“Heç bir qüvvəyə icazə vermərik ki, burada aranı qatsın” - AZƏRBAYCANLI DEPUTAT

Baxış sayı:
1015

“Söyün Sadıqov Kremlin, KQB-nin bir işçisi olaraq özünə siyasi dividentlər qazanır”
 
Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ münaqişələrində iştirak etmiş separatcı, azərbaycanlıların qanına əli bulaşmış Mixeil Avakyanın abidəsinin ucaldılmasına etiraz olaraq soydaşlarımız fevralın 5-də Tiflisdə parlamentin binasının qarşısında etiraz aksiyası keçirmək istəyirdilər. Bunun üçün Tiflis Meriyasına bir neçə gün öncə müraciət etdikdə, əvvəl şifahi olaraq “hə” deyilsə də, aksiyadan bir gün öncə rəsmi olaraq icazə verilmədi. Gürcüstan hökumətinin azərbaycanlıların qanına əli bulaşmış Mixeil Avakyanın abidəsinin ucaldılmasına icazə verdiyi azmış kimi, soydaşlarımıza aksiya keçirməsinə “yox” deməsi onların haqlı narazılığına səbəb olub. Əslində, soydaşlarımızın narazılıq üçün ciddi arqumentləri var. Çünki Gürcüstan hökuməti bir neçə layihədə, Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmiryolu xəttində Azərbaycanla strateji tərəfdaş olduğunu unudur, eyni zamanda Borçalıda yaşayan 600 min azərbaycanlının marağını nəzərə almır. Gürcüstan sözügedən layihələrin inşası üçün vəsait xərcləmədiyi halda, bu gün milyonlarla tranzit haqqı alır və Gürcüstanın dövlət büdcəsinin əsas hissəsi bunun hesabına formalaşır. Amma buna rəğmən, Gürcüstan hökuməti azərbaycanlıların qanına əli batmış erməni qatilə abidə qoyulmasına imkan verir ki, bu da hec cürə məntiqə sığmır. Görəsən, hansı məntiqlə Gürcüstan hökuməti azərbaycanlıların etiraz aksiyası keçirməsinə icazə vermir?
 “Hürriyyət”in bu və digər suallarına cavab almaq üçün azərbaycanlı deputat Azər Süleymanovla söhbətləşdik:
 
- Aksiya ayın 8-də baş tutacaq. Dövlət başqa-başqa bəhanələr tapdı ki, aksiya keçirilməsin. Amma aksiyada heç bir siyasi qüvvə iştirak etmir, bizim gənclərimiz, qeyri-hökumət təşkilatları bunu təşkil edir. Yəqin ayın 8-də aksiya başa tutacaq, əsas şüarlar səslənəcək və bəyanat da oxunacaq. Əlbəttə ki, dövlət nə qədər maneçilk törətsə də, əsas məqsəd ondan ibarət idi ki, bu aksiya keçirilməsin. Yəni Gürcüstanda başqa bir vəziyyət yaranmasın, Ermənsitan-Azərbaycan münaqişəsi bir də Gürcüstanda davam etməsin. Amma məndə olan məlumata görə, aksiyada iştirak edən gənclərimiz Gürcüstan dövlətçiliyinə qarşı deyillər. Gürcüstanla Azərbaycan qardaş bir dövlətdir, strateji əməkdaşdır və heç bir qüvvəyə icazə vermərik ki, burada ara qatsınlar. Əlbəttə ki, aksiyada tələblərdən biri o olacaq ki, Avakyanın heykəli götürülsün.
 
- Hesab edirsiniz ki, Avakyanın heykəli götürülərcək, yəni Gürcüstan hökuməti bu addımı atacaqmı?

 
-Bilmirəm, məni izləyirsiniz-izləmirsiniz, dünən parlamentdə bununla bağlı çıxışım oldu. Mən birbaşa parlament sədrinə də ünvanladım ki, Azərbaycan xalqının qanına əli batmış, Xocalı soyqırımında iştirak etmiş bir insanın burada nəyə görə heykəli qoyulub? İkincisi də parlament sədrindən tələb etdim ki, heykəlin sökülməsi haqqında qərar versinlər. Parlament sədrinin cavabı bu oldu ki, “bu, iki dövlət arasında əlbəttə ki, xoşagəlməz bir hadisə oldu. Biz bacardığımız qədər bu məsələni iki dövlət arasında həll edəcik”. O, qısa bir cavab verdi.
 
- Ola bilərmi ki, fevralın 8-də yenə aksiyanın keçirilməsinə imkan verməsinlər?
 
- Artıq icazə alınıb, yeri məlum olacaq, ya dövlət Konservatoriyasının, ya da parlament binasının qarşısında olacaq. Ayın 8-də aksiya baş tutacaq.
 
- Fevralın 5-nə təyin olunmuş etiraz aksiyasına icazə verməmək azərbaycanlılara qarşı ayrı-seçkilik deyilmi? Niyə gürcülər, ermənilər istədikləri vaxtı aksiya keçirirlər, azərbaycanlılara çatanda yer olmur?
 
- Biz də elə başa düşürük. Çünki yüz bəhanə tapdılar ki, aksiya keçirilməsin. Bir milət vəkili kimi mənim, eləcə də hamımızın bu aksiyada iştirak borcumuzdur. Amma biz irəli düşəndə istəmədik ki, bunu hansısa bir partiyanın adı ilə bağlasınlar. Gənclərimiz əsas bu işlə məğuldular. Yəqin ki, bu məsələ həll oluncaq. Dövlət istər-istəməz bu aksiyaya icazə verməlidir. Çünki bu aksiya heç də Gürcüstana qarşı deyil, əksinə Gürcüstanla bağlı şüarlar səsləndiriləcək. Biz Gürcüstan vətəndaşıyıq, Gürcüstanı parçalamağa imkan vermərik. Amma separatçıların, hansısa cinayətkarın heykəli Gürcüstandan götürülməlidir. Çünki Gürcüstanın özü də bu sepratizmdən əziyyət çəkir. Gürcüstanın 20 faiz torpağı işğal olunub. Buna görə də bu heykəl götürülməlidir.
 
- Cavaxetiya bölgəsində Dağlıq Qarabağ münaqişələrində iştirak etmiş, azərbaycanlıların qanına əli bulaşmış Mixeil Avakyana abidə qoymasını prezident Zurabişvlinin seçkilər zamanı onlara dəstəyinin nəticəsi hesab etmək olarmı?
 
- Əgər izləyirsinizsə, mənim sosial şəbəkələrdə, həm Gürcüstan, həm də Azərbaycan mediasında birinci çıxışlarımdan biri bu idi. Zurabişvili seçkiqabağı Cavaxetiyada olanda onun türklərə qarşı fikirlərini hamı bilir. O, “Sakaaşvilinin dövründə ermənilərə üstünlük verilməmişdi, türklərə sahib çıxmışdı. Amma mən bu oyunları dəyişəcəm” şüarları ilə yadda qaldı. Bu, onun nəticəsidir ki, Salome Zurabişvili Cavaxetiyada olanda yavaş-yavaş vədlərini yerinə yetirməyə başladı. Dünya azərbaycanlıları 20 Yanvarda matəm keçirdiyi bir gündə Cavaxetiyada Ermənistanın səfirinin, dövlətin bir neçə millət vəkilinin, bələdiyyə sədrlərinin, şəhər merlərinin orada iştirak etməsi əlbəttə ki, ilk öncə, Gürcüstan, ikinci də Gürcüstanda yaşayan azərbaycanlılar və dünya azərbyacanlıları üçün böyük bir təxribat idi.
 
- Azər müəllim, yəqin ki, Söyün Sadıqovun açıqlmasından xəbəriniz var. Rusiya Azərbaycanlıları Konqresinin rəhbəri olaraq bildirib ki, iki ay müddətində Avakyana qoyulmuş həmin büstün götürülməsi təmin olunmasa, o, Borçalı mahalında yaşayan azərbaycanlılar adından muxtariyyət tələbi ilə çıxış edəcək. Azərbaycanlı bir millət vəkili kimi belə bir tələbin irəli sürülməsini necə qarşılayırsınız?
 
- Birincisi, onu demək istərdim ki, Söyün Sadıqov Gürcüstanın yolunu 30 ildir belə bilmir. Söyün Sadıqov təxribatçıdır, pravakatordur. Gürcüstanda yaşayan azərbaycanlıların muxtariyyət haqqında heç birinin fikirləri belə yoxdur. Gürcüstan bizim vətənimizdir. Torpağ uğrunda ölməyə biz də hazırıq. Söyün Sadıqov Kremlin, KQB-nin bir işçisi olaraq özünə siyasi dividentlər qazanır. Söyün Sadıqovun Gürcüstanda bir adamı belə yoxdur ki, onun hansısa sözünü, tələbini yerinə yetirə və abidənin sökülməsini Gürcüstanda yaşayan azərbaycanlılar və gürcülər tələb edir. Dünən parlamentdə gürcü dostumuz da tələb etdi ki, bu abidə Gürcüstana, Azərbaycana qarşı təxribat idi, sökülməldir. Axaki Babaxidze də çıxış etmişdi. Söyün Sadıqov kimi insanlar getsinlər öz işləri ilə məşğul olsunlar və Kremldə oturub, buranı qatmasınlar. Bu, mənim ona tövsiyyəm, məsləhətim olardı ki, burnunu bir daha Gürcüstan siyasətinə soxmasın, bizə zərər gətirməsin.
 
- Düşünürsünüzmü ki, Söyün Sadıqovun bu tələbi Rusiyanın planıdır?
 
- Söyün Sadıqov neçə illər Rusiyanın milli təhlükəsizlik sistemində çalışıb, onlarla sıx əlaqəsi var. Bizdə olan məlumata görə, o, Söyün Sadıqovun fikri deyil, Rusiyanın, Kremlin fikridir ki, Gürcüstanda aranı pozsun. Amma biz Gürcüstanda yaşayan azərbaycanlılar heç vaxt elə bir fikirdə olmamışıq. Sadəcə, Gürcüstan vətəndaşı kimi hüququmuzu tələb etmişik. Biz bu dövlətin övladlarıyıq, hər birimiz Gürcüstan vətəndaşıyıq, qanuni çərçivədə özmümüzə aid olan tələblərimizi Gürcüstan dövlətindən tələb edəcəyik və heç bir zaman icazə vermərik ki, Rusiyadan FZB agenti gəlsin, burada aranı qatmağa başlasın.
 
- Azərbaycanlıların qanına əli bulaşmış Mixeil Avakyanın abidəsinin ucaldılması ilə yanaşı, son günlər Kveladze soyadlı bir oğlanın Nəriman Nərimanov mövzusunu ortaya atdığı bildirilir. Guya, Nərimanovun heykəlinin götürülməsi ilə bağlı gəlib Marneuli rayonunda imza toplayacaq. Sizcə, bu məsələlərin kökündə nə durur?
 
- Bu məsələnin kökü bu idi ki, fikri Cavaxetiya məsələsindən yayındırsınlar, bu yaddan çıxısn, Nərimanovun heykəlinin sökülməsini ortaya atsınlar. Mənim bu barədə çıxışım da oldu. Amma bu, yalnız Cavaxetiyada qoyulan heykəllə bağlı fikri dağıtmaq idi. Mənə elə gəlir ki, heç kimin belə bir fikri yox idi. Hansısa kiçik bir qrup Nərimanov heykəlinin sökülməsi ilə bağlı imza toplayıb. Baxmayaraq ki, mən müxalifətdəyəm, amma dövlətin Nərimanovun heykəlini sökmək niyyəti olmayıb, nə də söküləsi deyil.
 
Şamo EMİN, Hurriyyet.org