Heyvanlardan yoluxan xəstəliklərin sayı niyə artıb? - KORONOVİRUSUN SÜRƏTLƏ YAYILMA SƏBƏBLƏRİ

Baxış sayı:
3517

Çində yayılmış koronavirusla bağlı indiyədək 17 mindən artıq yoluxma halı qeydə alınıb. Bu yoluxmalardan 361 nəfəri ölümlə nəticələnib. Bu rəqəm SARS epidemiyasının yayılması zamanı ölənlərin sayını keçib.

2002 - 2003 illərdə ortaya çıxan SARS epidemiyasının yayılması ilə ümumilikdə 349 nəfər ölüb.

Yanvar ayının əvvəllərində Çində ortaya çıxan, sonradan daha 20 ölkəyə keçən koronavirus barədə xəbərlər dünyanı çalxalayır.

Yeni yoluxucu xəstəliklər, adətən, təkrarlanmır.

Ancaq vəhşi təbiətdən qaynaqlandığı təxmin edilən koronavirus əvvəlcə heyvanlarda yaranan yoluxucu xəstəliklərlə bağlı riskin xeyli artdığını göstərir.

İqlim dəyişikliyi və qloballaşma heyvanlarla insanlar arasında əlaqəyə böyük miqyasda təsir etdiyi üçün ehtimal olunur ki, bu vəziyyət gələcəkdə daha çox problem yaradacaq.

Xəstəlik heyvanlardan insanlara necə yoluxur?

Heyvan xəstəliklərinin təkamül edərək insalara yoluxması halları son 50 ildə bir neçə dəfə baş verib.

1980-cı illərdə yaranmış QİÇS epidemiyası da əslində böyük meymunlardan yoluxmuşdu. 2004-2007-ci illərdə quş qripi, 2000-ci ildə isə donuz qripi yayılmışdı.

2010-cu illərdə SARS virusu ortaya çıxdı - o, yarasalardan müşk pişiklərinə, onlardan da insanlara keçmişdi. Ebola virusu isə insanlara birbaşa yarasalardan yoluxmuşdu.

Əslində, heyvanlardan yoluxma halları əvvəlki dövrlərdə də olub. Son zamanların yoluxucu xəstəlikləri də daha çox heyvan mənşəlidir.

Ətraf mühit amilləri bu prosesi daha da sürətləndirir.

Bundan başqa, şəhərlərdə getdikcə daha çox insanın yaşaması və beynəlxalq səyahətlərin artması bu xəstəliklərin insanlar arasında daha sürətlə yayılmasına səbəb olur.

Viruslar növdən-növə necə keçir?

Heyvanlarda müxtəlif xəstəlik mikrobları, bakteriyaları və viruslar var.

Onların uzun müddət həyatda qala bilmələri və nəsillərinin tükənməməsi özlərinə yeni "yaşayış yeri" tapması sayəsində mümkün olur.

Yoluxmaya məruz qalmış orqanizmin immun sistemi mikrobları öldürməyə çalışır. Bu zaman iki canlı növü arasında təkamül savaşı başlayır, getdikcə proses sağ qalmaq mübarizəsinə, yəni rəqibini öldürmə cəhdinə çevrilir.

Məsələn, 2003-cü ildəki SARS epidemiyasında bu virusa yoluxanların 10 faizi ölmüşdüsə, klassik qrip cəmi 1 faizin həyatına son qoymuşdu.

Ətraf mühitin və iqlimin dəyişməsi heyvanların yaşayış sahələrini yox edir. Onlar yeni ərazilər tapmaq, həyat tərzlərini və yemlərini dəyişmək məcburiyyətində qalırlar.

Əslində, son 50 ildə insanların da həyat tərzi dəyişib. 50 il əvvəl insanların 35 faizi şəhərdə yaşayırdısa, hazırda bu nisbət 55 faizə yüksəlib.

Vəhşi təbiətdə yaşamalı olan heyvanlara artıq böyük şəhərlərdə də rast gəlmək olur. Məsələn, yenotlar, sincablar, tülkülər, quşlar, çaqqallar və meymunlar şəhər ərazilərindəki yaşıllıqlarda, parklarda və ya zibilliklərdə yaşayır, vəhşi təbiətlə müqayisədə burda daha asan yem tapırlar. Nəticə etibarilə yeni yaranana yoluxucu xəstəliklər şəhərləri bir "əritmə qazanxanasına" çevirir.

Risk qrupları

Özünə təzə "ev" tapan yeni yoluxucu xəstəliklər, adətən, daha təhlükəli olurlar. Ona görə də, bu, alimləri xüsusilə narahat edir.

Bəzi əhali qrupları yoluxmalara daha əlçatandır. Məsələn, yoxsul işçilər, şəhərlərin daha kirli yerlərində yaşayanlar, təmizlik və tibb sahələrində çalışanlar xəstəliklərin qaynağına daha yaxındırlar və onlar arasında yoluxma riski daha böyükdür.

Daha az qidalanan, daha kirli havayla nəfəs alan və daha kirli yerlərdə yaşayanların immun sistemi zəif olduğu üçün onlar xəstəliklə mübarizədə çətinlik çəkirlər. Bəzilərininsə tibbi xidmətlərdən yararlanmaq imkanı olmur.

Böyük şəhərlərdə insanlar sıx yaşadıqları üçün virusların insandan insana keçməsi çox sürətlə baş verir. Bir-birinə yaxın məsafədə eyni havayla nəfəs almaq və eyni səthlərə toxunmaq yoluxmanı sürətləndirir.

Bəzi xalqlar hətta böyük şəhərlərdə də vəhşi təbiətdən qida təminatı kimi istifadə edirlər. Məsələn, şəhərdə ələ keçirilən və ya ovlanan vəhşi heyvanları kəsib yeyirlər.