“Heykəl məhbusu” həbsxanada işğəncələrə məruz qalır...

Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən gənc fəal Qiyas İbrahimov işgəncələrə məruz qalır.
 
 Bu barədə onun anası Şura Əmiraslanova bildirib. O, Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmək niyyətindədir.
Qiyas İbrahimov və Bayram Məmmədov ötən ilin mayında Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqdan sonra həbs olunublar. Gəncləri qanunsuz narkotik dövriyyəsində ittiham edərək 10 il azadlıqdan məhrum ediblər.
“Amnesty International” (Beynəlxalq Əfv) hüquq-müdafiə təşkilatı onları "vicdan məhbus"u elan edib.
Bu günlərdə Q.İbrahimov 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb və dərhal işgəncələrə məruz qalıb, onun anası bildirib.
"Koloniyanın rəisi və rəis müavini Qiyası döyüb. Odur ki, mən Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəm", ana bildirib.
Qiyas İbrahimov koloniyadan məktub göndərərək həyatının təhlükədə olduğunu bildirib.
Belə ki, koloniyaya köçürüldüyü ilk gün onu "yoxlamaya mane olmaqda", "suallara səmimi cavab verməməkdə" günahlandıraraq 15 sutkalığa cərimə kamerasına (karser) salıblar.
Sonra onu koloniya rəisi Şakir Qəniyevə qarşı kobudluq etməkdə günahlandırıblar.
Ş.Qəniyev onu döyüb, təhqir etdikdən sonra əllərini qandallayıb və rəis Fikrət Qafarovun yanına aparıb. Orada döyməyə davam ediblər. Nəticədə Qiyasın qulağında şiş əmələ gəlib.
"Sən çox danışırsan, ağıllanmalısan, qanun deyirsən, budur mənim qanunum, xoşuna gəlirmi?" Q.İbrahimov məktubunda koloniya rəisinin sözlərindən sitat gətirib.
Rəis onu Qobustan qapalı həbsxanasına göndərməklə hədələyib.
Penitensiar Xidmətdən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildiriblər ki, Qiyas İbrahimovun söylədikləri əsassızdır, ona qarşı heç bir işgəncə olmayıb. O, digər məhbuslarla eyni şəraitdə saxlanılır.