"Heykəl məhbusları" niyə yenidən təzyiqlərə məruz qaldı? - TƏHLİL

Baxış sayı:
7585

Prezident İlham Əliyevin mart ayında əfv etdiyi məhbsular arasında iki heykəl məhbusu da vardı - Qiyas İbrahimov və Bayram Məmmədov.

Gənclər 2016-ci ilin may ayında, hazırkı prezidentin atası - mərhum Heydər Əliyevin abidəsinin pyedestalına qrafiti yazandan sonra həbs olunmuşdular.

Qrafiti hər il keçirilən Gül bayramı ilə bağlı idi və abidə pyedastalında "Gül Bayramı" əvəzinə "Qul Bayramı" münasibətilə təbrik yazısı əks olunurdu.

Rəsmi olaraq narkotiklə bağlı qanun maddəsinə görə məhkəməyə cəlb edilən gənclərin cəzası, başqa siyasi məhbuslara verilən cəzalara nisbətdə, qeyri-adi yüksək həbs müddəti ilə seçilirdi.

Sərtliyinə görə o, yalnız sabiq səhiyyə nazirinə verilən cəza ilə müqayisə oluna bilərdi.

Beynəlxalq insan hüquqları təşkilatları hər iki nəfəri "vicdan məhbusu" tanıyaraq ittihamların əsassız olduğunu izhar etdilər.

Amnesty International təşkilatının nümayəndəsi həbs cəzasını "ədalətin ələ salınması" kimi səciyyələndirdi.

Mənbələrə əsasən, mərhum prezidentin təhqirinə görə, qrafiti yazanlardan ictimai üzrxahlıq tələb edilirdi və buna nail olmaq üçün məhbuslar polis tərəfindən bərk döyülmüşdü.

Onlara söz verildi ki, üzr istəsələr azadlıqda qalacaqlar. Lakin seçim qarşısında olan gənclər əqidələrinə sadiq qalmağı məhbəsə getməkdən üstün tutdular.

Qiyas İbrahimov və Bayram Məmmədov demokratik təmayüllü NİDA gənclər hərəkatının üzvləri idi və əvvəllər heç bir hüquqi məsuliyyətə cəlb olunmamışdırlar.

Hər iki gənc yaxşı tələbə olub. Onlar hətta televiziya şousuna qatılaraq intellektual müsabiqədə qələbə qazanmağa müvəffəq olublar.

Həbs yalnız təhdid üsulu deyil

Xüsusi tədqiqatlarda diktatorların iki əsas idarə üsulu qeyd olunur - bunlar təqib və kooptasiyadir (seçilməmiş şəxslərin seçkili orqana daxil edilməsi - red.).

Əhaliyə nəzarət etmək və hakimiyyəti əlində saxlamaq istəyən diktatorlar öz opponentləri və daha geniş müxalif elektorata qarşı repressiyalar tətbiq edirlər.

Sabiq sovetlər məkanında bu, seçki pozuntularına görə legitim əhali dəstəyini əvəzləyən vasitədir.

Azərbaycanda keçirilən əksər seçkilər beynəlxalq müşahidəçilərin ciddi tənqidinə məruz qalıb.

Neftlə zəngin dövlətdə avtokratların, potensial rəqibləri və ya sosial təbəqələri öz hakimiyyət bazasını formalaşdırmaları üçün cəlb etməyə geniş imkanları var.

Lakin belə görünür ki, hakimiyyəti əlində saxlamaq üçün hətta Azərbaycan kimi varlı ölkədə kooptasiya kifayət etmir.

Buna görə də, "qorxutma" avtokratik rejimin əsas məhək daşlarından biridir və opponentlərin həbsi avtokratlar üçün əsas üsullardan biri olaraq qalmaqdadır.

Azərbaycanda siyasi məhbusların sayının yüksək olması (51 siyasi məhbusun əfvlə azadlığa çıxmasından sonra, müxtəlif dəyərləndirmələrə əsasən, dəmir barmaqlıqlar arxasında hələ də 62-dən 86-ya kimi məhbus qalır) həm repressiya səviyyəsini, həm də cəmiyyətin kooptasiya və repressiya vasitələrinə qarşı müqavimət potensialını göstərir.

Azərbaycanda həm təbliğat, həm də senzura mövcuddur. Bu, tam nəzarət altında olan TV və dövrü mətbuatda qeyri-rəsmi şəkildə həyata keçirilir.

İnformasiya "həddini aşanlara" qarşı repressiv cəzalar tətbiq olunur. "Qrafiti məhbuslarının" işi bu cür qeyri-rəsmi senzuranın nümunəsidir.

Bu arada opponentlərin məhbəsə atılması repressiv idarəçiliyin məntiqini də üzə çıxarır.

2000-2010-cu illər arasında ən uzun həbs cəzaları oliqarxlara (sabiq nazirlər) və Bayram və Qiyas kimi gənc fəal və bloqçulara verilib.

İqtidar nümayəndələri hakimiyyətə qarşı əsas təhlükənin daxildən (hakim dairələrdən) və yeni nəsildən irəli gəldiyini görür.

Lakin dəmir barmaqlıqlar arxasında potensial cəhətdən bütün müxalif qrupların nümayəndələrini görmək olar.

Bunlar jurnalist, bloqçu, dini, siyasi və vətəndaş cəmiyyətinin fəallarıdır.

Hakimiyyət və onun rəmzləri

Avtokratlar idarəçilikdə hakimiyyət rəmzlərindən geniş istifadə edir.

Şəxsiyyətə pərəstiş öz təzahürünü saysız abidə, küçə, meydan, qurum və mühüm yerlərə adların verilməsində tapır.

Onlardan biri də Azərbaycan paytaxtı Bakıda Zaha Hadid tərəfindən inşa edilmiş Heydər Əliyev Mərkəzidir.

Digər tərəfdən başqa tarixi şəxsiyyətlərin adları yığışdırılır. Belə hallara şəhər mərkəzində Məmməd Əmin Rəsulzadəyə büst qoymaq planının ləğvi də aiddir.

Bakı
Bakıda Zaha Hadid tərəfindən inşa edilmiş Heydər Əliyev Mərkəzi

Şəxsiyyətə pərəstiş və hakimiyyət rəmzləri iqtidarın kimin əlində olduğunu daima xatırlatmalı, hakimiyyətin harada mərkəzləşdiyini yaddaşlarda həkk etməlidir.

Tarixin yenidən yazılması propaqandanın tərkib hissəsidir və diktatorların hakimiyyətdən möhkəm yapışması üçün yollardan biridir, çünki diktatura idarəetməsinin tarixi repressiyalara dayalıdır.

Bu, həmçinin təhdid əlamətidir, çünki diktatura idarəçiliyi adətən repressiya üzərində qurulur.

Belə rəmzlərin birində peyda olan qrafiti yalnız idarəçiliyə qarşı etiraz ifadəsi deyil.

O, həmçinin qorxu simvolunu sual altına alan aksiya, təhdidə əsaslanan hakimiyyətə qarşı itaətsizlik nümayişidir.

Bu baxımdan qrafiti fərdi iradənin dövlət maşını və sistem üzərində qələbəsidir.

Siyasi məhbuslar və sövdələşmə vasitəsi

Siyasi zəmində həbslər, dissidentlərlə fəalların təcridi və hədələnməsindən başqa daha bir məqsədə xidmət edir.

Bu, demokratikləşmə ilə bağlı Qərblə aparılan danışıqlarda sövdələşmə vasitəsi ola bilər.

Siyasi məhbusların həbsi və ya azad olunması idarəçilik üslübunda dəyişiklik tələb etmir, ancaq rəhbərin mümkün dəyişiklər niyyətinə işarə vurmuş ola bilər.

Siyasi məhbus beynəlxalq səhnədə yüksək statusa malikdirsə, onu azad etməyin siyasi qiyməti də bir o qədər yüksəkdir.

Belə yolla hökmdar daxili və xarici auditoriyada yanlış təsəvvür yarada bilər - o, ölkədə real dəyişiklərə başlamaq barədə müsbət niyyəti siqnal göndərər, əslində ona əməl etməz. Və yaxud da hesabatlara Qərb tərəfdaşları ilə danışıqların "uğuru" kimi düşməsi üçün o, siyasi məhbusların bir hissəsini həbsdən azad edə bilər.

Son əfvlə azadlığa çıxan siyasi məhbusların sayı misilsiz dərəcədə yüksək olub, lakin əfv fərmanı yeni həbslərlə müşayiət olunub. Müxalifəti maliyyələşdirməkdə ittiham edilən sahibkar 7 il müddətinə azadlıqdan məhrum edilib və heykəl məhbusu Bayram Məmmədov yenidən həbs olunub.

Təkrar həbslər rejimin zəifliyinə işarə edirmi?

Prezidentin əfv fərmanı ilə azadlığa çıxandan cəmi iki həftə keçmiş Bayram Məmmədov polis tərəfindən təkrarən saxlanılıb.

O, saxlanmasını sosial mediada canlı yayımladıqdan sərbəst buraxılıbO, hökuməti tənqid edərək qrafiti yazmağına görə təəssüf hissi keçirmədiyini bildirirdi.

Bənzər taktika Avropa İnsan haqları məhkəməsinin İlqar Məmmədovu azad etmək tələbinə dəfələrlə məhəl qoymamasında da özünü biruzə vermişdi - deyilənə görə, onun azad edilməməsinin (o ötən ilin sonunda azad edildi) səbəbi siyasətçinin əfv olunmasını istəməməsi idi.

Bunlar, fəalların həbsinə dair, hakimiyyətin necə bir münasibət bəslədiyini başa düşmək üçün həlledici məqamdır.

Yuxarıda qeyd etdiyimiz informasiya nəzəriyyəsinə əsasən gücə əl atmaq sistemin qüdrətini yox, qüsuru və zəifliyini nümayiş etdirir.

Hakimiyyət qorxuya və işgəncəyə sinə gərərək iqtidara qarşı çıxan gənc tələbənin dəyərlər sistemini və mövqeyini təcrid və işgəncə vasitəsilə dəyişdirməyə nail ola bilmədisə, bu hakimiyyətin artan zəifliyinə işarə edən ilk əlamətdir.

Bu deməkdir ki, fərqli fikri boğmaq üçün kooptasiya və repressiyaya əl atan hakimiyyət sülhsevər fərdi vətəndaşla "döyüşdə" məğlubiyyətə uğrayıb.
Leyla Əliyeva
​Təhlilçi, Oxford Universiteti