​“Heydər Əliyev Nəcməddin Sadıkovu formal olaraq vəzifədə saxlayırdı”

Sərdar Cəlaloğlu: “Putinin Azərbaycana gəlişinin səbəbi Nəcməddin Sadıkovun yenidən işə qaytarılması və orduda mövqeyinin gücləndirilməsi ilə bağlı idi...”

“Əgər dinimizə Rusiyaya, şəxsən Putinə sədaqətli olduğunu deyən bir adam nəzarət edirsə, deməli, ordumuza da, iqtisadiyyatımıza da, maliyyəmizə də, başqa sahələrimizə də belə nəzarət edənlər var”

“Nəcməddin Sadıkovun Rusiyanın keçmiş müdafiə naziri Kvaştinə hətta hərbi sirr xarakteri daşıyan material ötürməsi, sonra Rusiyanın Müdafiə Nazirliyi və Rusiya Təhlükəsizlik Nazirliyi ilə telefon əlaqələri saxlaması ilə bağlı şəxsən Heydər Əliyevə təkzibedilməz faktlar verilmişdi...”

"Nəcməddin Sadıkovun bəzi iqtisadi fəaliyyətində həm də Vergilər Nazirliyinin müavini Natiq Əliyev aktiv şəkildə iştirak edir, ondan əvvəl isə baş nazirin müavini Abbas Abbasov iştirak edib...”

“Nəcməddin Sadıkovun toxunulmazlığı Azərbaycan dövlətinin təmsilçisi olması ilə deyil, əksinə, xarici bir gücün Azərbaycandakı nümayəndəsi olması ilə bağlıdır”

Son vaxtlar Azərbaycan müdafiə naziri Zakir Həsənovla Baş qərargah rəisi Nəcməddin Sadıkov arasında münasibətlərin gərginləşdiyi iddia olunur. Bildirilir ki, hazırda Zakir Həsənova tabe olmayan, birbaşa Nəcməddin Sadıkovun iradəsi altında fəaliyyət göstərən hərbçilər onlara verilən təlimat əsasında nazirin əleyhinə ciddi fəaliyyətə keçiblər. Məlumata əsasən, aprel əməliyyatlarından sonra Zakir Həsənovun nüfuzunun sürətlə artması istər Milli Ordudakı, istər də ümumilikdə Azərbaycan hakimiyyətindəki ruspərəst məmurları ciddi hərəkətə gətirib. Bu səbəbdən də konkret olaraq Müdafiə Nazirliyində Baş qərargah rəisinin göstərişi ilə naziri nüfuzdan salmaq, orduda və cəmiyyətdə barəsində yanlış informasiyların yayılması istiqamətində təbliğata start verilib. 
Maraqlıdır, Rusiyaya bağlı qüvvələrin Milli Ordudakı bu əməlləri 4 günlük aprel döyüşlərindən sonra cəmiyyətdə yüksələn vətənpərvərlik ruhunu və insanların orduya inamını sarsıtmağa xidmət etmir? Bu və digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə cavab tapmağa çalışdıq.

- Sərdar bəy, Sizcə, Milli Ordudakı bu xoşagəlməz hadisə Rusiya tərəfindən ortaya atılan məqsədli bir planın tərkib hissəsi ola bilərmi? 

- Əvvəla, 4 günlük müharibə və bundan əvvəlki illərdə Azərbaycanın apardığı bütün hərbi əməliyyatlarda bir çılpaq həqiqət olduğu kimi təsvir olundu ki, Azərbaycan ordusuna təkcə Azərbaycan hakimiyyəti yox, həm də xarici qüvvələr nəzarət edir və onlar orduda özlərinin səlahiyyətli nümayəndələrini yerləşdiriblər. Azərbaycan ordusunda Səfər Əbiyevdən sonra onun bütün komandasının dəyişilməsinə baxmayaraq, məsələn, Nəcməddin Sadıkov 20 ildən artıqdır ki, hələ də müəmmalı şəkildə eyni vəzifədə qalmaqdadır. Bu fakt istər-istəməz sual doğurur: necə ola bilər ki, bir-birinin ardınca müdafiə nazirləri dəyişir, ciddi nöqsanlar aşkar olunur, bir ordununu ikinci şəxsi - ən mühüm strukturunun başçısı bu məsələlərin heç birində məsuliyyət daşımır?! Ordu məğlub da olsa, qalib də gəlsə, böyük itkilər də versə, bu adamın adı ümumiyyətlə hallanmır. Üstəlik, bu yaxınlarda ona müəmmalı şəkildə Azərbaycanın ən böyük dövlət mükafatı da verildi. Lakin açıqlanmadı ki, bu adamın xidmətləri nədən ibarətdir.
Eləcə də 4 günlük müharibədə 2 fakt ortaya çıxdı. Birincisi, bəzi saytlar yazdı ki, Zakir Həsənov istefa verib. Sonradan bunun yalan olduğu məlum oldu. İkincisi, Nəcməddin Sadıkovun işdən qovulması, çıxarılması məsələsi ortaya çıxdı və yenidən bu xəbər təkzib edildi. Hər iki fakta eyni dərəcədə yanaşdıqda belə aydın olur ki, orduda artıq iki baş var: biri Zakir Həsənov və onun başçılığı altında olan qüvvələr var, digəri Nəcməddin Sadıkov və onun başçılığı altında olan qüvvələr. Buradan da Nəcməddin Sadıkovla Zakir Həsənov arasında çox ciddi bir ziddiyyət olduğu məlum olur. Təbii ki, bunların da orduda, cəmiyyətdə öz tərəfdarları var və deyilən məlumatlar da bu məsələni ortalığa çıxardır.
Azərbaycanda uzun illərdir belə bir fikir hakimdir ki, Nəcməddin Sadıkov həqiqətən də Rusiyanın Azərbaycan Milli Ordusundakı emissarıdır. Bunu sübut edən çoxlu faktlar da var. Nəcməddin Sadıkov Dağıstanın milli qəhrəmanıdır, Dağıstanda heykəli qoyulub, Dağıstanda adına küçə var, bacısı orda məktəb direktorudur, yeznəsi pedoqoji universitetin direktorudur, eləcə də onun Dağıstanda, Rusiyada və digər xarici ölkələrdə böyük biznesi var. Ancaq Nəcməddin Sadıkov barəsində mətbuatda həddən artıq qəribə məlumatlar çıxsa da, bir dəfə də olsun Azərbaycan Müdafiə Nazirliyinin nə keçmiş, nə də indiki rəhbərliyi, nə də Ali baş komandan onun fəaliyyəti ilə bağlı ciddi bir tədqiqat aparıb, xalqa da bu haqda məlumat vermir. Bütün bunlar göstərir ki, Nəcməddin Sadıkovun toxunulmazlığı var. Bu toxunulmazlıq Azərbaycan dövlətinin təmsilçisi olması ilə deyil, əksinə, xarici bir gücün Azərbaycandakı nümayəndəsi olması ilə bağlıdır. Xatırlayırsınızsa, Saakaşvili bu yaxınlarda müsahibəsində bildirmişdi ki, hakimiyyətə gələrkən Putin Gürcüstan milli təhlükəsizlik nazirini ona tapşırıb. Əgər Gürcüstan kimi Rusiyaya dini, mədəni baxımdan kifayət qədər yaxın olan bir ölkənin hərbi strukturlarına Putin öz adamını yerləşdiribsə və açıq şəkildə deyirsə ki, mənim adamımdır, əlbəttə, Azərbaycan kimi düşmən mövqedə olan ölkənin də müxtəlif strukturlarına Rusiya öz adamlarını yerləşdirməyə cəhd etməlidir. Məsələn, götürək Qafqaz Müsəlmanları İdarəsinin başçısı, Şeyxülislam Allahşükür Paşazadəni. Allahşükür Paşazadə açıq şəkildə deyib ki, “mən Putinə sədaqətliyəm...” 

- Hesab edirsiniz ki, Allahşükür Paşazadə də birbaşa Putinin adamıdır?

- Əgər deyirsə ki, “mən Putinə sədaqətliyəm”, bunu başqa cür necə başa düşmək olar?! Üstəlik, Sovet hökuməti vaxtında da onun Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olduğu müəyyən olunmuşdu. O vaxt bu barədə çox geniş məlumat yayılmışdı. Sonra da özü deyirsə ki, “mən Putinə sədaqətliyəm”, demək, deyilənlər həqiqətdir. Halbuki, o, Azərbaycan vətəndaşıdır, Putin isə kitab əhlidir. Quranda da əmr var ki, kitab əhlini özünüzə dost tutmayın, onlar sizi öz yolunuzdan sapdırarlar, müsəlman müsəlmanın qardaşıdır və s. Allahşükür müsəlmandırsa, kitab əhli olan Putinə necə sədaqətli ola bilər? Onda belə çıxır ki, Qurana zidd hərəkət edir.

- Belə anlaşılır ki, Rusiya Azərbaycanda təkcə ictimai-siyasi, hərbi proseslərə deyil, dinimizə də nəzarət edir...

- Əlbəttə. Əgər dinimizə Rusiyaya, şəxsən Putinə sədaqətli olduğunu deyən bir adam nəzarət edirsə, deməli, ordumuza da, iqtisadiyyatımıza da, maliyyəmizə də, başqa sahələrimizə də belə nəzarət edənlər var. Məsələn, mənim əlimdə belə fakt var ki, Nəcməddin Sadıkovun bəzi iqtisadi fəaliyyətində həm də Vergilər Nazirliyinin müavini Natiq Əliyev aktiv şəkildə iştirak edir, ondan əvvəl isə baş nazirin müavini Abbas Abbasov iştirak edib və s. Bu onu göstərir ki, Rusiyanın maraqlarını müdafiə edən adamlar müəyyən mənada bir yerdə əməkdaşlıq da edirlər, Rusiya ilə müəyyən iqtisadi işlər də görürlər. Bu baxımdan mən belə hesab edirəm ki, 4 günlük müharibə yalnız bizim hərbi potensialımızı yox, həm də hərbidə olan çox ciddi qüsurlarımızı üzə çıxartdı. Bu qüsurlardan biri də, dediyim kimi, xarici ölkələrin Müdafiə Nazirliyini nəzarətə almaq və Azərbaycanın hərbi qüvvələrini öz təsiri altında saxlamaq cəhdidir. Bunun da ən acı nəticələrindən biri “Bordo Bərəlilər”in məhv olunmasıdır. Hansı ki, onların xəyanət nəticəsində məhv olması haqda informasiyalar var. İddia olunur ki, onlara döyüş tapşırığı verilib, sonradan həmin döyüş tapşırığının düzgün olmadığı ortalığa çıxıb və onlar düşmən tərəfindən mühasirəyə salınaraq tamamilə məhv edilib. 

-Hesab edirsiniz ki, burda da Azərbaycan ordusundakı ruspərəst hərbçilərin rolu olub?

-Bəli. Mən belə hesab edirəm ki, burda aşkar xəyanət faktı mövcuddur. Ümumiyyətlə, bizim 1988-1990-cı illərdən bu tərəfə, hətta ondan əvvəlki dövrlərdə də ermənilərə qarşı bütün məğlubiyyətimizin arxasında ruslar dayanır. Bilirsiniz, sovet hökumətinin vaxtında - Qarabağ münaqişəsi başlayanda ruslar Azərbaycandan silahları yığdılar, erməniləri isə əksinə silahlandırdılar. Sonra Azərbaycan Mərkəzi Komitəsi imkan vermədi ki, Ermənistandan köçürülən azərbaycanlılar Dağlıq Qarabağa yerləşdirilsin, əksinə Bakıdan və digər ölkələrdən köçürülən ermənilər Qarabağa yerləşdirildi. Bu da Rusiyanın nəzarəti altında baş tutdu. Daşaltı əməliyyatında və həmin dövrdə Şuşanın, Laçının və Kəlbəcərin işğalında, o cümlədən Xocalı soyqrımının törədilməsində rus qoşunlarının iştirakı hamımıza məlumdur. Yəni bizim elə bir məğlubiyyətimiz olmayıb ki, həmin məğlubiyyətdə Rusiyanın izləri olmasın. 
Bu baxımdan 4 günlük müharibədə nəzərdə tutulandan artıq itki verməyimizi və daha az nailiyyət əldə etməyimizi də Milli Ordudakı ruspərəst qüvvələrin fəaliyyəti ilə əlaqələndirirəm.

- Bəzi məlumatlara görə, Nəcməddin Sadıkovun fəaliyyəti ilə bağlı keçmiş nazir Səfər Əbiyev tərəfindən dəfələrlə prezidentə məlumat verilib...

- Nəinki Səfər Əbiyevin, hətta Heydər Əliyevin vaxtında Nəcməddin Sadıkovun Rusiyanın xüsusi kəşfiyyat orqanı və Müdfiə Nazirliyi ilə əməkdaşlıq etməsi ilə bağlı məlumat verilib. Həmin vaxt Heydər Əliyev Nəcməddin Sadıkovu işdən çıxarmasa da, müəyyən müddət ərzində ordunun daxilindəki səlahiyyətlərini əlindən alıb. Lakin Heydər Əliyevdən sonra yenidən Nəcməddin Sadıkov aktuallaşıb. Yəni bu Heydər Əlyevin vaxtında da olan bir şeydir və Nəcməddin Sadıkovun Rusiyanın keçmiş müdafiə naziri Kvaştinə hətta hərbi sirr xarakteri daşıyan material ötürməsi, sonra Rusiyanın Müdafiə Nazirliyi və Rusiya Təhlükəsizlik Nazirliyi ilə telefon əlaqələri saxlaması ilə bağlı şəxsən Heydər Əliyevə təkzibedilməz faktlar verilib. Heydər Əliyev bunları nəzərə alaraq Nəcməddin Sadıkovun fəaliyyətini məhdudlaşdırıb, sadəcə formal olaraq vəzifədə saxlayıb, görünür, Rusiya ilə konfrantasiya olmaması üçün. Amma orduya nəzarət tamamilə əlindən alınıb. Yadınıza gəlirsə, o dövrdə də Nəcməddinlə bağlı belə informasiyalar verilirdi. Amma Heydər Əliyev dünyasını dəyişəndən sonra, yenidən Nəcməddin Sadıkov orduda nəzarəti ələ aldı. 
Hətta bu yaxınlarda ki, deyirdilər Putin Bakıya gəlir, həmin vaxt Nəcməddin Sadıkovun işdən çıxarılması ilə bağlı məlumat olduğundan, belə bir məlumat vardı ki, onun Azərbaycana gəlişinin səbəbi Nəcməddin Sadıkovun yenidən işə qaytarılması və orduda mövqeyinin gücləndirilməsi ilə bağlıdır. Yəni Putin Nəcməddin Sadıkovla bağlı Azərbaycana gəlirdi, Azərbaycan hökuməti onu öz yerinə bərpa edəndən və hətta ona dövlət mükafatı verəndən sonra Putinin səfəri təxirə salındı. Yəni versiyalardan da biri bu idi ki, müharibədən sonra Putinin Azərbaycana gəlməsinin səbəbi məhz Nəcməddin Sadıkovu öz vəzifəsinə qaytarmaq, onun mövqeyini Azərbaycanda möhkəmləndirmək olub. Azərbaycan hökuməti könüllü olaraq bunu elədiyinə görə, Putin gəlməkdən imtina edib. 

- Bir halda ki, Heydər Əliyev də vaxtilə Nəcməddin Sadıkovun vəzifə səlahiyyətlərini əlindən almışdı, belə olduğu təqdirdə bu gün İlham Əliyev vaxtilə Saakaşvilinin atdığı addımı nə üçün ata bilmir?

- Bilrsiniz ki, Saakaşvili ilə İlham Əliyev dövlət başçısı kimi tamamilə fərqli yollar tutmuş adamlardır. Saakaşvili Amerikada təhsil almış bir adamdır, həyat yoldaşı hollanddır. Saakaşvili hakimiyyətinin birinci ilində demək olar ki, bütün məmurların maaşını Amerika ödəyirdi, bir çox xərcləri öz üzərinə götürmüşdü. Yəni Gürcüstan tam Amerikanın nəzarəti altındaydı. Təbii ki, belə vəziyyətdə də Rusiyanın maraqlarını müdafiə edən bir qüvvə burda ola bilməzdi. Amma Azərbaycan tarazlaşdırıcı siyasət apardığına görə, Azərbaycanda məmurlar belə deyək, iki yerə bölünür - Rusiyanı müdafiə edən, bir də Avropa və Amerikanı, yaxud da müstəqilliyi müdafiə edən məmurlar. Və zaman-zaman da bu iki qrup arasında ziddiyyətlər meydana çıxır. Sizin dediyiniz kimi, İlham Əliyevin də Saakaşvilinin addımını atmamasının yeganə səbəbi Azərbaycanın tarazlaçıdırıcı siyasət aparmasıdır. Yəni həm orduda Türkiyənin, həm Rusiyanın, iqtisadiyyatda da həm Rusiyanın, həm Avropanın nəzarətini təmin edir. Başqa sahələrdə də bu tarazlıq gözlənilir. Bu baxımdan açıq şəkildə Rusiya ilə əməkdaşlıq edən, Rusiyanın burdakı emissarı sayılan insanlar demək olar ki, hakimiyyətdən uzaqlaşdırılmır. Məsələn, bilirsiniz ki, Allahşükür də bu günə qədər Azərbaycan hökumətinin ən sevimli kadrlarından biridir, halbuki açıq şəkildə özünün Putinə sədaqətli olduğunu bəyan etmiş bir adamdır. Yəni Azərbaycanda olan ruspərəst qüvvələr Rusiyaya olan münasibətlərini də gizlətmirlər. 

- Aprel döyüşlərində “Bordo Bərəlilər”in xəyanətə qurban verildiyini qeyd etdiniz. Bu gün də Azərbaycan Milli Ordusunda, xüsusən də Zakir Həsənovla Nəcməddin Sadıkovun tərəfdarları arasında böyük parçalanmalar olduğu qeyd edilir. Belə bir vəziyyətdə biz hansı məntiqlə deyə bilərik ki, torpaqlarımızı hərbi yolla azad etmək qüdrətindəyik?

- Açığını deyim ki, mən ordu haqqında o qədər də aydın təsəvvürə malik deyiləm. Məlumatım yoxdur və orda da ciddi bir parçalanma olub-olmadığını deyə bilmərəm. Amma orduda ikili nəzarətin olduğu dəqiqdir. Yəni müdafiə naziri Zakir Həsənov bir nəzarət mərkəzidirsə, Nəcməddin Sadıkov başqa bir nəzarət mərkəzidir. Bunların da arasında ziddiyyətin olması və müdafiə etdiyi maraqların da zaman-zaman toqquşması burdan meydana gəlir...

- Amma Siz də deyirisiniz ki, “Bordo Bərəlilər” xəyanətə qurban gedib...

- Təbii ki. Mən dedim, 1988-ci ildən bu yana bizim ermənilər qarşısında bütün məğlubiyyətlərimizin və yaxud da gözləniləndən artıq itki verməyimizin arxasında Rusiya və Rusiyanı burda müdafiə edən qüvvələr durur. Mən sadəcə bir faktı sizə deyim ki, hadisələr necə baş verib. 1991-ci ildə Naxçıvanda Sədərək kəndinin mərkəzindəki mədəniyyət evində bizm Özünü Müdafiə Təşkilatının qərargahı yerləşirdi. Həmin qərargahın ətrafında 5 minə yaxın adam vardı. O vaxt hələ Sovet hökuməti də qalırdı, 1 nəfər rus mayoru Ermənistan tərəfdən keçib Sədərəyə gəldi. Həmin qərargahda bizim uşaqlarla güldü, zarafat etdi, sonra çıxıb getdi, Ermənistan tərəfə keçdi. Onun gedişindən 15 dəqiqə sonra həmin iclas gedən otağa ermənilər atəş açdılar və orda 3 nəfərimiz öldü. Onda biz başa düşdük ki, həmin zabit məhz kordinatları vermək üçün bu tərəfə keçib. Yəni rusların bu cür kordinatlar vermək, o tərəfə kəşfiyyat xarakterli materiallar ötürmək və yaxud da məlumatı Ermənistan tərəfə sızdırmaq həm keçmiş müdafiə naziri Rəhim Qazıyevin vaxtında var idi, həm Səfər Əbiyevin vaxtında belə adamlar olub, indi də orduda Rusiya və Ermənistana işləyən adamlar var. Əlbəttə, nəzəri olaraq Amerika, Rusiya kimi inkişaf etmiş dövlətlərin Müdafiə Nazirliyində təhlükəsizlik komitəsinin xarici ölkələrə işləyən əməkdaşları aşkar olunursa, Azərbaycan kimi zəif nəzarət olunan keyfiyyətsiz idarəetməyə malik bir ölkədə yüzlərlə belə agentin olmasını nəzəri olaraq qəbul etməliyik. Hələ nəinki hansısa bir dövlətə, hətta pulla işləyən agentlərin olması, belə deyək, ehtimal edilməlidir. Amma bir də var ki, açıq şəkildə Rusiyanın maraqlarını müdafiə edən adamlar. Məsələn, Allahşükür kimi gizlətməyən, sədaqətini açıq şəkildə bildirən, yaxud da Nəcməddin Sadıkov kimi açıq şəkildə Rusiyaya xidmət edən adamlar. Nəcməddin Sadıkov Azərbaycan Milli Ordusunda heç bir qəhrəmanlıq etməyib, amma Dağıstanın milli qəhrəmanıdır, heykəlini qoyublar, adına küçə var, ikili vətəndaşı var və s. Bilirsiniz ki, Azərbaycanda ikilivətəndaşlıq haqqında qanun yoxdur. Bu adamın ikili vətəndaşlığı var. Necə ola bilər ki, adi bir vətəndaşın ikilivətəndaşlığı olanda bunu aeroportdan geri qaytarırlar, müxtəlif bəhanələrlə hər cür qeyr-qanuni prosedurlar tətbiq edirlər, amma Nəcməddin Sadıkovun ikili vətəndaşlığı var, Azərbaycan ordusunun zirvəsində əyləşən adamlardan biridir. 

- Sizcə, Rusiya vətəndaşının Azərbaycan Milli Ordusunun rəhbərliyində təmsil olunmasının arxasında başqa niyyətlər də var?

(Ardı var) 
Anar HƏSƏNL