Həbsdə olan jurnalistin xanımından açıqlamalar

Həbsdə olan jurnalist Əziz Orucovun xanımı Lamiyə Çerpanova (Orucova) iyulun 7-də Novator.az-a açıqlama verib.
 
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov mayın 2-də polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. Bu həbs müddəti başa çatmaqdaykən ona Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2-ci (ağır nəticələrinə səbəb olan vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və Əziz Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bundan sonra “Kanal 13″ün ofisində və Əziz Orucovun evində axtarış aparılıb, kompüterlər götürülüb.
Novator.az-a açıqlamasında Lamiyə Çerpanova deyib ki, iyulun 7-si o, həyat yoldaşı ilə telefonla danışıb: “Görüşə icazə verilmir. Həftədə iki dəfə zəng edir. Görüş icazəsi almaq üçün dəfələrlə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevə məktubla müraciət etmişəm, hamısı cavabsız qalıb. Məktubların müstəntiqə çatıb-çatmadığını da bilmirəm”.

Lamiyə Çerpanovanın sözlərinə görə, Əziz Orucov anasının səhhətinin pisləşməsindən bu yaxınlarda xəbər tutub: “Bunu Əzizdən gizlətmişdik, amma bu yaxınlarda məsələdən xəbər tutub. Sonuncu telefon söhbətində anasının vəziyyətindən də danışdıq. Anasının səhhətinin pisləşməsi Əzizin də səhhətinə pis təsir göstərib, gərginlik keçirib, qan təzyiqi qalxıb.
Əzizdə xroniki böyrək çatışmazlığı xəstəliyi var. Ona görə hətta psixoloji gərginlikləri olmasa da, həbsxana şəraiti onun həyatı üçün təhlükəlidir. Böyrək çatışmazlığı xəstəliyi qan təzyiqini çox yüksəyə qaldırır. Belə xəstələr daima həkim nəzarətində olmalı, təzyiqi stabil saxlanmalıdır. Amma Əziz Bakı İstintaq Təridxanasına aparılandan yalnız bircə dəfə, o da təcridxanaya yeni gətirilən vaxt həkim müayinəsindən keçib”.
Əziz Orucovun anası Almaz Həsənovanın səhhəti iyunun 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilən zaman pisləşib. 3 saat dindirmədən sonra onun təzyiqi və şəkəri qalxıb. Təcili tibbi yardım çağırılıb, Almaz Həsənova Bakıdakı 2 saylı Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində 66 yaşlı Almaz Həsənova ikinci dəfə insult keçirməkdən xilas olub.
Lamiyə Çerpanovanın Novator.az-a bildirdiyinə görə, həmin vaxt Almaz Həsənova gün yarım komada qalıb, sonra vəziyyəti stabilləşib, evə buraxılıb: “Hazırda stressdən Almaz xanımın ürəyində, ayaqlarında problem yaranıb, yeriyə bilmir, çox az hərəkət edir. Həkim deyir bu onun psixoloji durumu, çox fikir çəkməsi ilə bağlıdır. Tez-tez Almaz xanımın ürək döyüntüləri artır, bədənində şişkinliklər var”.
Lamiyə Çerpanovanın dediyinə görə, nəinki sonralar, hətta xəstəxanada koma halında yatdığı zaman da müstəntiq zəng edərək Almaz Həsənovanın yarımçıq qalmış dindirilməsinin başa çatdırılması üçün onun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsinə gətirilməsini tələb edib. Lamiyə Çerpanova bu tələbi hüquqi və mənəvi baxımdan əsassız sayır.
Əziz Orucovun xanımı onu da qeyd edib ki, istintaqın gedişi haqda məlumatlı deyil: “Nəyisə araşdırırlar, amma nəyi – bilmirik. Ortada araşdırılası bir məsələ də yoxdur. Sadəcə dörd aylıq həbs qətimkan tədbiri seçilib, mən də, vəkillər də gözləyirik ki, bu dörd ayda nəyi araşdırıb ortaya çıxaracaqlar”.