HƏBSDƏ OLAN MÜXALİFƏTÇİLƏR AZAD OLUNDU - 21 nəfər barəsində məhkəmə qərarı

Baxış sayı:
2648

İyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirlən 36 nəfərin cinayət işi üzrə məhkəmə prosesi bu gün Səbail Rayon məhkəməsində davam edib.
Hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verib.
Məhkəmə vəsatəti qismən təmin edib və 21 nəfər barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edib.
Onlar içərisində AXCP üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Ayaz Məhərrəmov, Bəxtiyar İmanov, Baba Süleymanov, Ceyhun Novruzov, İsmayıl Həsənov, Müşfiq Quliyev, Telman Seyfullayev, Məhəbbət Nağıyev, Seymur Əhmədov, Müsəlman Birliyi Hərəkatının üzvləri Kamil Mahmudov və Tural Vəliyev də var.
Şəmsi Rəhimli, Elçin Mehdiyev, Fariz Məmmədov, Emin Hüseynzadə, Ariz Səfərli, Ceyhun Məmmədov və Vüsal Quliyev də ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, bu il iyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olan 36 nəfər barəsində cinayət işi başlanıb.
Onlar Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulasına səbəb olan hərəkətlər təşkil etmə, 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 186.2.1 (Özgə əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 278.1-ci (Konstitusiyaya zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri ilə ittiham olunurlar./apa