​Həbsdəki MTN polkovnikindən ŞOK BƏYANAT: "...HAMISININ ADINI AÇIQLAYACAM"

Hədə-qorxu gəlməklə vətəndaşların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi, 2-ci istintaq şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet.az lent.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə Vüsal Ələkbərova son sözlə çıxış etmək təklif edilib.
Lakin Vüsal Ələkbərov çıxış etməyə hazır olmadığını deyib. O deyib ki, çıxışında bəzi məsələləri tamamlaya bilməyib. O, hakimlərdən çıxışa hazırlaşmaq üçün əlavə bir həftə də vaxt istəyib.
Vüsal Ələkbərov ötən prosesdə son sözündə çox adamın adını çəkəcəyini demiş, pulları kimdən alıb kimə verdiyini açıqlayacağını qeyd etmişdi: "Mən bəzi sensasion faktlar açıqlayacağam. Söhbət mütəşəkkil cinayətkar dəstədən gedirsə, o zaman bu dəstənin başçıları hardadır? Mənimlə burada kimlər qolu qandallı oturmalıdır, bunu onlar yaxşı bilirlər. Mən həmin mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam. Mən nə etmişəmsə, tapşırıq alaraq etmişəm, mənim rəisim olub. Burada niyə onlar oturmayıb?"
Proses iyunun 23-də davam edəcək.
Xatırladaq ki, prokuror Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror, həmçinin onun rütbədən məhrum edilməsini tələb edib.
Qeyd edək ki, Vüsal Ələkbərov MTN-də İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi olub.  Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.