Hansı hallarda yollar bağlana bilər? – EKSPERTƏN AÇIQLAMA

Baxış sayı:
17692

Azərbaycanda avtomobil yollarının bağlanması və bu səbəblə yaranan iri tıxaclar sürücülərin başlıca problemlərindəndir. Belə ki, dövlət əhəmiyyəli tədbirlər zamanı yolların bağlanması başadüşüləndir. Amma eyni tədbir səbəbilə şəhərin iki və ya daha artıq yerində yolların bağlanması insanda sual doğurur. Belə olan halda bu, sürücülərlə yanaşı ictimai nəqliyyat vasitələrindən istifadə edən insanların müəyyən problemlər yaşamasına səbəb olur. Aydın məsələdir ki, belə tıxaclar, böyüklərin işə, məktəblilərin isə təhsil müəssisələrinə yubanmalarına səbəb olur. Təcili tibbi yardım avtomobilləri ilə belə tıxaclara düşmək isə sözün əsl mənasında ölüm-dirim hadisəsinə çevrilir. Bəs görəsən hansı hallarda yollar həqiqətən də bağlana bilər? Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən yol nəqliyyatı eksperti Elməddin Muradlı bildirdi ki, yolların bağlanması “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir və aşağıdakı hallarda yollar bağlana bilər: “Qanunda yolların ölkə əhəmiyyətli və dövlət əhəmiyyətli tədbirlər zamanı bağlana biləcəyi bildirilir. Bu yaxınlarda qanuna dəyişiklik edildi ki, dini ekstremizmlə bağlı da hər hansı əməliyyat tədbiri keçirilərsə yol bağlana bilər. Təbii ki, yollar təmirlə əlaqədar olaraq da bağlana bilər”. Ekspert bildirdi ki, belə olan hallarda sürücülər əvvəlcədən məlumatlandırılmalıdırlar: “Qanunda bildirilir ki, yollar bağlanan zaman bu haqda əvvəlcədən kütləvi informasiya vasitələri ilə sürücülərə məlumat verilməlidir. Əgər təmirlə əlaqədar bağlanırsa, əvvəlcədən xəbərdarlıq nişanları qoyulmalıdır. Qanunda həm də bildirilir ki, sürücülərin bu barədə aidiyyatı qurumlardan birbaşa məlumat almaq hüququ da var. Məsələn, hər hansı bir sürücü səhər evdən çıxmazdan əvvəl dövlət yol polisindən hansı yolların bağlandığı və ya bağlanacağı haqqında məlumat ala bilər”. E. Muradlı bəzi məmurların yollara qanunsuz şəkildə məhdudiyyətlər də qoyduğunu dedi: “Əslində qanunlarımız gözəl yazılıb, sadəcə olaraq onun icrası ilə bağlı çatışmazlıqlar çoxdur. Təəssüflər olsun ki, bəzən yolu özbaşına bağlayanlar da olur. Məsələn bəzi məmurlar var ki, öz villalarının, bağ evlərinin, yaşadıqları evlərin asfaltına, giriş-çıxışına məhdudiyyət və ya şlaqbaun qoyurlar. Bəzi binaların həyətində görürsən sakinlər yığışıb özbaşına bir şlaqban qoyublar ki, bizim həyətə başqası girməsin. Məsələn Dövlət Sərhəd Xidməti Neftçilər prospektilə Zərifə Əliyeva küçəsini birləşdirən ara yolun hər iki başına şlaqbaun qoyaraq qanunsuz şəkildə özləri üçün parkinq yaradıblar”.