HEYDƏR PARKINDA YAŞILLIĞIN YERİNDƏ OBYEKT TİKİLİR – İcra başçıları prezidentin tapşırığına əməl etmir - FOTOLAR

Baxış sayı:
5377

Bir müddət öncə Prezident İlham Əliyev yaşıllıqların məhv edilərək yerində obyektlər tikənlərin cəzalandırılacağını bildirdi. Bundan sonra icra başçıları bu obyektlərdən guya xəbərsiz olduqlarını , icazəsiz tikildiyini bildirib, işləri dayandırdılar. Fakt budur ki, işlər dayandırılsa da, yarımçıq qalmış tikililər də yerində qalır, onları sökməyi nədənsə fikirləşmirlər. Bakının bütün rayonlarında yaşıllıqların daş obyektlərlə əvəzlənməsi prosesi gedir və artıq əminliklə demək olar ki, ağac adına nəsə tapmaq yaxında mümkün olmayacaq... Şəhərin qıraq rayonları yaşıllığa qənim kəsilməkdə öndədir. Özəlliklə Nizami, Sabunçu, Suraxanı, Xətai rayonlarının icra hakimiyyətləri ağacların qırılmasında yarışa giriblər. Nizami rayonunda artıq Heydər parkındakı ağacları ticarət obyektlərinə qurban verirlər. Özü də Bakı Şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin “xeyir -duası” ilə. Metronun “Xalqlar Dostluğu” stansiyasının çıxışındakı Bəhruz Nuriyev küçəsində yerləşən Heydər parkında hazırda şıdırğı obyekt tikintisi gedir. Şıdırğı yağan yağışın müvəqqəti dayandırdığı tikinti BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 300 metrliyindədir. Həmin obyektin gecə çəkilmiş fotosundan (icra qoçuları və parkın qarovul dəstəsi gündüz şəkil çəkməyə imkan vermirlər) obyektin oradakı dekorativ küknar ağaclarının yerində salındığı görünür. Onu da vurğulayaq ki, parkın “Qrandmart” supermarketi olan hissəsində prezidentin məlum hədələməsindən sonra yarımçıq qalan tikili də piyada yolunda hasarlı şəkildə qalır. Eləcə də Naxçıvanski küçəsindəki yarımçıq qalmış obyekt də sökülməyib . Görəsən, nəyi gözləyirlər? Prezidentin barmaq silkələməsindən sonra tikintini davam etdirməkdən çəkilənlər yumşalmaya ümid edirlər? Parkda obyekt tikilməsi nə şəhərsalma normalarına uyğundur, nə də prezidentin tövsiyələrinə. 2 gün sonra prezidentin doğum günüdür... Prezidentə ən böyük hədiyyə isə, özünün dediyi kimi, xalqa layiqincə xidmət etməkdir. Parkda ağacları kəsib, yaşıllığı məhv edib obyekt tikmək -xalqa xidmət sayılmır. Muxalifet.az