Həbsxanada jurnalistə sərinkeş verilibmi?

Penitensiar Xidmət həbsdə olan jurnalistə sərinkeşin gec verilməsi iddiası ilə razılaşmır
 
İyun ayının 1-də Kanal 13-ün direktoru Əziz Orucov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib
Penitensiar Xidmət hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əziz Orucova sərinkeşin gec verilməsilə razılaşmır.
Qurumun mətbuat xidmətin rəhbəri Mehman Sadıqov BBC Azərbaycancaya  deyib ki, sərinkeşin təcridxanaya gətirilməsinə heç bir məhdudiyyət qoyulmur.
"Havalar isti keçir və təcridxana rəhbərliyi də bunu nəzərə alır", o bildirib.
Çərşənbə axşamı vəkil Cavad Cavadov bildirib ki, Kanal 13-ün direktoru Əziz Orucov Bakı İstintaq Təcridxanasında qaldığı kamerada "kəskin havasızlıqdan huşunu itirib və yıxılıb".
Cənab Orucov vəkilə hadisənin iyulun 23-də axşam saatlarında baş verdiyini və kamera yoldaşının köməyi ilə təcridxananın məsul şəxslərinin və həkimin çağırıldığını deyib.
"O dəfələrlə müraciət edərək kamerasına öz hesabına sərinkeş keçirilməsini istəsə də buna imkan yaradılmayıb... Bu gün (25 iyul) ona qohumları tərəfindən sovqatla birlikdə sərinkeş göndərilib, lakin günün sonuna qədər çatdırılmayıb", vəkil Facebook sosial şəbəkəsində yazır.
Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov isə cənab Orucovun "sərinkeş gec verilib" ifadəsilə razılaşmır və deyir ki, "nəticə olaraq verilib".
"Əgər məhkumun səhhətində problem yaranıbsa təcridxananın tibb məntəqəsinə müraciət etməlidir", o bildirib.
Vəkil Cavad Cavadov onu da deyib ki, Əziz Orucovun yaxınları ilə görüş məsələsi ilə bağlı dəfələrlə təcridxana rəhbərliyinə yazılı və şifahi müracətlərinə baxmayaraq ona görüş verilmir.
Cənab Cavadov "bu qanunsuzluqlarla bağlı müvafiq qurumlara və məhkəməyə müraciət etmək niyyətində" olduğunu bildirib.
Qohumları ilə görüş məsələsinə gəldikdə isə Mehman Sadıqov bildirib ki, istintaq altında olan şəxsin qohumlarilə görüşü qanunvericiliyə uyğun olaraq həyata keçirilir:
"Əgər onun qohumlarına içəri keçməyə icazə verilməyibsə bu qanunvericilik çərçivəsində olub", o qeyd edib.
Qurum sözçüsü deyib ki, "bu məsələni şişirtməyə ehtiyac yoxdur" deyə əlavə edib.
Azərbaycanca yayımlanan Kanal 13 onlayn televiziyasının direktoru Əziz Orucova bu il mayın 1-də 30 sutkalıq inzibati həbs cəzası verilib.
Cəzası bitən vaxtı ona qarşı cinayət ittihamı irəli sürülüb və cənab Orucov qanunsuz sahibkarlıq və ağır nəticəyə səbəb olan vəzifə saxtakarlığı maddələri ilə ittiham edilib.
İyun ayının 1-də onun barəsində həbs seçilib. Jurnalist ittihamları rədd edir.