Həmin qırıcılar nəhayət Azərbaycana yola salınır?

Baxış sayı:
8731

Pakistan Çinlə birlikdə istehsal etdiyi JF-17 qırıcılarını Azərbaycan da daxil olmaqla 4 ölkəyə ixrac etməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda Pakistanın ingilisdilli “Daily Times” qəzeti yazıb.

Bildirilir ki, Pakistan hazırda Hindistanla qonşu olan üçüncü ölkələrə və Nyu-Dehlinin Afrikadakı ənənəvi partnyorlarına silah ixrac etmək imkanlarını nəzərdən keçirir.  Çin qırıcılarının və Pakistana üçüncü ölkələrə ixrac etmək üçün təqdim edilən digər hərbi texnikanın satışı Pakistan ordusunun rəhbərinin Pekinə ötən həftəki səfərinin əsas gündəmini təşkil edib.

 

Məlum olub ki, bu danışıqlarda Pakistanın Çinlə birlikdə istehsal etdiyi JF-17 Thunder qırıcılarını  Hindistanın qonşusu Myanmaya, habelə Hindistanın Afrikadakı partnyoru Nigeriyaya, o cümlədən Malayziyaya və Azərbaycana satışı ilə bağlı məsələlər müzakirə olunub. Nigeriyanın hazırda 3 JF-17 qırıcısının olduğu bildirilir və bu ölkə təyyarələrin yeni partiyasını almaq istəyir.

Azərbaycanın Pakistandan JF-17 qırıcılarını almasına dair danışıqlar, söz-söhbətlər uzun müddətdir davam edir. Bir müddət əvvəl Azərbaycanın bu qırıcılara marağının azaldığı bildirilirdi. Lakin son vaxtlar danışıqların sürətləndiyi, hətta müqavilə bağlandığı haqda məlumatlar var. Bu günlərdə isə Azərbaycan pilotlarının Pakistanda JF-17 qırıcılarının idarə edilməsi üçün hazırlıq keçdiyinə dair foto sosial şəbəkələrdə yayılmışdı.