Hava proqnozunu verənlər necə işləyir?

Baxış sayı:
2152

23 mart Ümumdünya meteoroloqlar günüdür. Bu gün hava haqqında hər şeyi bilməyə imkan verən insanların - bütün dünyanın hidrometeoroloqlarının peşə bayramıdır.
Muxalifet.az-ın xəbərinə görə, Milli hidrometeorologiya departamentinin direktoru, coğrafiya üzrə fəlsəfə doktoru, respublikanın əməkdar mühəndisi Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib ki, hidrometeoroloq peşəsi kifayət qədər nadir, kütləvi olmayan peşələrə aid edilir:
“Meteoroloqun işində tədqiqat obyektinə və müşahidə edilən hadisələrin obyektiv interpretasiyasına fasiləsiz diqqət vacib şərt hesab edilir.
Meteoroloqlar – xüsusi təhsilə malik insanlardır. Sözügedən peşənin mütəxəssisləri müşahidəçi, texnik, elmi işçi, mühəndis və operatorlardan ibarət olur”, - deyə o bildirib.
Umayra Tağıyeva bu sahə ilə məşğul olan mütəxəssislərin işinin təfərrüatı barədə də danışıb:
“Sinoptiklər hava proqnozunu hazırlayır, aeroloqlar atmosferin yuxarı qatlarının tərkibini öyrənir, dəniz hidrometeoroloqları dəniz bölməsini, aviameteoroloqlar isə hava nəqliyyatını hidrometeoroloji məlumatlarla təmin edirlər. 
Hidrometeoroloqların işi çox həssas olub, yüksək dəqiqlik tələb edir. Bu peşəni həm çətin və eyni zamanda romantik adlandırmaq olar. Belə ki, bu peşənin mütəxəssisləri ilə təbiət arasında daimi əlaqənin saxlanılması nəzərdə tutulur. Meteostansiyanın işçiləri buludlar üzərində müşahidə aparmaqla onun tipini, formasının dəyişməsini, yüksəkliyini qeyd edir, digər meteoroloji parametrlər üzrə ölçü işləri aparırlar. Hidroloqlar ölkənin yüksək dağlıq ərazilərində ekspedisiyalarda iştirak etməklə, qar ehtiyatlarını ölçüb və qiymətləndirib, buzlaqları öyrənir və bir çox digər işləri görürlər”.
Onun sözlərinə görə, sinoptiklərdən peşəkar bilik və vərdişlərdən əlavə, analitik bacarıq və peşəkar intuisiyanı inkişaf etdirmək tələb olunur. Ona görə ki, bir-birinə oxşar proseslər olmadığından, müxtəlif modellərin göstəriciləri ilkin şəraitdən asılı olaraq, bəzən əks nəticələr verir. Bu mərhələdə sinoptik yeganə düzgün qərar qəbul etməlidir, belə ki, vaxtında və düzgün verilmiş proqnozdan, işi bilavasitə hava şəraitindən asılı olan insanların – neftçilərin, dənizçilərin, aviatorların və iqtisadiyyatın müxtəlif sahələrinin işçilərinin təhlükəsizliyi asılıdır.
Bununla da sinoptiklərin işinin çox məsuliyyətli və eyni zamanda çox maraqlı olmasını qeyd etmək artıq olar.
“Yağış mümkündür” və ya “yağmursuz”, “küləyin güclənməsi” və ya “yüksək dalğa” kimi sadə frazaların arxasında böyük kollektivin gərgin əməyi durur. Qabaqcadan deyilmiş prosesin gözlənilməsi çox narahatedicidir”, - deyə baş hidrometeoroloq qeyd edib.