HƏBSDƏ OLAN MÜĞƏNNİ DANIŞDI: "Hadisə qız üstündə baş verib”

Baxış sayı:
3241

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə Əfsər İsmayılovun bacısı Təranə Hüseynova ifadə verib.
Təranə Hüseynova bildirib ki, hadisə haqqında bacısı qızından eşidib: “Əfsər restoranda müğənnilik edib ailəsini dolandırırdı. Hadisə günü bacım qızı mənə dedi ki, dayım qan içində evə gəldi. Dərhal onların evinə getdim. Əfsərin üzü qan içində idi, danışa bilmirdi. Özünə gələndə mənə dedi ki, iş yoldaşı onu döyüb. Bildirdi ki, mübahisə qız üstündə baş verib. Əfsəri Asif adlı şəxs döyüb. Buna görə qardaşım bıçağı götürərək, onu bıçaqlayıb”.
Əfsər İsmayılov da bacısının dediklərini təsdiq edib: “Bu cinayət hadisəsi qız üstündə baş verib. İş yoldaşım olan qızla zarafat elədim və bu, Asifin xətrinə dəydi. Aramızda əlbəyaxa mübahisə yarandı”.
İttihama görə, 2016-cı ilin iyunun 21-də Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında 66 saylı binanın yaxınlığında Əfsər İsmayılov tanışı Asif İbadovu bıçaqlayıb.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Əfsər İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.