Haşdi Şabi liderindən açıq mesaj: “İbadi istəsə…”

İraq Baş naziri Heydər əl-İbadi kürdlərlə savaşmaq istəmirdi. Buna görə onlara 3 gün vaxt verdi.
 
Bu sözləri İraq telekanallarından birinə müsahibə verən Haşdi Şabi qruplaşmasının Kərkük üzrə səlahiyyətlisi Əli Tahir deyib:
“İraq Kürdüstanının lideri Məsud Bərzani tələblərimizi rədd etdi. Ona görə də əməliyyatlara başladıq. Əsas hədəfimiz onların İraq konstitusiyasına əməl etməsini təmin etmək idi. Hazırda Kərkükdə təhlükəsizliyi Haşdi Şabi döyüşçüləri deyil, Bağdad polisi təmin edir”.
Əli Tahir bildirib ki, əgər İbadi əmr versə, Haşdi Şabi döyüşçüləri Ərbilə doğru hərəkətə keçəcək:
“İraq ordusu 2003-cü ildəki sərhədləri bərpa etməyə çalışır. Hazırda siyasi müzakirələr davam edir”.
Haşdi Şabi komandirinin sözlərinə görə, onlar Kərkükdən qaçan kürd əhalinin qarşısını kəsməyiblər:
“Kərkükə girdiyimizdə kürd əhali qaçmağı planlaşdırırdı. Ancaq biz onlarla danışıqlar apardıq. Bildirdik ki, biz qardaşıq, qaçmağa ehtiyac yoxdur. Biz sizi qorumağa gəlmişik. Onlar evlərinə qayıtdı”.
Əli Tahir hazırda Kərkükdə vəziyyətin stabil olduğunu deyib:
“Kərkükə ara-sıra hücumlar olur. Ancaq vəziyyət stabildir. Burada ərəb, kürd, türkmən qardaşlarımız var. Onlarla qardaş kimi yaşayırıq”.