Hitler faşistlərindən sonra yerli quldurlarla döyüşən veteran - Tofiq İamayılov

Baxış sayı:
6049

Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa
Günah onun özündədir

Nədənsə 97 yaşlı Tofiq İsmayılovla görüşə gedəndə görkəmli Azərbaycan şairi Osman Sarıvəllinin bu misraları yadıma düşdü. O, 1922-ci ildə Tovuz rayonun Qədirli kəndində anadan olub. 1942-ci ildə müharibənin şiddətli vaxtları idi və o digər azərbaycnalı soydaşlarımız kimi o da cəbhəyə səfərbər olub. O dəhşətləri, faciələri bu gün də unutmayan Tofiq kişi qələbəyə doğru uzanan yollarda bir neçə dəfə yaralansa da müharibənin sonuna qədər cəbhədə qalıb və hünərinə, cəsurluğuna görə bir neçə dəfə mükafatlandırılıb. Müharibə bitdikdən sonra vətənə qayıdan Tofiq İsmayılov 1948-ci ildə daxili işlər orqanlarında sıravi kimi xidmətə başlayıb. İlk təyinatı Ağstafa rayonuna olub. Xidmət illərini isə özü belə nəql edir:
-O dövrdə xidmət olduqca çətin idi, milisin maddi-texniki təminatı olduqca zəif idi, insanlar yoxsul və ac olduğu üçün cinayətlər geniş yayılmışdı. Biz gecə gündüz xidmət aparır insanların təhlükəsizliyini təmin etməyə çalışırdıq. Xatırlayıram ki, Ağstafada bir müddət işlədikdən sonra mən Tovuz rayonunda xidmətə davam etdim. O zaman biz 10 nəfər idik və rayonun inzibati ərazisi böyük olduğu üçün atlar ilə xidmət aparırdıq. Şəxsi heyətin azlığından bizim üçün ayrılan yataqxanada qalır, ailəmiz ilə gec-gec görüşə bilirdik. Lakin buna baxmayaraq hamı bir nəfər kimi işinə məsuliyyətlə yanaşırdı. Çünki özlüyümüzdə bilirdik ki, insanların dincliyi, təhlükəsizliyi bizdən aslıdır.

Tofiq kişi istər müahribə illərini, istərsə də xidmət illərini çox dəqiqliklə xatırlayır, hər hansı bir hadisəni baş verdiyi tarixinə qədər nəql eləyirdi. Uzun müddət cinayət və cinayətkarlıqla mübarizə aparan Tofiq kişi qarşılaşdığı bir hadisəni bizə danışdı:
-1955-ci ildə günlərin birində gecə növbəsində xidmət aparırdıq. Birdən tanımadığımız avtomobilin bizə tərəf gəldiyini gördük. Növbə yoldaşımın “saxla” əmrinə tabe olmayan avtobil əkin sahəsinə tərəf istiqamət aldı. Görünür, sürücünün naşılığından avtomobil şumluqda batdı və sərnişinlər düşüb qaçmağa başladı. Özü isə axsadığı üçün qaça bilmədi. Biz onu dərhal tutduq. Səhər tezdən öyrəndik ki, dünən gecə indiki Şəmkir rayonunda gecə oğurluq olub. Qısa zaman ərzində saxladığımız şəxsin oğurluqda iştirak etdiyini öyrəndik. Bir qədər sonra dəstənin digər üzvlərini də müyyənləşdirə bildik. 33 nəfərdən ibarət cinayətkar qrupu ifşa etdik.

Tofiq İsmayılovun xələfləri sayılan, dövrümüzün polisləri haqqında fikirləri də olduqca maraqlı idi.

-Bu gün Azərbaycan polisi üçün dövlət tərəfindən yüksək şərait yaradılıb. İnsanların hüquq və azadlıqlarının qorunması, onların təhlükəsizliyinin təmin edilməsi üçün daxili işlər orqanlarının maddi-texniki bazası kifayət qədər təkmilləşdirilib. Bu isə polisin işində effektiv nəticə deməkdir. Əvvəllər hər hansı bir cinayətin açılması çox çətin idi lakin indi texnologiyanın inkişafı cinayətkarlıqla mübarizədə də tədbiq edilir ki, bu da müsbət nəticələr əldə etməyə imkan verir. Lakin bütün bunlarla yanaşı yeni cinayət növləri də yaranır ki, onların qarşısının almaq savadlı və təcrübəli polis əməkdaşının bacara bildiyi işdir. Mən gənc polislərimizə demək istəyirəm ki, onlar üçün yaradılan bu şəraitdən istifadə etsinlər, öz məsuliyyətlərini dərk etsinlər. Çünki onların cəsur, bilikli olması vətəndaşın təhlükəsizliyi, asayişin qorunması deməkdir. Polis daim insanların işində olmalı, onlarla ünsiyyət qurmağı bacarmalıdır ki, vətəndaş ona güvənə bilsin, hər hansı bir məsələdə ondan kömək istəyə bilsin.

Eşqin Qasımov, polis leytenantı