"Həbs olunan icra başçılarının hamısını vaxtilə Ramiz Mehdiyev yığıb” - HAFİZ HACIYEV

Baxış sayı:
3016

“Prezidentin ətrafında olan elə qüvvələr var ki, bu işlərin başında onlar dururlar”

“Başladılan həbs dalğası Bakının rayonlarında da davam etdirilməlidir”

Bugünkü sayımızda, hər zaman qalmaqallı çıxışları ilə yadda qalan, nazirləri, icra başçılarını və digər məmurları kəskin şəkildə tənqid edən, həqiqətləri bir qədər fərqli, bəzən aqressiv, bəzən də yumoristik formada təqdim edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə son dövrlər korrupsiya ilə mübarizə istiqamətində başlanılan həbs dalğası, icra başçılarının hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanması, o cümlədən digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

“Bu kimi insanlar etdikləri haqsızlıqlar, ədalətsizliklərlə Azərbaycan dövlətini beynəlxalq aləmdə mənfi imicə sürükləyib”

– Hafiz bəy, son zamanlar ölkədə korrupsiya ilə mübarizə istiqamətində görülən işləri, daha dəqiq desək, adı bir sıra qanunazidd əməllərdə hallanan icra başçılarının həbsini necə dəyərləndirirsiniz?

– İlk öncə onu qeyd edim ki, buna sevinməyə, “İcra başçıları tutulub və yeni gələnlər bunlardan yaxşı işləyəcək”, deyə toy-bayram etməyə dəyməz. Çünki bu, məsələyə düzgün yanaşma deyil. Amma təbii ki, rüşvət alan, korrupsiyaya qurşanmış, xalqın iradəsinin əksinə gedən insanlar, vəzifədə olan şəxslər belə bir cəzaya layiqdirlər. Çünki bu cür şəxslərin fəaliyyəti Azərbaycanın beynəlxalq imicinə zərbə vurur. Biz illər öncə demişdik ki, icra başçıları, nazirlər, komitə sədrləri, şirkət rəhbərləri ölkəni talayır, pis günə qoyur, vəziyyət ağırlaşır və xalq arasında böyük narazılıq yaranır. Ölkə başçısı da öz növbəsində, bütün müşavirələrdə bildirib ki, hər bir məmur vətəndaşın, xalqın xidmətçisi olmalıdır. Prezident həmçinin, korrupsiyaya qarşı ciddi şəkildə mübazirə ilə bağlı mövqeyini ortaya qoydu. Lakin təəssüflər olsun ki, bunlara əməl etmək istəməyən qüvvələr oldu və onlar bəzi məsələləri saymamazlığa burdular. Odur ki, ölkə başçısı sonda məcbur qalıb bu tərz ciddi yollara əl atdı. Yəni son zamanlar yaşanan olaylar gözlənilən hal idi. Düşünürəm ki, başlanılan proses bundan sonra da öz tempi ilə davam etməli və bu məsələdə heç kimə güzəşt olmamalıdır. Hesab edirəm ki, ölkəni bu günə salan insanları vaxtında Prezident Administrasiyasından uzaqlaşdırmaq lazım idi. Lakin hələ orda yenə qalanlar var. Açığı, bir nümunə yoxdur, deyim ki, bu, təmizdir. Mən prezidentliyə 4 dəfə namizəd olmuş biri kimi təbliğat dövründə televiziyalarda, debatlarda, o cümlədən digər vaxtlarda mətbuata verdiyim açıqlamalarda daim bu məsələlərlə bağlı danışmışam və zaman keçdikcə dediklərim öz təsdiqini tapıb. Qeyd edim ki, ifşa etdiyim, ölkəni talan edən məmurların bir hissəsi – sabiq vergilər naziri Fazil Məmmədov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və digərləri çox asanlıqla aradan çıxdı. Sabiq baş prokuror Zakir Qaralovun özü dövlət büdcəsindən, banklardan neçə milyardlarla pul götürüb, ancaq onu qaytarıb verə bilməyib. Bu kimi insanlar etdikləri haqsızlıqlar, ədalətsizliklərlə Azərbaycan dövlətini beynəlxalq aləmdə mənfi imicə sürükləyib. Onların bir hissəsi yığdıqlarını götürüb aradan çıxdılar, hələ də ölkə başçısına xəyanət etməklə məşğuldurlar, orda-burda ağızlarına gələni danışırlar. Onların övladları xaricdədir və oradan yayımlanan internet kanallarına yardım edirlər. Onu da bildirim ki, ölkəni bu vəziyyətə qoyanların bir hissəsi hələ də Azərbaycandadır. Hazırda onlarla ciddi mübarizə gedir.

“Təklif edirəm ki, qeyri-qanuni yollarla külli miqdarda gəlir əldə edən məmurların pulları, əmlakları əllərindən alınsın, bunun üçün xüsusi fond yaradılsın və müsadirə olunan vəsaitlər həmin fonda keçirilsin, oradan isə ehtiyacı olan vətəndaşlara paylanılsın”

– Sizə elə gəlmir ki, başladılan həbs dalğası bölgələrlə yanaşı, Bakının rayonlarında da davam etdirilməlidir?

– Təbii, paytaxtda elə hallar baş verir ki, rayonlardakılar onun yanında demək olar heç nədir. Rayonda uzaqbaşı icra nümayəndəsini dəyişməklə 3-5 manat alar, digər işlərlə pul qazanar. Bakıda isə yeyinti halları daha geniş miqyaslıdır. Cənab prezident gözəl bir fikir işlətdi ki, rüşvət verib vəzifəyə gələn adam verdiyi pulu çıxartmalıdır. Bu icra başçıları da vəzifə üçün pul veriblər və nəyin bahasına olursa-olsun verdiyini çıxarmağa çalışır. Bunun yükü isə sonda icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, rayondakı sahibkarların üzərinə düşür. Şəxsən mənim tanıdığım elə adamlar var ki, onlar uzun illərdir bələdiyyə sədrləridir. Onları bu vəzifəyə sırf pul yığmaq üçün qoyublar. Bakıya gəlincə, burda daha böyük imkanlar var. Odur ki, paytaxtda yerləşən rayonların icra hakimiyyəti başçılarının əksəriyyəti başdan-ayağa rüşvətin, korrupsiyanın, haqsızlığın içindədir. Bu səbəbdən də narazılıqlar, əhalinin etirazı və baş verən qanunazidd əməllər Bakıda daha qabarıq şəkildə büruzə verir. Düşünürəm ki, başladılan həbs dalğası Bakının rayonlarında da davam etdirilməlidir. Bu məsələdə ayrıseçkilik etmək lazım deyil. Buna görə də xalqın iradəsinin əksinə gedən hər kəs, vətəndaşları kim incidirsə, kim rüşvət və korrupsiyaya bulaşıbsa, hamısı eyni aqibəti yaşamalıdır. Təklif edirəm ki, qeyri-qanuni yollarla, vəzifəsindən sui-istifadə etməklə külli miqdarda gəlir əldə edən məmurların pulları, əmlakları əllərindən alınsın. Bunun üçün xüsusi fond yaradılmalı və korrupsioner məmurlardan müsadirə olunan vəsaitlər həmin fonda keçirilməli, oradan isə ehtiyacı olan vətəndaşlara paylanılmalıdır. Sualınıza qayıdaraq, bir daha qeyd etmək istərdim ki, bu gün Bakı şəhərindəki icra hakimiyyətlərində daha böyük yeyintilər var. Belə ki, abadlıq işləri adı altında külli miqdarda pullar yeyilir, torpaqlar, yaşıllıqlar satılır. Biz hər zaman bu barədə öz fikirlərimizi bildirmişik. Lakin onda ağzımızdan vurublar ki, danışmayın. Bu gün isə sevindirici haldır ki, prezident xalqın iradəsinə söykənərək, korrupsioner məmurların cəzalandırılması prosesinə start verib. Biz siyasilər isə öz növbəmizdə, bu məsələdə ölkə başçısının yanındayıq və daim onu dəstəkləməliyik. Əfsuslar olsun ki, prezidentin ətrafında olan elə qüvvələr var ki, onlar bu işlərin başında dururlar. Yəni hamı icra başçılarının kimə, hara tabe olduğunu və nə ilə məşğul olduğunu yaxşı bilir. İstərdim ki, ölkə başçısı bu məsələdə də öz qəti mövqeyini ortaya qoysun.

“İcra başçıları həbs olunan rayonların prokuroru, polis rəisi nədən çöldə qalmalıdır?!”

– Hazırda belə bir fikir də səsləndirilir ki, icra başçısı həbs olunan rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyətə cəlb olunmalıdır. Siz bununla razısınızmı?

– Təbii, mən də bu qənaətdəyəm ki, icra başçıları həbs olunan rayonların prokuroru, polis rəisi nədən çöldə qalmalıdır?! Məgər, polis, prokuror icra hakimiyyətində baş verənləri, icra başçısının əməllərini görmürdü? Təbii ki, hamının məlumatı olub. Axı, bu və digər rayonda yalnız icra başçısı yoxdur, orda polis rəisi də var, prokuror da. Mən həmişə demişəm ki, rayonların heş birindən düzgün, dəqiq məlumat çatdırmırlar. Ona görə ki, ordakı 3-4 qurumun hamısı biri digərindən 5 manat artıq yeyə bilər, biri o birindən 5 manat əskik yeyə bilər. Amma hamısı bir “çete”dir və olduqları rayonu talan edirlər. Parlament seçkiləri ərəfəsində namizədliyimi irəli sürdüyüm rayondakı kəndlərdən birinə getdim və gördüm ki, orda nə su, nə də qaz var. Lakin rayon icra hakimiyyətləri əsas küçələri süpürtməklə, 4-5 gül əkməklə, evlərin üstünü emulsiyalamaqla işini bitmiş hesab edir. Belə iş olmaz. Cənab prezident dəfələrlə deyib ki, rayonlara sərmayə gətirilməli, xaricdən iş adamları dəvət edilməlidir. İndi gəlin görək, nümunə üçün bircə dənə belə rayon varmı? Təbii ki, yoxdur. Əksinə, rayonlarda sahibkarları incidirlər, icra başçıları və digər rəhbər şəxslər onlarla şərik olmaq istəyirlər. Məsələn, keçmiş baş prokuror Zakir Qaralov Gəncəbasarda böyük işlər görən nüfuzlu sahibkar Şəmsi Səmədzadəyə şəriklik təklif etmişdi. Həmin sahibkar bununla razılaşmadığına görə onu həbs etdirib ömürlük hökm verdirdi. Bunlar hamısı faktlardır və düşünürəm ki, bunlar əməllərinə görə qanun qarşısında cavab verməli, məsuliyyətə cəlb edilməlidirlər. O cümlədən, bildirim ki, heç olmasa bundan sonra rayonlarda iş yerlərinin açılmasına ciddi şəkildə önəm verilməlidir. Çünki əksər rayonlarda iş yerləri yoxdur, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa və bununla da yeni iş yeri yaratmağa çalışanlara haqq qoyurlar, onların normal fəaliyyətinə imkan vermirlər. Rayon icra başçıları 1000-1500 manat maaş alsalar da, az qala hamısı milyardlar sahibidirlər, övladları min-cür oyunlardan çıxır. Düşünürəm ki, mən bütün bunlarla bağlı hələ bir neçə il əvvəl danışanda tədbir görülsəydi, bu gün ölkədə belə bir vəziyyət yaranmazdı. Mərkəzi icra aparatından, icra orqanlarından tutmuş nazirlərin hansı salamatdır? Özünüz gördünüz, baş nazirin keçmiş müavininin nəvəsi hansı oyunlardan çıxdı, baş nazirin keçmiş müavini İsmət Abbasov ölkəni necə talan etdi. Əslində, bunları deməyin özü böyük təhlükədir. Amma biz bu təhlükəni xalq və dövlət başçısına ideoloji baxımdan yardım üçün göz önünə almışıq. Belə ki, biz siz müdia nümayəndələri vasitəsiylə gördüyümüz, bildiyimiz, eşitdiyimiz neqativ halları, qanunsuz əməlləri, korrupsiya faktlarını deyir və bunların həllini tələb edirik. Çox təəssüflər olsun ki, dediklərimizin bəzilərini indiyədək qulaqardına veriblər. Lakin düşünürəm ki, bundan sonra bu sahədə böyük işlər görüləcək.

“Hesab edirəm ki, qısa müddətdə daha ciddi faktlar açıqlanacaq və daha böyük fiqurlardan haqq-hesab sorulacaq”

– Bugünlərdə saytların birinə verdiyiniz açıqlamada qeyd etmisiniz ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirlən əməliyyat zamanı tutulan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevi himayə edən şəxs uzun illərdən bəri Prezident Administrasiyasında şöbə müdiridir və korrupsioner icra başçılarını o dəstəkləyir. Ən böyük korrupsionerlərdən birinin məhz həmin adamın olduğunu bildirməklə yanaşı, onun da həbs olunmasının vacibliyini vurğulamısınız. Sizin deyiminizlə desək, rüşvətxor məmurları prezidentə “yaxşı” kadr kimi təqdim edən həmin şəxs kimdir?

– Onun kim və hansı postda təmsil olunduğu aydın məsələdir. Bunu hamı bilir, bu, elə bir gizli məsələ deyil. Ona görə də ad çəkmək istəmirəm. Azərbaycan xalqı icra başçılarına kimlərin rəhbərlik etdiyini gözəl bilir. Onlar vaxtilə Ramiz Mehdiyevin yığdığı kadrlardır. Məgər, o, bilmirdi ki, bulvarda çayçı işləyən Mahir Quliyevi Astaraya icra başçısı qoymaq olmaz? Bilirdi. Eyni zamanda, onun ətrafında olan, bu sahəyə kuratorluq edənlər nədən vaxtında bu barədə prezidenti məlumatlandırmırdılar? Düşünürəm ki, bunlar kifayət qədər ciddi məsələlərdir və bu səbəbdən də dərhal araşdırılmalıdır. Bu barədə danışdıqda, bildiklərimizi cəmiyyətlə bölüşdükdə təzyiqlərə məruz qalırıq, bizi incidirlər. Bizim bu cür faktları açıqlamağımız qərəzdən irəli gəlmir. Bu, dövlətə, xalqa, ölkə başçısına olan sadəqətimizdən irəli gəlir. Yoxsa, biz də sakit dura, rüşvət bulaşanların yanında dura bilərik. Lakin biz bu yolun yolcusu olmadığımızdan ölkədə baş verən problemləri, məmur özbaşınalığını ifşa edirik. Təbii ki, prezidentin təkbaşına bu kimi problemləri həll etməyə gücü çatmaz. Odur ki, ölkə başçısına böyük kömək lazımdır. Biz öz növbəmizdə, əlimizdən gələni edirik, lakin ətrafındakılar da ona kömək etməlidir. Onlar bilməlidirlər ki, tək adam hər şeyi həll edə bilməz. Əgər belədirsə, onda bu qədər dövlət aparatı nəyə lazımdır?! Düşünürəm ki, korrupsioner məmurların əlləri zamanında kəsilməli idi. Mən dəfələrlə demişəm ki, korrupsioner məmurlar rüşvət almasalar, axşam xanımları onları evə buraxmırlar. Bu qədər, vicdansızlıq, xalqa, dövlətə, ölkə başçısına xəyanət etmək olmaz. Hesab edirəm ki, qısa müddətdə daha ciddi faktlar açıqlanacaq və daha böyük fiqurlardan haqq-hesab sorulacaq. Düşünürəm ki, daha ciddi mafioz qüvvələrin üzərinə gedilməsi məqsədəuyğun olar. Çünki məhz bu, xalqı daha da ümidləndirər. Odur ki, xırda fiqurlardan çox da yapışmağa dəyməz. Ona görə ki, həmin rayonların kuratorları cavab verməlidirlər. Niyə onlar vaxtında bununla bağlı ölkə başçısına məlumat verməyiblər? Prezident özü də bəyan edib ki, məktubları, məlumatları ondan gizlədiblər. Kim gizlədirdi? Və həmin şöbənin müdiri nədən bu gün orda oturmalıdır? Niyə əməllərinə görə cavab verməməli, cəzalarını almamalıdır? Odur ki, bunların hamısı düşündürücü və mütləq cavablandırılmalı suallardır.

“Kamran Əliyev baş prokuror olaraq, zamanında ona imkan verilmədiyi işləri bu gün qabartmalıdır”

– Hafiz bəy, necə düşünürsünüz, uzun illər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəhbərlik etmiş Kamran Əliyevin baş prokuror vəzifəsinə təyin olunması o anlama gəlirmi ki, bundan sonra korrupsioner məmurların həbsi artacaq, bu istiqamətdə daha ciddi işlər görüləcək?

– Təbii. Çünki indiki baş prokuror ləyaqətli insandır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəhbərlik etdiyi dövrdə çox şeyləri bilir. Ona işləməyə imkan verməyən isə baş prokuror Zakir Qaralov idi. Əlbəttə, Zakir Qaralov getdikdən sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və digərlərinin də əl-qolu açıldı. Onu da qeyd edim ki, ölkədə hüquqi islahatlara başlanılmalı, bu istiqamətdə ciddi işlər görülməlidir. Eyni zamanda, Kamran Əliyev baş prokuror olaraq, zamanında ona imkan verilmədiyi işləri bu gün qabartmalıdır. Ölkə başçısının da ona verdiyi tövsiyələr bundan ibarət oldu ki, ciddi işləmək lazımdır, məsələlər qərəzli olmamalı, ortaya ciddi faktlar çıxmalıdır. Düşünürəm ki, hörmətli Kamran müəllim bu yöndə əlindən gələni edəcək. Hesab edirəm ki, o, bu məsələlərlə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə kömək etməli, hər iki qurum bir yerdə mövcud olan nöqsanları aradan qaldırmalıdırlar. Əgər bu, çox qısa müddətdə həyata keçirilsə, daha yaxşı effekt verə bilər.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org