“HEÇ RUSİYANI İDARƏ EDƏ BİLMİRLƏR, NƏ SSRİ?” – “Bizim “beşinci kolon”un əsas işi bundan ibarətdir…”

Baxış sayı:
2364

Dünyanı hələ də öz təsiri altında saxlayan koronavirus pandemiyasının ölkəmizin həyatına da mənfi təsiri şübhəsizdir. Bu problemə və pandemiyanın bitməsindən sonrakı perspektivlərə baxış sarıdan müxtəlif yanaşmalar mövcuddur.

Muxalifet.az xəbər verir ki, Azpolitika.info Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludan koronavirus pandemiyası, bundan sonrakı dünya düzəni kimi məsələlərlə yanaşı, son zamanlar bəzi rusiyalı siyasətçilərin SSRİ-nin bərpası ətrafında apardıqları müzakirələrə münasibətini öyrənib.

Partiya sədrilə müsahibəni təqdim edirik:

– Sərdar bəy, pandemiyadan sonrakı mərhələdə dünyada iqtisadi, siyasi və hüquqi münasibətlərin dəyişəcəyi, yeni formulların ortaya çıxacağına dair proqnozlar irəli sürülür. Sizin bu fikirlərə münasibətiniz necədir?

– Bəli, pandemiyadan sonra dünyanın nizamı dəyişəcək. Pandemiya səbəbindən ən çox inkişaf edən Avropa ölkələri çökməkdədir. ABŞ, faktiki olaraq, 1930-cu illərdəki “Böyük depressiya” dövrünə qayıdır. Çin isə əksinə, öz gücünü saxlaya bilib. Ümumiyyətlə, Asiya ölkələrinin iqtisadiyyatına pandemiya az ziyan vurub. Nəticədə, dünyanın iqtisadi ağırlıq mərkəzi Qərbdən Asiyaya doğru meyllənəcək. İqtisadiyyat kimin əlindədirsə, siyasət də onun əlində olur. Görünən odur ki, Rusiya, İtaliya, Fransa, İngiltərə və ABŞ kimi ölkələr kifayət qədər zəifləyəcək.

İkincisi, müşahidə olunan pandemiya dünyada psixoloji şok yaradıb. Dünyada dəyişikliklərin 4 üsulundan biri də psixoloji şokdur. Psixoloji şokun özü hadisələrə yenidən baxmağı, dünyanı yenidən tənzimləməyi tələb edir. Bu mənada həqiqətən də pandemiyadan sonra dünyada ciddi dəyişikliklər baş verəcək.

– Bu dəyişikliklər özünü əsasən nədə göstərəcək?

– Çox güman ki, pandemiya dünyaya yeni münaqişələr gətirəcək. Dövlətlərarası ənənəvi münasibətlər dəyişəcək. Çox fundamental dəyişikliklər müşahidə olunacaq. Diqqət edin, hazırda bəzi Avropa ölkələri və ABŞ Çini beynəlxalq məhkəməyə verməyə hazırlaşır. Söhbət trilyonlarla dollarlıq təzminat iddiasından gedir. Bu, təsadüfi deyil və gözlənilən dəyişikliklərin ilk işartısıdır.

İkincisi, əgər pandemiya səbəbindən ABŞ iqtisadi baxımdan zəifləyəcəksə, bu halda çalışacaq ki, hərbi aqressiyasını artırsın. Eləcə də dünyada çoxlu zəngin ailələr kasıblaşacaq, bəzi kasıblar zənginləşəcək. Bir sözlə, paradoksal yerdəyişmələr müşahidə ediləcək. Faktiki olaraq dünya müharibələri dünyanın gedişatına necə təsir göstəribsə, bu pandemiya da eyni təsiri göstərəcək.

Əgər Amerika öz iqtisadiyyatını bərpa edə bilməsə, mütləq müharibələr olacaq. Avropa və ABŞ durub sakit baxmayacaq ki, Çin dünyaya diktə etsin, dünyanın ağası olsun, hamı da onunla razılaşsın. Odur ki, Çinin ətrafında daha ciddi hadisələr, proseslər olacaq. Bu da o deməkdir ki, Hindistan, Pakistan, Əfqanıstan kimi ölkələr daha çox strateji əhəmiyyət kəsb edəcək. Çünki Çinə qarşı bu ölkələrdən istifadə oluna bilər. Sözsüz ki, Çin gücləndikdən sonra ciddi formada Rusiyaya təhdid yaradacaq. Nəzərə alın ki, Rusiyanın şimal ərazilərinə Çinin iddiaları var. Ola bilər ki, belə situasiyada Hindistanla Çini münaqişəyə cəlb etsinlər. Çünki Çini başqa yolla zəiflətmək mümkün olmayacaq. Bu mənada Yaxın Şərqdə olan destabilizasiya Uzaq Şərqə, Hind-Çin yarımadasına yayıla bilər.

– Siz hesab edirsiniz ki, pandemiyadan sonra dünyada qlobal güc amili Çinin xeyrinə dəyişəcək?

– Çin onsuz da öz iqtisadiyyatına görə dünyada ikinci yerdədir. İnkişaf tempi də yüksək idi. Pandemiya indi ABŞ və Avropanın iqtisadiyyatını dağıdıb. Zəif Rusiya bir qədər də zəiflədi. Ən real proqnoz budur ki, Çin iqtisadi cəhətdən önə çıxacaq və ABŞ-ın əlindən birinciliyi alacaq. Əgər ABŞ Çin üçün xüsusi proqram həyata keçirməsə, bu ölkəni hansısa konfliktə cəlb etməsə, Çin dünyanın əsas iqtisadi gücü olacaq.

– Bəs bizim regionda hansı proseslər, münasibətlər sisteminin ortaya çıxacağını proqnoz etmək olar?

– Azərbaycan dünyanın 5 əhəmiyyətli geopolitik məkanından birində yerləşir. Bu sıraya Koreya, Ukrayna, Azərbaycan, İran və Türkiyəni aid etmək olar. Sözsüz ki, Çinə qarşı müəyyən proqram həyata keçiriləcəksə, bu zaman Azərbaycanın lojistik və kommunikasiya baxımından dəstək verməsi mənasında əhəmiyyəti artacaq. Tarixi İpək Yolu Azərbaycandan keçir. Odur ki, yeni dünya düzəni ilə bağlı proseslərdə Azərbaycanın yerləşdiyi məkan əhəmiyyətlidir.

Rusiya pandemiyadan zərərlə çıxacaqsa, MDB ölkələri suverenliklərini bir qədər də möhkəmlədəcək, habelə bu, demokratik, şəffaf proseslərin başlanmasına səbəb olacaq. Çünki keçmiş sovetlər birliyi ərazisində olan ölkələrin çoxunun hakimiyyətləri əslində rus imperiyasının maraqlarını müdafiə edən rejimlərdir. Bu mənada Rusiyanın periferiya gücü azaldıqca, onun yerini ABŞ, Avropa tutacaq və beləcə, bu regionda ciddi demokratik açılım müşahidə oluna bilər.

– Ancaq rusiyalı siyasətçilər SSRİ-nin bərpa edilməsi haqqında danışırlar…

– Əslində, Rusiyanın Romadan qalma siyasəti “Parçala hökm sür”dən ibarət olub. Elə bu səbəbdən də əksər MDB ölkələrində Qarabağ kimi süni konfliktlər yaradıb. Sözsüz ki, Rusiya zəifləyəcəksə, keçmiş müttəfiq respubliklar birgə rus ekspansiya siyasətinə qarşı duracaqlar, Avropaya inteqrasiya sürətlənəcək, bu ölkələrin süverenliyi və müstəqilliyi möhkəmlənəcək.

– Sizcə, Kremlin SSRİ-ni bərpa etmək haqqında planı nə dərəcədə realdır?

– Məncə, belə bir plan yoxdur. Putin anlayır ki, Rusiya daxilində ciddi gərginlik var. Rus xalqının hislərilə oynayırlar və belə görüntü yaradılır ki, sən demə SSRİ süqut etdiyi üçün Rusiya indiki duruma düşüb. Rusiya dünyanın ən böyük ölkəsidir, dünyada ən çox resurs və sərvətə malikdir. Amma ölkənin insanları dilənçi kökündədir. SSRİ-ni bərpa etdikdən sonra nə olacaq? Tutaq ki, bərpa etdilər. Onsuz da Rusiya hazırda məhv olur. Bir az da MDB ölkələrinin problemlərini öz üzərinə götürsə, necə olacaq? İndi əvvəlki illər deyil. Əvvəla, xalqlar ayılıb, ikincisi dünya dəyişib. Ola bilsin ki, Kremldə kimlərinsə xəyalı 1920-ci illərə gedir. O dövrdə ABŞ, Avropa Rusiyanın işğal etdiyi torpaqların özündə qalmasına etiraz etmirdi. Lenin də bundan istifadə edərək, bu əraziləri öz ətrafında toparlaya bildi. Amma indi həmin dövr deyil. Keçmiş SSRİ ölkələrinin əksəriyyətində dinə, milliliyə qayıdış var. İndi Putin az qala Kadırovun öhdəsindən gələ bilmir. Son günlər Çeçenistanda gərginlik artıb. Yəni Rusiyanın öz daxilində 3-4 gərgin nöqtə yaransa, bu ölkə başını itircək. Odur ki, SSRİ-nin bərpası əslində boşboğazlıqdan başqa bir şey deyil. SSRİ Konstitusiyasında yazılırdı ki, xalqlar könüllü şəkildə SSRİ-ni yaradır. İndi heç bir müttəfiq respublika Rusiya ilə belə yaxın əlaqədə olmaq istəmir.

– Bəs işğal, zor amili gündəmə gələ bilərmi?

– Yox. İşğal Rusiya üçün ağır nəticələr verər. İndi ruslar Krımı işğal edib, Gürcüstanın iki muxtar respublikasına nəzarəti əlinə alıb, Ukraynanın bəzi bölgələrinə sahibləniblər, amma bunun altından çıxa bilmirlər. ABŞ və Qərbin Rusiyaya əsas iqtisadi təzyiqləri bu əməllərinə görədir. Hesab edrəm ki, nə qədər Putin hakimiyyətdədir, Kremlin imperialist maraqları var, ABŞ və Qərb bununla razılaşmayacaq. Dünya 100 il əvvəlki dünya deyil. Odur ki, ya Rusiya Avropa Birliyinə daxil olmalı, demokratikləşməli, milli dövlət halına gəlməlidir, ya da imperiya iddiasına qalxacaqsa Çinlə, Avropa Birliyi və ABŞ-la maraqları toqquşacaq. Ən vacibi də islam dünyası ilə üz-üzə durmalı olacaq.

Sizə adi məsələni deyim. Neftin indiki qiymətlərindən ən çox ziyan çəkən ölkələrdən biri Rusiyadır. Bizim kimi Rusiyanın da iqtisadiyyatı neftdən asılı vəziyyətdədir. Neftin qiymətinin aşağı düşməsi təbii formada baş verməyib. İş ondadır ki, Səudiyyə Ərəbistanı ABŞ-ın əlində vasitədir. Hazırda Səudiyyə Rusiyaya qarşı iki təzyiq vasitəsini işə salıb. Birincisi, neft amilini, ikincisi çeçenləri. Dini təriqət baxımından onlar çeçenləri idarə edə bilirlər. Eləcə də Türkiyənin Rusiyada tatarlar başda olmaqla, türk xalqlarına böyük təsiri var. Polşanın Ukrayna və Belarusda ciddi təsiri var, Skandinaviya ölkələrinin isə Pribaltikaya təsirləri genişdir. Bu baxımdan Rusiya daxilində kifayət qədər münaqişə yaratmaqla, onu pis duruma salmaq mümkündür. Odur ki, Rusiya beynəlxalq nizama uyğun davranmalıdır.

Əlbəttə, keçmiş sovet ölkələrində Rusiyaya bağlı “beşinci kolon”lar var. Məsələn, götürək Azərbaycandakı “beşinci kolon”u. Bizdəki “beşinci kolon”un əsas işi Azərbaycanı müstəqillik və suverenlik istiqamətində, demokratik xətt üzrə hərəkətdən saxlamaqdır. Amma ölkəni Rusiyanın tərkibinə qaytarmaq məsələsi xülyadır. Qərbin burada milyardlarla investisiyası, böyük layihələri var. Bunlar elə-belə məsələlər deyil. Azərbaycanın onların düşündüyü mənada suverenliyi məhduddur. Yəni istədiyi qədər Rusiyaya yaxınlaşa bilməz. Qərbin maraqlarına ziyan vurmayacaq dərəcədə Rusiyaya yaxınlaşmaq mümkündür. Belə qüvvələr Azərbaycanı tarixi inkişafdan, sivil dövlətlərin platformasına qoşulmaqdan saxlayır.

Ermənistanda isə tam əksinədir. Orada qərbpərəst yoxdur. Ermənilər anlayır ki, erməni dövlətinin mövcudluğu Rusiyanın əlinin altında olmaqdan keçir.

Ümumiyyətlə, “beşinci kolon”un SSRİ-nin bərpasında elə bir rolu ola bilməz. SSRİ könüllülük əsasında yaranan müttəfiq dövlət idi. İndi heç bir dövlət dəli deyil ki, özünün suverenliyindən imtina edərək, gedib Ruiyanın qoltuğuna girsin. Rusiyanı idarə edə bilmirlər, gəlib SSRİ-ni qurmaq eşqinə düşürlər? Bir daha deyirəm, dünyanın ən böyük ehtiyatları, milli sərvətləri Rusiyadadır. Amma görün pis idarəçilik səbəbindən bu ölkədə insanlar necə kasıb yaşayır. Elə balaca ölkələr var ki, Rusiyadan zəngindir. SSRİ eşqinə düşmək Rusiya dövlətini məhv edər. Bu, sadəcə Putinin daxili aditoriya üçün konsepsiyasıdır. Beləcə diqqəti yanlış idarəetmədən yayındırır. Gah Suriyaya qoşun yeridir, gah ABŞ-la üz-üzə gəlir. Zamanında SSRİ Əfqanıstana qoşun yeritdi və çökdü. İndi Suriyaya qoşun yeritməklə Rusiya çökür. Hərbi gücə əl atanda ölkə çökür. Bu, reallıqdır.