HEYDƏROVDAN GENERAL YERDƏYİŞMƏSİ – Deputatın qardaşına vəzifə verdi

Baxış sayı:
11815

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov vəzifəsindən azad edilib. Bu barədə “AzPolitika.info”ya məlumatlı mənbə bildirib. Pənah Süleymanovun fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə nazir Kəmaləddin Heydərovun etimadını itirdiyi və vəzifəsindən azad olunduğu bildirilir. Artıq onun yerinə təyinat da olub. Belə ki, saytımıza verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsinə general-mayor Baba Salayev gətirilib. O, dördüncü müddətdir ki, parlamentin deputatı olan Hacı Salayevin qardaşıdır. Maraqlıdır ki, bu təyinatla Baba Salayev son iki ildə 3-cü vəzifəni almış olub. Belə ki, Baba Salayev 2016-cı ilin yanvarında Dövlət Gömrük Komitəsinın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilmişdi. Ondan əvvəl isə B.Salayev Balakən rayonunun Gömrük İdarəsinin rəisi vəzifəsini tutub. 2017-ci ilin yanvarında Prezidentin sərəncamı ilə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib. Ancaq bu ilin may ayında Baba Salayev cəmi iki il işlədiyi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən çıxarıldı. Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin olunduqdan sonra komitədə aparılan kadr islahatları çərçəvəsində B.Salayevi də tutduğu vəzifədən azad etdi. “Dövlət Gömrük Komitəsi qanunsuz əməllərə qətiyyən yol verməyəcək. Bu istiqamətdə müşavirələr keçirilib və məsul şəxslərə xüsusi tapşırıqlar verilib. Bundan sonra da şəffaflıq və prezidentin apardığı islahatların daha da dərinləşdirilməsi istiqamətində işlər davam etdiriləcək”, – deyən S.Mehdiyevin bir sıra vəzifəli şəxs kimi B.Salayevi də məhz bu kriteriyalara uyğun görmədiyi üçün vəzifədən azad etdiyi bildirilirdi. Ancaq onun işdən çıxarılmasının səbəbini fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı olması ilə izah edənlər də var idi. Təsadüfi deyil ki, Baba Salayev Gömrük Komitəsində işdən çıxarıldıqdan sonra nazir Kəmaləddin Heydərov onu Fövqəladə Hallar Nazirliyində sərəncama götürdü və dünən artıq o, FHN Akademiyasına rəis təyin olunub. Vəzifəsini tez-tez dəyişən B.Salayevin burda nə qədər qalacağını isə zaman göstərəcək.