“Hədəfdə bir neçə icra başçısı, komitə sədri və nazir olacaq” – İLHAM İSMAYIL

Baxış sayı:
1885

Korrupsioner məmurların həbsi davam edir. Deyəsən, bu həbslər icra başçıları ilə məhdudlaşmayacaq. Belə ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən bu dəfə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Nəticədə Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb.

Yenisabah.az-ın ölkədə gedən proseslərlə bağlı bu və digər suallarını Qarabağ müharibəsi veteranı, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik-leytenant İlham İsmayıl cavablandırıb:

– İlham müəllim, hər gün hansısa vəzifəli şəxsin həbs olunduğunu eşidirik. Necə düşünürsünüz, sizcə, bu həbslərin həyata keçirilməsi üçün gecikməmişik? 

– Həqiqətən də bu məsələdə gecikilib. Amma bir məsələni qeyd etmək lazımdır ki, gec də olsa, sözügedən proses baş verdi. Bu, nisbətən yaxşı haldır. Düzü, burada məsələni təkcə rüşvətxorluğa qarşı mübarizə kimi qiymətləndirmək mümkün deyil. Ona görə mümkün deyil ki, tək rüşvət alan icra başçıları deyil, rüşvətə qalsa, gərək digərləri də həbs olunsun. Əhali tərəfindən icra başçılarının adı daha çox səsləndirilə bilər, amma istər yuxarı, istər aşağı təbəqədə rüşvət alan xeyli çoxdur. Məsələni 4-5 nəfərlə həll etmək mümkünsüzdür. Rüşvətxorluğun pik həddə çatması bundan sonra da davam edə bilər. Ona görə də məsələyə başqa aspektdən yanaşmaq lazımdır.

– Ölkə başçısı rüşvətxor və korrupsioner məmurlara qarşı sərt tədbirlər görüləcəyinin anonsunu bir il əvvəl vermişdi. Bir-birinin ardınca həyata keçirilən həbslər göstərir ki, məmurlar edilən xəbərdarlıqdan nəticə çıxarmayıblar. Onların bu arxayınlığına səbəb nə olub?

– Görünür, bu məsələ onlara ibrət dərsi olmayıb. Bunun iki səbəbi var. Birinci psixoloji amil ondan ibarətdir ki, pula hərislik var və nəfslərinin qarşısını heç cür ala bilmirlər. Başqa bir məsələ isə arxalarındakı qüvvələrə güvənmələridir. Düşünürlər ki, bu həbslər ötəri xarakter daşıyır və gözdən pərdə asmaq üçün edilir. “Mənə dəyməzlər” deyərək özlərini ovudurlar. “Mənim himayədarım böyük adamdır, komitə sədridir, generaldır, nazirdir” deyə fikirləşirlər və bu onları rahatladır. Uzaq başı məkanı dəyişirlər. Tutaq ki, əvvəl kabinetlərində rüşvət alırdılarsa, indi başqa yerdə alırlar. Amma bilmirlər ki, yeri gələndə daha böyük siyasət və maraq olur. Bu maraqlar naminə icra başçısı səviyyəsində olan birini güdaza vermək çox asan bir məsələdir. Necə ki, indi bunu müşahidə edirik…

– Futbolda təxminən belə bir “qanun” var. Bir hücumçu eyni qapıçını 11 metrlik cərimə zərbəsi ilə iki dəfə çətin aldadır. Qapıçı onun “sirr”indən birinci vuruşda agah olur. Bəs necə olur ki, icra başçılarının hamısı eyni qaydada həbs olunur? Maraqlıdır, bu adamlar onların ələ verən sübutları niyə vaxtında məhv edə bilmir?

– Bu, onların iş metodudur. Hər şey eyni qaydada olur. Eyni dəftərlər, eyni siyahıya almalar… Yaxalananlar fəndi bilsələr də, başqa forma seçmək onların xarakterinə uyğun deyil, onlar başqa metodda fikirləşə bilmirlər. Çünki rüşvətxorluğun metod və vasitələri dəyişsə də, nəticə dəyişməyəcək, onsuz da onları tutmağın, sübut etməyin də kifayət qədər fərqli metodları var. Əgər bu adamları rüşvətxorluqda ittiham etmək qarşıya məqsəd olaraq qoyulubsa, onlar hər şeyi gizlətsə belə, gizlətdikləri üzə çıxacaq. Elə ilk həmlədə hər şeyi etiraf edib seyflərini açırlar. Axırıncı icra başçısı rüşvəti evində alırdı, elə evində də yaxaladılar. Xüsusi xidmət orqanı olaraq DTX bu işi çox peşəkarcasına yerinə yetirir.

– İcra başçılarının sahib olduqları varidatın həcmi cəmiyyəti sözün həqiqi mənasında şoka salıb. Kiçik bir rayonda bu qədər böyük sərvətə necə sahiblənə biliblər? Onların fəaliyyətinə nəzarət etməli olan hüquq mühafizə orqanları hara baxırmış? 

– Ölkədəki idarəetmə sistemi prinsipləri elədir ki, bəzən yerli hüquq mühafizə orqanları (prokuror, polis rəisi və s.) icra başçısına qarşı çıxanda dəyənək onların öz başında çatlayıb. Bu addımı düzgün qəbul etməyiblər və adını da belə qoyublar ki, dövlət başçısının sərəncamı ilə rayonda vəzifəyə qoyulan yeganə şəxsə qarşı çıxılır. Bu mənada çəkinmə olub, ona görə də yerli hüquq mühafizə orqanları məsələyə fikir verməyiblər. Belə bir işin arxasınca düşməli olduqlarını ciddiyyətə almayıblar. Çünki ola bilməz ki, onlara belə bir informasiya çatmasın. İkinci bir məsələ də böyük məbləğdə pulların ortaya çıxmasıdır. Deməli, bunların əlinə o qədər böyük səlahiyyət verilib ki, onlar hər bir şeydən – ev və torpaq satmaqdan, vəzifəyə adam qoymaqdan, hansısa xahişlərləri yerinə yetirməkdən çəkinməyiblər və rahatlıqla pul qazanıblar. Mən inanmıram ki, o pullar illərlə yığılan pullardır. Son 3-4 ayın pulları olduğunu düşünürəm. Bütün rayonlardakı pul bağlamaları yığılsa, Azərbaycanın illik büdcəsindən çox olar. Milyardlarla mənimsənilmiş pul ortaya çıxar. Mən hesab edirəm ki, tutulanların əmlak məsələsi də nəzərə alınacaq və bütün bunların hamısı xalqa qaytarılacaq.

– Həbslərin davam edəcəyini gözləyirsinizmi? Sizcə, sırada kimlər var? Xalq dilində desək, qara maskalı oğlan başqa strukturlarda çalışan rəhbər şəxslərin də qapısını döyə bilərmi? 

– Əlbəttə, bu həbslər həm aşağı, həm də yuxarı vəzifədəki məmur heyyətinə şamil oluna bilər. Çünki köklü struktur və ya mahiyyət dəyişikliyi olmayınca bu hal davam edə bilər. Amma həbslər çoxaldıqca ciddiliyini itirə bilər. Məhz icra başçıları ilə bağlı məsələnin həlli üçün icra strukturlarının səlahiyyəti azaldılıb seçkili orqanlara, bələdiyyələrə verilə bilər. Yoxsa bunlar davam edəcək. Mənə elə gəlir ki, hədəfdə hələ bir neçə icra başçısı, komitə sədri və nazir də olacaq. Hakimiyyət nümayəndələrinin özləri də bunu etiraf edirlər.

– Yuxarıda rüşvətxorluğun əksər sahələrdə bundan sonra da davam edə biləcəyini qeyd etdiniz. Bunun kökünü kəsmək üçün hansı addım atılmalıdır?

– İndiki tədbirlər rüşvətxorluğun kökünü kəsməyəcək. Forma və metodunu dəyişə bilər, amma məzmun dəyişməyəcək. Məzmunu dəyişmək üçün ölkədə bütövlükdə köklü islahatlar lazımdır. O islahatlara da aşağıdan yox, yuxarıdan başlamalıdır. Çünki yuxarı qanunsuz əməl etməyəndə, nələrsə almayanda aşağılar da almayacaq.