hesab edirəm siyasətçi, eləcə də hər kəs üçün də bu dediyim məqamlar çox vacib məqamlardır. İnsan, xüsusilə siyasətçi gərək qarşısına qoyduğu məqsədə çatmaq üçün, xüsusilə Azərbaycan kimi, yəni xalqın taleyüklü problemlərinin olduğu bir ölkədə siyasətçinin yaşamağının mənasını bu problemlərin həll olunmasına öz həyatını həsr etmək məqsədində görürəm. Söhbət əsl siyasətçidən gedir. Mən də çalışmışam ki, məhz belə olum.

- Hacıbaba müəllim, 80 illik ömür yolunda siyasi fəaliyyətinizdə nə kimi narazı məqamlar yaşamısınız?

- Bilirsiniz, bizim nəsil çox ağır, məhrumiyyətli bir həyat yaşadı. Tək mən yox, xüsusilə kimlər ki siyasətə baş qoşub, çox böyük təzyiqlərə, repressiyalara məruz qoyulub. Yəni mən həqiqi vətən eşqi, istiqlal əqidəsi ilə siyasətlə məşğul olanları nəzərdə tuturam. Bu adamlar həmişə təqiblərə, təzyiqlərə məruz qoyulub, xüsusilə də mən təzyiqlərə, təqiblərə məruz qalmışam. İstəsəniz 1-2-ni yada sala bilərəm.

-Əlbəttə, buyurun.

- Mən 1990-c ildə deputat olanda əvvəldən oxuduğum kitablardan qəlbimdə Azərbaycanı müstəqil, azad bir cəmiyyət kimi görmək arzusunda olmuşdum. Deputat olanda mən bu yöndə iş aparacağımı seçicilərimə söz verdim. Bir də söz vermişdim ki, mən çalışacağam ki, ali məktəblərdən birinin doğulduğum və deputat seçildiyim Lənkəranda flialını yaradaq. Sonra elə oldu, çox adam mənə dedi ki, özəl universitet yarat. Dedim yox, xalqın vəziyyəti çox ağırdır. Mən çalışacağam ki, dövlət ali məktəbi olsun. Lənkaran Dövlət Unvesitetinin yaradılması mənim təşəbbüsümlə olub. Dövlətin nə imkanı, nə də təşəbbüsü olmayıb ki, getsin Lənkəranda universitet yaratsın. Mən əvvəlcə Bakı Dövlət Universitetinin filialının açılmasına nail oldum. Çünki deputat kimi mənim böyük nüfuzum var idi. Mən özümü tərifləmirəm. Məhz ona görə də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanması mənə tapşırıldı. O komissiyanın sədri olmaq şərəfi mənə qismət oldu. Çünki o vaxt Ali Sovetin rəhbərliyi çox düşünmüşdü, sonra mənim üzərimdə dayandılar ki, o olmalıdır. Mənim çıxışlarımı, deputatlar arasında olan nüfuzumu nəzərə aldılar, məni komissiyaya sədr etdilər. Yəni mən nüfuzumdan istifadə edib əvvəl Bakı Dövlət Universitetinin filialının açılmasına nail oldum. Sonra isə gördüm ki, Bakı Dövlət Universitetində müəyyən qədər narazılıqlar var. Hətta onlar qərar vermişdilər ki, biz flial istəmirik, ləğv olunsun. Onda getdim baş nazir Rəhim Hüseynovdan xahiş etdim. O da çox narazılıqla dedi ki, biz, əksinə olan qurumları bağlamaq istəyirik, pul yoxdur. Vəziyyət onda çox ağır idi. Mən çox təkidlə xahiş etdim, dedim siz razılıq verin, qalan problemləri mən özüm həll edərəm və elə də etdim. Bu universiteti yaratdım. Həqiqətən, bu universitet yeganə təhsil ocağı oldu, mən birinci buraxılış etdim. Yeganə universitet idi ki, orada müəllim-tələbə münasibəti çox saf idi, heç bir rüşvətdən söhbət gedə bilməzdi. Bütün işçiləri, hətta prorektorları işə mən qəbul etmişdim. Baxmayaraq prorektorluq vəzifələri nazirliyn nomenklaturası idi, amma mən özüm işə götürürdüm. Sonra da sənədlərini Təhsil Nazirliyinə göndərirdim ki, əmr verilsin. Hamısını etdim, birindən bir qəpik almadım. Amma tələbim var idi ki, millətimiz, xalqımız üçün çox savadlıq, dəyərli, ləyaqətli cavan kadrlar hazırlamalıyıq. Buna da nail olduq. Bizim birinci buraxılış etdiyimiz məzunlar indi çox böyük hörmət sahibidirlər. Bəziləri böyük vəzifələr tutublar, bəziləri elmlər doktorudur.

- Siz həm də həmin vaxtı “Talış-Muğan Respublikası”nın yaranmasının qarşını alanlardan biri olmusunuz...

-Bəli, 1990-cı illərin əvvələrində cənub bölgəsində etnik zəmində qarşıdurma yaratmağa başlamşdılar. “Talış-Muğan Respublikası” söhbətlərini ortalığa atmışdılar. Mən bir tərəfdən sıfırdan universitet qururdum. Bu, çox çətin di. O biri tərəfdən gördüm ki, ölkə idarə olunmur. Vəziyyət çox çətin idi. Bir yandan Qarabağda döyüşlər gedir, erməni separatçılığı baş qaldırır, bu biri tərəfdən talış separatçılığı baş qaldırırdı. Ona görə, mən məcbur oldum qeyrətli ziyalıları, alimləri yığdım. Əlbəttə, onların içində, mən başda olmaqla, türk əsillilər idi. Eyni zamanda talışların, ləzgilərin, kürdlərin, tatların içərisindən çıxan hörmətli professorları topladım və Vahid Azərbyacan Milli Birlik Parityasını yaratdım. 1992-ci il iyunun 15-də biz bunun təşkilat komitəsini yaratdıq, 1993-cü il noyabrın 28-də də Bakıda Əmək sarayında çox yüksək səviyyəli bir qurultay keçirdik. O qurultayda Əbülfəz bəy də prezident kimi bizə təbrik məktubu göndərmişdi və onu baş nazir Pənah Hüseyn oxudu. Ali Sovetin sədri İsa Qəmbər gəldi, çıxış etdi və başqa dövlət adamları iştirak etdi. Onu da deyim ki, Əlikram Hümbətov başda olmaqla, “Talış-Muğan Respublikası” və o separatçı güruhun darmadığın edilməsində mənim və bizim yaratdığımız partiyanın çox böyük rolu oldu. O zaman mövcud hakimiyyət prezident, baş nazir səviyyəsində sözünü demirdi. Əlikram Hümbətovun dağıdıcı fəaliyyətinə qarşı çıxış etmirdi. Avqustun ayın 11-də mən Heydər Əliyevin qəbuluna getmişəm. Çünki avqustun 7-də Əlikram Hümbətov özünü “Talış-Muğan Respublikası”nın prezidenti elan etmişdi. Mən getdim gecə birin yarısında onunla görüşdüm və tələb etdim ki, sözünüzü deyin, siz sözünüzü demirsiniz, xalq çaşbaş qalıb. Mənə dedi ki, siz xalqı başa salın. Dedim xalqı başa salaram, xalq ayağa qalxmağa hazırdır. Amma mövcud hakimyyət sözünü deməlidir. Ondan sonra, mən ondan tələb etdim ki, bu məsələ Milli Məclidə müzakirə olunsun. Heydər Əliyev avqustun 13-də müşavirə keçirdi, orada sözünü dedi və avqustun 16-17-də iki gün “Talış-Muğan Respublikası” məsələsi müzakirə olundu və müvafiq qərar qəbul edildi. Mən bunları etdim. Ancaq bununla mən Rusiya və İran kəşfiyyatını həddindən artıq qəzəbləndirdim...

- Sizin işdən azad edilməniz də bununla bağlı idi?

- Çünki mən heç vaxt hər hansısa vəzifə sahibinin qarşısında baş əyməmişdim. Heç kəsə tərif də yağdırmamışdım. Bütün universitetlər bayram tədbirlərində Heydər Əliyevə təriflərdən ibarət br müraciətnamə göndərirdilər, amma mən bunu etməmişdim. Ona görə, bir tərəfdən məndən hakimiyyət narazı idi, o biri tərfdən İran-Rusiya kəşfiyyatı mənim separatizmin qarşısını alan bir qüvvə olduğumu bilib, mənə və partiyamıza qarşı repressiyalar hazırladılar. Məni tamamilə əssasız olaraq, hətta iki il deputat kimi toxunulmazlıq hüququm olmasına baxmayaraq, işdən azad etdilər. Təhsil naziri Lidya Rəsulovanı məcbur etdilər ki, onun əmrini ver, getsin. O da isətəmirdi, mən gedim. Amma məcbur etdilər, o da heç bir əsas olmadan mənim əmrimi verdi. Bu qeyrətli xanım özü də öz ərizəsini qoydu, təhsil naziri vəzifəsindən getdi. Ona Allah rəhmət eləsin. Sonra mənim Bakı Dövlət Universitetində professor, kafedra müdiri kimi əmrim hazır idi. Son mərhələdə rektor əmr verməli di. O vaxtı Misir Mərdanov idi. Mənə dedi ki, qoy, mən Heydər Əliyevlə danışım. Sonra həll edəcəm, dedim danış. Sonra mənim əmrimi vermədi, bunlar məni işsiz qoydular. Bu hakimyyət indiyə qədər də məni işsiz qoyub.

(Ardı var)

Hurriyyet.org