Həbsdə olan hüquq müdafiəçisi aclığı davam etdirir

Səhhətində ciddi problemlər olan Taleh Xasməmmədovla görüşə icazə verilmir

Göyçay rayon sakini, həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta  Xasməmmədova tərəfindən Muxalifet.az-ın elektron poçtuna növbəti müraciət daxil olub.

G.Xasməmmədovanın sözlərinə görə, martın 16-da təxminən saat 13 radələrində oğlu Taleh ona zəng edərək bildirib ki, 1 həftə bundan əvvəl ona qarşı edilən qanunsuzluğa, işgəncəyə etiraz olaraq qollarını kəsdiyi üçün onu 2 saylı İstintaq Təcridxanasından Məştağada yerləşən 1 saylı Rui-Əsəb Xəstəxanasına gətirib 5 gün dəlilərlə bir yerdə saxlayıblar:

“Bundan sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. 2 gündür ki, Müalicə Müəssisəsindədir. Hazırda isə qanunsuzluğa, özbaşınalığa etiraz olaraq aclıq edir. Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansının üzvüləri Talehlə görüşmək üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə getsələr də əsassız olaraq görüşə icazə verilmir ki, onlar Talehin hansı vəziyyətdə olmasını görüb ictimailəşdirməsinlər. Alyansın üzvləri mənə bunu telefonla zəng edib bildirdilər”.

Gülbuta  Xasməmmədova baş verən olaylara görə çox narahat olduğunu bildirir: “Bir ana kimi bundan çox narahatam. Bunlar Talehi öldürmək istəyirlər. O, ağır xəstədir”.

Xatırladaq ki, 24.02.2015-ci il tarixdə mağazan çıxıb maşına əyləşmək istəyəndə “zərərçəkən” Zahir  adlı şəxs anı olaraq qəfil Talehə yaxınlaşıb üzünə tüpürüb, daha sonra yaxasından yapışaraq yerə yıxılıb və Talehi də öz üstünə yıxıb. Bu haqda məlumat verən G.Xasməmmədova yazır: “Başladı həyasızcasına qışqırmağa. İki dəqiqə çəkmədi ki, polislər gəlib Talehi həbs etdilər. Həmin Zahir adlı şəxs polisin "işverənidir" çoxlu sayda cinayət işində şahid və zərərçəkən kimi iştirak edib” – deyə hüquq müdafiəçisinin anası bildirir.

Onu da xatırladaq ki, bundan öncə G.Xasməmmədova prezident İlham Əliyevə müraciət edərək oğlunu ev dustaqlığına buraxılmasını xahiş edib: “24.02.2015-ci il tarixdə şərlənərək həbs edilmiş oğlum hüquq müdafiəçisi Taleh Xasməmmədovun səhhəti çox pisdir, onun qanında zəhərlənmə var. Bu barədə müayinə edən İranlı həkimlər bildiriblər. Mən həkim diaqnoz sənədlərinin surətini İşçi Qrupunun hər bir üzvünə ərizəmlə birlikdə göndərib Talehin ev dustaqlığına buraxılmasına köməklik göstərmələrini xahiş etmişəm. Bir neçə nəfər üzvlərlə telefon əlaqəsi saxlamışam. Ümüdümüz bir olan Allaha, Prezident cənab İlham Əliyevə və  İşçi Qrupunadır. Ağ birçək ana kimi Prezident cənab İlham Əliyevdən və İşçi Qrupundan xahiş edirəm, ağır, ciddi xəstə olan oğlum Taleh Xasməmmədovun ev dustaqlığına buraxılmasına köməklik edin. Xəstə Talehə, ağbirçək anaya və 2 az yaşlı övladlarına rəhm edin”.

Taleh Xasməmmədovun barəsində AR.CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanılıb.Həbs qəti imkan qərarından verilən apellyasiya şikayətinin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsi 06 mart 2015-ci iltarixdə qərar çıxartmışdır. Həbs edilməmişdən iki ay əvvəl Talehi İranda müayinə edən həkimlər ciddi xəstə olmasını və müalicə olunmasa ölə biləcəyini bildiriblər.

Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində qanunsuzluğa, özbaşınalığa etiraz olaraq aclıq edir.                                                                                                                                                                                                                                                                                                                              Muxalifet.az