“Hikmətin dəlilləri insanlara tədricən verilir”

Sərdar Cəlaloğlu: “Hikmətin dərəcələnməsi həm də şüurun tarixi inkişafı ilə bağlıdır”
 
Heç bir alim, heç bir filosof heç bir dövrdə Qurani-Kərimi tam və sonuna qədər anlaya bilməz”
 
“Dünyəvi elmlərdə əsas prinsip eyni bir aydınlığa nail olmaqdır. Çünki bu cür elmlər müəyyən qrup insanlara ünvanlanıb. Amma Qurani-Kərim bütün insanlara ünvanlandığından və tək bir səmavi kitab olduğundan elmin fakultələrə ayrılmasından fərqli olaraq ayələri batini mənalara ayrılmışdır”
 
“Kəpənəyin mövcud olması ilahi proseslərlə dünyəvi proseslərin rabitədə olduğunu sübut edir. Bu da bu dünyanın Allah-təala tərəfindən yaradılması, tənzim edilməsi və nəzarət edilməsini təsdiq edir”
 
Şərqşünas-alim, akademik Vasim Məmmədəliyev bu günlərdə Aznews.az-a saytına müsahibəsində insanın yaradılışı ilə bağlı sualları cavablandırıb. Vasim müəllim deyib: Bu məsələ haqqında müxtəlif rəvayətlər var. Birinci budur ki, Həvva doğanda iki-iki doğurmuş, bir oğlan, bir də qız. Birinci qarında olan oğlan, ikinci qarında olan qızla evlənirmiş… Bəziləri də deyir ki, insanlarla cinlərin qarışığından yaranıblar. Yəni insanlar cinlərlə evlənib, beləcə bəşəriyyət çoxalıb”.
Qeyd edək ki, Qurani-Kərimi Azərbaycan türkcəsinə tərcümə edən akademikin bu fikri cəmiyyətdə müəyyən mülahizələrə yol açıb. Xüsusən də sosial şəbəkələrdə Vasim Məmmədəliyevi bu ifadəsinə görə “çox primitiv dünya görüşünə malik insan”, “Qurani-Kərimdən xəbərsiz şəxs” kimi təqdim edənlər də olub.
Odur ki, şərqşünas-alimin nə dərəcədə haqlı olduğunu aydınlaşdırmaq üçün son vaxtlar mətbuatda dərc olunan dini yazıları ilə insanların diqqətini cəlb edən və hazırda Qurani-Kərimin izahını yazan ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.
 
(Əvvəli ötən sayımızda)
 
Quranla bağlı bəzi alimlərin xurafata yuvarlanması, əslində Qurani-Kərimi dünyəvi kitablara uyğun mənimsəməyə cəhd etmələri ilə bağlıdır. Allah-təala bəyan edib: “Bu Quranı ona görə bu qədər aydın şəkildə yazdıq ki, başa düşəsiniz”. Sadəcə olaraq, bu aydınlığın 5 dərəcəsi var. Yəni Qurani-Kərimin eyni bir ayəsi oxuyanın səviyyəsindən asılı olaraq aydınlaşır. Dünyəvi elmlərdə əsas prinsip eyni bir aydınlığa nail olmaqdır. Çünki bu cür elmlər müəyyən qrup insanlara ünvanlanıb. Amma Qurani-Kərim bütün insanlara ünvanlandığından və tək bir səmavi kitab olduğundan elmin fakultələrə ayrılmasından fərqli olaraq ayələri batini mənalara ayrılmışdır. Allah-təala Özünü dərəcələyən adlandırır. Bu məanada Qurani-Kərimin verdiyi bilik də dərəcələndirilmişdir. Birinci dərəcə normal ağıla malik olan, heç bir təhsili olmayan insanların hamısının başa düşəcəyi orjinal həqiqətdir. İkinci dərəcə xüsusi həqiqətdir, bunu ancaq alimlər başa düşə bilər. Üçüncü dərəcəni nəzəri dərəcə adlandıra bilərik. Hansı ki, öyrənəndən xüsusi mühakimə qabiliyyəti tələb edir. Belə mənaya malik ayələrdə xüsusi - “ancaq sağlam ağıl sahibləri başa düşə bilər” kimi qeydlər verilir. Dördüncü dərəcə fəlsəfi dərəcədir. Bunu ancaq filosoflar və ya fəlsəfəçilik edən şəxslər dərk edə bilər. Nəhayət, beşinci dərəcə - mütləq həqiqətin dərəcəsidir. Hansı ki, insanlar üçün dərkedilməzdir. Bu cür həqiqətlərin dərk edilməsi yalnız Allahın iradəsi ilə mümkündür. Bu Qurani-Kərimdə “hikmətin verilməsi” kimi şərh edilir. Bu baxımdan, Qurani-Kərimin eyni bir ayəsində ifadə edilən hikmət 5 müxtəlif səviyyəli insan tərəfindən müxtəlif cür dərk edilir. Buradan aydın olur ki, əgər bir şəxsin əqli bilgiləri yoxdursa, o, hikmətin elmi dərəcəsini anlaya bilməz və buna cari biliklə cəhd etdikdə xurafata yuvarlanır. Eləcə də filosoflar üçün nəzərdə tutulmuş mənanı ayrı-ayrı elm sahələrinin alimləri dərk etmək istəyəndə, yanlış əqli nəticələr çıxarır.
 
-Belə anlaşılır ki, Allah-təala insanları biliklərinə görə dərəcələrə ayırır. Yəni Onun üçün bilikli və biliksiz insan arasında fərq var...
 
-Allah-təala bütün insanlara Öz qarşısında bərabər baxır. İnsanların hansı dərəcədə biliyə malik olması onların səyləri ilə bağlıdır. Buna görə də insanların Quranı anlamaq dərəcələri onların səylərinin dərəcəsini özündə ifadə edir. Buradan bilikli ilə biliksiz insan arasında fərq yaranır. Bu fərqi insalar yaradır, Allah-təala isə buna görə onları bir-birindən fərqləndirir. Hikmətin dərəcələnməsi həm də şüurun tarixi inkişafı ilə bağlıdır. Yəni necə ki, fərdi səviyyədə uşaq şüuru, gənclik şüuru, yaşlılıq şüuru və ahıllıq şüuru vardır, eləcə də buna uyğun tarixi dövrlərin şüurları səviyyəcə bir-birindən fərqlənir. Məsələn, ibtidai insanların şüuru uşaq şüuru, quldarlıq dövrünün şüuru gənclik şüuru, feodalizmin şüuru yaşlılıq şüuru, kapitalizmin şüuru ahıllıq şüuruna uyğundur. Buna görə də Quran nazil olduğu dövrdə quldarlıq şüurunda olan insalarla orta əsr insanlarının və ya müasir insanların onun eyni bir ayəsini eyni cür idrak etməsi mümkünsüzdür. Bu da bizdən əvvəlki dövrlərdə Qurani-Kərimlə bağlı din alimlərinin izahlarına, şərhlərinə tənqidi yanaşmağı tələb edir. Allah buna görə də Qurani-Kərimdə Məhəmməd peyğəmbərə Qurani-Kərimi yalnız zahiri mənalarına görə insanlara bəyan etməyi əmr edir. Hikmətin tarixlə şərtlənməsi dəlillərin əldə edilməsi ilə bağlıdır. Qurani-Kərimdə bəzi həqiqətlərin doğruluğunu, həm Qurani-Kərimdən, həm də kainatdan dəlillər sübut etmək tələb olunur. Başqa sözlə, Quran Ona iman gətirənləri düşünməyə, ağlını inkişaf etdirməyə çağırır. Buradan da kainatdan əldə edilən dəlillər elmin inkişafı ilə bağlı olduğundan hikmət anlaşılması həm də əqli elmlərin nəaliyyətləri ilə şərtləndirilmişdir. Qurandə “Siz dəlili gəlməyən məsələlərlə bağlı mübahisə edirsiniz?” – deyə bəyan edilir. Bu gün hikmətlə bağlı bir çox suallar meydana çıxır ki, onların bəzilərinin dəlilləri hələlik əqli elmlərlə əldə edilməmişdir. Buna görə də bu cür məsələlərlə bağlı mübahisə etmək insanları çaşqınlığa salır. Çünki elmi dəlil olmadıqda insanlar gümandan, fərziyyədən, ehtimaldan istifadə edirlər ki, Quranda bu üsulun günaha yol açdığı açıq şəkildə bəyan edilmişdir. Bundan əvvəl Qurani-Kərimin məhz fərziyyə əsasında çoxlu təfsirləri meydana çıxmışdır. Müasir elmi nailiyyətlərdən yanaşdıqda, həmin təfsirlərin yanlış olduğu aydın olur. 
 
- Sizcə, bəzi elm adamlarının ateizmə meyl etməsi nə ilə bağlıdır?
 
-Elmi dəlillərin yetməzliyinə görə, bir çox elmi nəzəriyyələr hikməti şübhə altına almış və nəticədə elmi ateizm meydana çıxmışdır. Məsələn, Lomonosovun enerjinin saxlanılması, itməməsi qanununun doğruluğuna inansaq, onda bu dünyanın əbədi və sonsuz olduğunu, varlıqların bir-birindən əmələ gəlməsini, o cümlədən insnın meymundan əmələ gəlməsini qəbul etməliyik. Amma son illər fizika elmi anitmateriyanı kəşf etdikdən sonra Lomonosovun qanununun nisbi həqiqət olduğu, əslində isə enerjinin itməsi məlum oldu. Məlum oldu ki, antimateriya materiyanı yox edir, yəni enerji mütləq entrapiyaya məruz qalır, kosmosun sərhədlərindən çıxır, yox olur. Bu da ateizmə əsas verən materializmin darmadağın olmasına səbəb oldu. Məhz enerjinin itməsinə görə onun yoxdan yarandığı sübut olunur. Bu da yoxdan var, vardan yox edən və hər ikisindən fərqli bir Gücün olduğunu sübut edir. Bu da onu deməyə əsas verir ki, Allahın yoxdan var etməsi haqda mühakimə düzgündür. Çünki elmi olaraq da təsdiq edilir ki, yoxdan var etmək olur. Yerdə həyatın əmələ gəlməsi ilə bağlı biologiyada, təbabətdə olduqca çoxlu nəzəriyyələr vardır. Hansı ki, bu nəzəriyyələrdən heç biri təcrübədə öz təsdiqini tapmamışdır. Fəlsəfədən məlumdur ki, bu dünyada təkrarlanma və dəyişilmə, tədricilik və sıçrayışlar mövcuddur. Təkrarlanmanın dəyişilməyə, dəyişilmənin təkrarlanmaya, tədriciliyin sıçrayışa və əksinə keçidi kənar bir müdaxiləni tələb edir. Bu müdaxilə Qurani-Kərimdə ilahi iradə kimi izah olunur. Bu təkzibedilməz bir faktdır ki, bu dünya haqqında bilmədiklərimiz bildiklərimizdən çoxdur. Bu da elmin tarixi inkişafının səbəbidir. Tarixi inkişaf prosesində bilmədiklərimiz tədricən bildiklərimizə çevrilir. Buradan da hikmətin dəlillərinin tədricən insanlara verildiyi aydın olur. Bu da Qurani-Kərimin insanlığın sonuna kimi tədricən başa düşülməsini şərtləndirmişdir. Heç bir alim, heç bir filosof heç bir dövrdə Qurani-Kərimi tam və sonuna qədər anlaya bilməz. Əgər belədirsə, onda alimlərin fikirlərini ehkam kimi götürüb yol getmək nə deməkdir?! Qurani-Kərimə diqqət etsək görərik ki, Quranda bütün elementlərin, bütün bitkilərin, heyvanların adları çəkilmir...
- Bəs, Quranda adları çəkilən varlıqlar adları çəkilməyən varlıqlardan nə ilə fərqlənir?
- Qurani-Krimdə adı çəkilən istənilən varlığın bu və ya başqa şəkildə insanın yer həyatının mövcudluğu üçün müstəsna əhəmiyyəti vardır. Bu varlıqlar həm bilavasitə özləri, həm də metafora etdiklərini başa düşmək üçün əhəmiyyətlidir. Quranda bilinəndən bilinməyənləri anlatmaq üsulu mövcuddur. Biz bu üsulu mənimsəsək, elmdə hələlik cavabı olmayan yüzlərlə problemə çox asanlıqla aydınlıq gətirə bilərik. Məsələn, xərçəng xəstəliyi necə yayılır, metastaz nə deməkdir, yaxud da kəpənək necə metamarfozayaya məruz qalır? Elm hələlik bu qəbildən olan suallara dəqiq və birmənalı cavab verə bilmir. Biz bilirik ki, hər bir növ öz formasında doğulur, inkişaf edir. Kəpənək 4 müxətlif varlıq formasında və bir formadan başqa bir formaya keçməklə mövcud olur. Buradan sual meydana çıxır. Həmin keçidlər necə və nə üçün baş verir? Nə üçün yalnız metamarfozaya bir növ canlı məruz qalır? Hansı zərurətə görə kəpənək 4 müxtəlif varlıq formasında mövcud olur? Çox maraqlıdır ki, Quranda adıçəkilən canlılardan biri ağcaqanaq – kəpənəkdir. Ayədə Allah-təala ağcaqanadı, ondan böüyüyünü və kiçiyini məsələ çəkməkdən utanmadığını bəyan edir. Bu o deməkdir ki, bu canlının həyat forması özündə çox böyük bir dəlildir. Hansı ki, xəlqetmə, yaratma və əmələgəlmə proseslərini özündə təzahür etdirir.
 
- Quranida məhz ağcaqanadın məsəl çəkilməsi nə ilə bağlıdır?
 
-Qurani-Kərimdə məhz ağcaqanadın məsəl çəkilməsi sübut edir ki, bu canlının adı təsadüfə görə hikmətdə yer almamışdır. Təbiətdə yeganə həyat formasına malik olduğundan Qurani-Kərimdə də öz növündən tək onun adı çəkilmişdir. Kəpənəyin mövcudluq forması ilə canlı həyatın əsasını təşkil edən karbon elementinin mövcudluğu uyğundur. Belə ki, karbon yeganə elementdir ki, eyni vaxtda özünün 4 valentinin dördü ilə də müxtəlif elementlərlə rabitəyə girir və buna görə də qeyri-üzvü maddələrdən üzvü maddələrə kçid baş verir. Buradan belə bir nəticə alınır ki, kəpənəyin mövcudluq forması canlı aləmin meydana çıxmasında özündə karbonun qeyri-üzvi aləmdən üzvi aləmə keçiddə oynadığı rola uyğun rol oynayır. Yəni kəpənəyin mövcud olması ilahi proseslərlə dünyəvi proseslərin rabitədə olduğunu sübut edir. Bu da bu dünyanın Allah-təala tərəfindən yaradılması, tənzim edilməsi və nəzarət edilməsini təsdiq edir.
(Ardı var)
Ayxan İLDIRIMTÜRK, "Hürriyyət"