Həkimlər beyin iflici keçirən xəstənin sağalma şansı olmadığını deyir, NAZİRLİK ƏLİLLİK DƏRƏCƏSİ VERMİR - “Gedin müalicə etdirin…” - ŞİKAYƏT

Baxış sayı:
535

Cəbrayıl rayonu, Şahvəlli kəndindən məcburi köçkün, hazırda Sabunçu rayonu, şəhər sossesi, ev 8-də qeydiyyatda olan və yaşayan Mustafayevə Mahizər Fehruz qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi 4 ildir yataq xəstəsi olan əri Əhmədov Əsgər Məhəmməd oğluna TSEK tərəfindən əsassız olaraq əlillik dərəcəsi təyin olunmamasından şikayətçidir:
“20 ildir ki, ailə qurmuşam, 3 uşağım var. Ən böyük oğlum yenicə hərbi xidmətə gedib. Yoldaşım əvvəl sürücü işləyirdi. 2015-ci ilin 20 iyun tarixində gecə yatarkən təzyiqi kəskin qalxmış və beyin insultu keçirmişdir. Bir neçə dəfə (hər ili) Sabunçu rayon 3 saylı xəstəxanasında müalicə olunmuşdur. Xəstəlik diaqnozu da bu olmuşdur - “baş-beyin sol yarımkürəsində işemik infark”.
Artıq 4 ildir ki, yoldaşım ağır yataq xəstəsidir, danışa bilmir, iflicdir, ağrıdan gecə-gündüz yata bilmir, qışqırır. Son dəfə 2018-ci ilin axırında 3 saylı Sabunçu Xəstəxanasında müalicə alan zaman bildirdilər ki, xəstəyə ən bahalı uynə-dərman tətbiq edilib, bundan artıq müalicə mümkünsüzdür və əhəmiyyəti yoxdur. Xəstə hər an ölə bilər, evə aparın.
Vəziyyəti son dərəcə ağır olan xəstəyə əlillik dərəcəsi verilməsi üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Sağ olsunlar, xəstənin vəziyyəti barədə 088 N-li TQS forması yazıb, Tibbi Sosial Ekspert komissiyasına 2018-ci ilin axırında göndəriş verdilər. Budur, TSEK xəstəni yoxladıqdan sonra 30 yanvar 2019-cu ildə sonuncu müayinəyə dair məlumatında bildirir ki, əlillik dərəcəsi verilməsindən imtina edilib. Səbəb kimi, “əlavə müalicəyə ehtiyacın olması” göstərilir.
İxtisaslaşmış stasionar müayinə və müalicə təyin olunur. Kənar şəxsin qulluğuna ehtiyacı var. TSEK-dən bizə bildirdilər ki, siz xəstəni aparın Maştağada yerləşən ruhi-əsəb xəstəxanasında 6 ay müalicə etdirin, sonra biz ona əlillik dərəcəsi verə bilərik. Biz də naələc qalıb iflic olmuş 4 ilin xəstəsini xərəkdə Maştağaya apardıq. Burada bizə dedilər ki, xəstəniz dəlilərin arasında tək qalmalıdır və 6 ay müalicə almalıdır. Biz vəziyyətlə yerində tanış olduqda buradakı ağır vəziyyətdə olan ruhi xəstələrin  arasında qıçı-qolu işləməyən, danışmayan, kəskin ağrılardan əziyyət çəkən xəstəmizin halına acıdıq. Bildik ki, ölüm ayağında olan xəstəmiz burada dəlilərin içində köməksiz vəziyyətdə neçə gün yaşaya bilər. Müalicədən imtina edib, xəstəni evimizə gətirdik.
Amma onun vəziyyəti günü-gündən pisləşir. Ailənin də iqtisadi duryumu çox aşağıdır. Məcburi köçkün kimi 5 nəfərlik ailəmizə dövlətin veridyi qəpik-quruş “çörək pulu”ndan başqa gəlir yerimiz yoxdur. İki uşaq məktəblidir. Böyük oğlum yenicə hərbi xidmətə gedib. Mən də ağır xəstəyə baxıram, işləyə bilmirəm. Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin TSEK komissiyası da sağalmaz xəstə olan, beyin infarktı keçirmiş, sağalmaz iflic xəstəsi olan həyat yoldaşıma yenə 6 ay müalicə yazdılar. Guya sağalacaqmış. Amma TSEK-ə yığılışmış həkim adını daşıyan insan toplusu bilməlidir ki, ölümcül xəstənin sağalmaq şansı sıfra bərabərdir.
Çox hörmətli Prezident və Mehriban xanım! Sizi xalqımız həmişə hümanist və xeyirxah insanlar kimi tanıyıb. Bizim ailəmizin ümidi də sizsiniz. Xahiş edirik, son günlərini yaşayan iflic xəstəsi olan həyat yoldaşım Əsgər Əhmədova əlillik dərəcəsinin verilməsinə yardımçı olasınız”.
 


Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.