Hamilə qadının ölümünə səbəb olan həkim həbs olundu

Baxış sayı:
3658

Doğuş zamanı səhlənkarlığa yol verməkdə təqsirli bilinən Qobustan Rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsinin müdiri vəzifəsində işləmiş Kifayət Rzayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Qobustan Rayon Məhkəməsinin hökmü ilə Kifayət Rzayeva iki il altı ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, K.Rzayeva 17 oktyabr 2017-ci il tarixdə, saat 12.10-da Qobustan Rayon Mərkəzi Xəstəxanasına daxil olmuş 1988-ci il təvəllüdlü Zümrüd Günəşovanı doğuş şöbəsinə qəbul edib.

Daha sonra zəruri olan laborator analizlərin aparılmasını təmin etməyib. O, hamilə və hamiləliyin gedişi haqqında düzgün, həmçinin daha informativ məlumat toplamadan Zümrüd Günəşovanın doğuşunun təbii yolla idarə olunmasını həyata keçirib.

Bu səbəbdən dünyaya uşaq gətirən Zümrüd Günəşova həmin gün saat 20.00-da xəstəxanada ölüb.

İstintaq orqanı tərəfindən Kifayət Rzayevaya qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.