Haşdi Şabi ABŞ-a meydan oxudu: “Bir dəqiqə belə gecikməyin”

Kərkük şəhərindəki fəaliyyətindən sonra İraqdakı mövqeyi müzakirə mövzusu olan Haşdi Şabi qüvvələri ABŞ-a meydan oxuyub.
İranın dəstək verdiyi qüvvələr ABŞ xarici işlər naziri Reks Tillersonun İraqdan çəkilmə tələbinə cavab verib.
Haşdi Şabinin daxilində olan “Əsaib Əhlil Haqq”ın lideri Kais Həzali tvitter hesabından açıqlama verərək “İŞİD ortadan qalxan kimi siz İraqdan çəkiləcəksiniz” deyib: O, ABŞ-ın xarici işlər nazirinə də ismarış yollayıb:
“İŞİD varlığının yol açdığı bəhanə ortadan qalxdıqdan sonra sizin silahlı qüvvələriniz vətənimizi gecikmədən tərk etmək üçün hazırlıqlara elə bu anda başlamalıdır”.
Qeyd edək ki, R.Tillerson İraqdakı Haşdi Şabi daxil olmaqla, bütün xarici hərbi qüvvələrin İraqdan çəkilməsini tələb etmişdi.
İŞİD-in 2014-cü ildə yaranması ilə ona qarşı minlərlə iraqlı birləşərək Haşdi Şabi təşkilatını qurmuşdular. Təşkilat İraq dövlətinə bağlı olsa da, İrandan maliyyə və hərbi təlim dəstəyi alır.
2003-cü ildə İraqa daxil olan ABŞ-ın isə bu ölkədə 5000-dən çox əsgəri var.