​HİKMƏT CAVADOV KİMƏ XİDMƏT EDİR? - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri haqda sensasion faktlar

Bu günlərdə Ukrayna Ali Radasının bir sıra deputatları Azərbaycan hakimiyyətinin ünvanına kəskin çıxışlar ediblər. Hurriyyet.org xəbər verir ki, ukraynalı deputatlar öz çıxışlarında ABŞ və Qərb dövlətlərini ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə səsləyiblər.
Təbii ki, bu mənzərə xoşagəlməz olsa da, Ukrayna siyasi elitasının Azərbaycan hakimiyyətinə qarşı sərt mövqe tutması heç də səbəbsiz olmayıb. Öncə onu qeyd edək ki, Ukrayna Ali Radası üzvlərinin Azərbaycan iqtidarını tənqid atəşinə tutmasına ilk baxışdan göz yummaq olardı. Ancaq deputatların ABŞ və Qərb dövlətlərini ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə çağırması hər bir Azərbaycan vətəndaşı kimi, bizi də narahat etməyə bilməz. Ən azı ona görə ki, bu sanksiyalardan təkcə məmurlar deyil, həm də vətəndaşlar əziyyət çəkə bilər.
Odur ki, bu çıxışlardan sonra Azərbaycan hakimiyyətinin, daha doğrusu Azərbaycan dövlətinin ukraynalı deputatlar tərəfindən sərt tənqid edilməsinə səbəb olan amilləri ortaya çıxarmağa çalışdıq. Qısa araşdırmamız zamanı məlum oldu ki, Azərbaycanın bizə dost ölkə olan Ukrayna Ali Radasının deputatları tərəfindən “atəşə tutulmasına” səbəb heç də hansısa yüksək səlahiyyət sahibi olan məmurumuz deyil. Sən demə, Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin, belə desək, birtərəfli qaydada gərginləşdirilməsinə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Cavadov Hikmət Əlövsət oğlu səbəb olub. Hansı ki, bu şəxs hazırda Ukrayna hakimiyyətinə qarşı radikal mövqedə duran Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin qatı tərəfdarlarından biri kimi tanınır.

Haşiyə çıxaq ki, Hikmət Cavadov hələ 2015-ci ildə Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu adından Odessa qubernatoru Mixail Saakaşvilinin yaratdığı yeni “Təmizlik Uğrunda Hərəkat”ı dəstəkləmək haqda bəyanatı ilə tanınır. Belə anlaşılır ki, bu şəxs məhz həmin bəyanatdan sonra özünü M.Saakaşvilinin yaxın çevrəsinə daxil edə bilib.
Təsadüfi deyil ki, bir neçə ay əvvəl Saakaşvilini sərhəddə qarşılamağa gedənlər arasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri də var idi. O cümlədən, sonradan Kiyevin mərkəzində keçirilən mitinqlərdə də diaspor rəhbəri aktivliyi ilə diqqəti cəlb edirdi. Hətta Ukrayna müxalifətinin lideri Mixail Saakaşvili etirazçıların Ali Rada qarşısında yaratdığı çadır şəhərciyinə baş çəkərkən, burada Hikmət Cavadovla da görüşmüşdü. Həmin vaxt Azərbaycan mediası yazırdı ki, M.Saakaşvili  H.Cavadovla söhbətində bu mitinqlərə dəstək verdiyi üçün Azərbaycan diaspor nümayəndələrinə təşəkkürünü bildirib:
“Saakaşvili qeyd edib ki, Ukraynadakı azərbaycanlıların ona verdiyi dəstəkdən xəbərdardır və bu barədə məlumatları daimi olaraq izləyir. Öz növbəsində diaspor rəhbəri H. Cavadov da Saakaşviliyə onu sona kimi dəstəkləyəcəklərini və hər gün etirazçıların yanında olduqlarını deyib”.
Məlumata görə, Saakaşvili həmin gün aksiya iştirakçılarını yeməklə təmin edən Azərbaycan diasporunun rəhbəri və digər həmyerlilərimizlə birlikdə şam da edib...

Üstəlik, noyabrın 7-də Mixail Saakaşvili tərəfdarlarının Maydanda keçirilən böyük mitinqində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavdov da çıxış edib və Poroşenko hakimiyyətini istefaya səsləyib.
Şübhəsiz, bütün bunlardan sonra Azərbaycan hakimiyyətini tənqid edən Ukrayna siyasi elitasının üzvlərini yaxşı başa düşmək olur. Ən azı ona görə ki, eyni vaziyyəti biz Bakıda yaşasaydıq, bəlkə də daha radikal qərarlar qəbul edərdik. Məsələn, əgər bu gün Ukraynanın Azərbaycanda Diaspor qurumu, yaxud bir Mədəniyyət Mərkəzi olsaydı və onun rəhbəri Milli Şuranın mitinqində Əli Kərimliyə dəstək versəydi, buna rəsmi Bakının reaksiyası necə ola bilərdi?...
Digər tərəfdən, indiki vəziyyətdə daha bir sual diqqətimizi cəlb edir: Ukraynada mövcud siyasi durumun gərginləşməsi kimin marağındadır? Bu məsələ Azərbaycanın siyasi maraqlarına uyğundur? Təbii ki, birmənalı olaraq “yox” cavabı verə bilərik. Deməli, burada ancaq Rusiyanın marağından söhbət gedə bilər. Bu zaman isə belə qənaətə gəlmək olur ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bu ölkədəki vəziyyəti gərginləşdirməyə xidmət edən addımları ilə birbaşa Rusiyanın siyasətinə xidmət edir. Maraqlıdır, o halda H.Cavadovun Rusiya Federasiyasının xüsusi xidmət oraqanları ilə hər hansı yaxınlığı varmı? Əgər yoxdursa, bəs, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun gücü nə üçün bu ölkədə sabitliyin pozulmasına yönəlib?!...
Zənnimizcə, bu suallara yaxın zamanlarda daha ətraflı cavab vermək mümkün olacaq. Ancaq bizim üçün cavabsız qalana bir sual da odur ki, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev və Diasporla iş üzrə Dövlət Komitəsi hara baxır? Onlar Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu adlı qurumun fəaliyyətindən xəbərsizdir?
Hurriyyet.org
P.S. Əslində, Hikmət Cavadovun Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri vəzifəsinə gətirilməsi heç də təsadüf nəticəsində baş tutmayıb. Bizdə olan məlumatlara görə, H.Cavadov Bakıdakı bəzi məmurlarla əlaqəli şəkildə fəaliyyət göstərir. Görünür, onun dövlətimizin maraqlarına zidd fəaliyyət göstərməsi də Bakıda kimlərinsə siyasi çıxarlarına uyğundur...
P.P.S. Mövzunu davam etdirəcəyik.