"Həmin dronları Xankəndində ermənilərin təpələrinə endirmək lazımdır ki, bir də belə qələt eləməsinlər..." - Aqil Abbas

Baxış sayı:
7392

Xəbər verdiyimiz kimi Avropa Liqasının “Düdelanj” – “Qarabağ” oyununun 30-cu dəqiqəsində ermənilər tərəfindən stadionda dronla qondarma Dağlıq Qarabağın bayrağı qaldırılıb və Ağdam komandası buna etiraz edərək oyunu dayandırıb. Daha sonra Lüksemburqun İdman naziri “Qarabağ”ın paltardəyişmə otağına gedib və futbolçularımızdan şəxsən üzr istəyib. Kobud səhv haqda stadionda da elan olunub və oyun davam etdirilib. "Qarabağ" oyunda 4:1 hesabıyla "Düdelanj"a qalib gəlib. 
Muxalifet.az
xəbər verir ki, Millət vəkili Aqil Abbas Moderator.az-a açıqlamasında bildirdi ki, ermənilər həmişə idman arenalarına bu cür təxribatlara əl atırlar:
"Bu birinci hadisə deyil, idman yarışlarında dəfələrlə belə hadisələr olub. Əvvəl "Qarabağ"ın bir oyununda da Rəşad Sadıqov erməninin əlindən bayrağı alıb cırdı. Qaldı ki, təxribatın qarşısını almağın da yolları var. Həmin dronları Xankəndində, Ağdərədə ermənilərin təpələrinə endirmək lazımdır ki, bir də belə qələt eləməsinlər". 
Millət vəkili Lüksemburqda təhlükəsizlik tədbirlərinin çox zəif təşkil olunduğunu və buna görə də belə bir hadisənin yaşandığını bildirib:
"Bütün ölkələrdə futbol oyunları zamanı təhlükəsizlik xidmətləri var. Doxsan dəqiqə həmin mühafizəçilərin üzü tamaşaçıya tərəf olur. Bir dəfə çevirilib arxaya baxmırlar, çünki onlara tapşırılır ki, təhlükəsizliyi maksimum təşkil etsinlər. Lüksemburqda isə demək olar ki, təhlükəsizlik çox zəif təşkil olunmuşdu. O dron yaxın məsafədən idarə olunan drondur. Canları çıxsın həmin ermənini axtarıb tapsınlar və bu da onların borcudur. O dronla ora bomba da ata bilərdilər və azarkeşlər də, futbolçular da ölə bilərdi. Böyük faciə yaşanardı".