“Hamı Qarabağ uğrunda vuruşmağa hazırdır” - rumın analitikin dedikləri etiraz doğurdu

Baxış sayı:
9340

Ekspertlər “Qarabağ uğrunda ölməyə də, öldürməyə də hazır olmaq  namus məsələsidir” deyir

Ermənistan politoloqlarından, QHT üzvlərindən, jurnalistlərdən və dövlət qurumlarında çalışanlardan ibarət nümayəndə heyəti 30 mayda Rumıniyanın paytaxtı Buxarestdə toplantı keçirib. Ermənistanın perspektiv siyasi kursu müzakirə olunub, Rumıniyadan olan Avropa Parlamentinin üzvü Kristina Preda toplantı iştirakçıları qarşısında çıxış edib və “məxməri inqilab”dan sonra Avropa İttifaqının Ermənistana marağının artdığını və ermənilərin də bundan istifadə etmələrini bildirib.

Müzakirədə iştirak edən rumın analitik Armand Qoşu Qarabağ məsələsində Azərbaycanla dil tapmağın ermənilərə xeyri olacağını deyib və azərbaycanlıların Qarabağ uğrunda mübarizə aparmayacağını, Qarabağ uğrunda ölmək istəmədiyini, Qarabağ üçün vuruşmaq həvəslərinin olmadığını bildirib.

Sabiq MTN zabiti, siyasi ekspert İlham İsmayıl isə rumın analitikin azərbaycanlılar haqqında bu fikirləri ilə bağlı məqalə yazıb. İlham İsmayıl məqaləsində qeyd edir: “Niyə Avropada belə bir təsəvvür yaranıb ki, biz torpağımız uğrunda vuruşmayacağıq? Qəribə deyil? Təsadüfi adam da bunu söyləmir, izahat verir ki, Azərbaycanda çalışıb. Deməli, bizi də yaxşı tanıyır, həm də bu, yalnız onun qənaəti deyil. Qeyd edək ki, Qərbdən, hətta Rusiyadan olan siyasilərin də belə mövqeləri əvvəllər də səslənib. Sizcə, niyə Avropada bizlər haqqında belə təsəvvür formalaşıb? Cavab sadədir: 25 ildir işğal olunan torpaqlarını azad etmək üçün barmağını barmağının üstünə vurmayan dövlət, millət haqqında başqa nə cür düşünə bilərlər?

İlham İsmayıl ile ilgili görsel sonucu

İlham İsmayıl

Hələ Avropa yaxındır, uzaq Argentinada da belə fikirləşirlər. Orda erməni dilində iki qəzet çıxır, hətta onlar da bu fikirdə olduqlarını yazırlar. Hamı bizim vuruşmaq istəyimizin olmadığı qənaətindədir. Qarabağ uğrunda 20 min şəhid verən bir ölkə niyə bu günə qaldı ki, indi kənardakılar da düşmənlərə deyirlər ki, ”Azərbaycan Qarabağ uğrunda vuruşmaq istəmir". Bu, reallıqdır və avropalılar da 25 illik reallıqdan çıxış edirlər... Görün, biz nə qədər özümüzü Qarabağ probleminə laqeyd və biganə göstərmişik ki, yadlar da uzaqdan, yaxından müşahidə edib deyirlər ki, “Azərbaycan Qarabağ uğrunda vuruşmaq istəmir”. Biz-Azərbaycan Ordusu, əsgərləri avropalılarda, düşməndə, qeyrilərində, hətta bəzi  özümüzünkülərdə də formalaşan bu təhlükəli fikri, qənaəti bir gündə darmadağın edə bilərik. Edək, qoy gedib sonra nə istəyirlər fikirləşsinlər, bizi qınasınlar, parlamentimizdə çıxış edən rumın deputat bizim azadlıq müharibəmizi işğalçılıq hesab etsin, amma bizim Qarabağ uğrunda savaşdığımızı dünya bir də görsün".

Bir rumın analitikin “Azərbaycanlılar Qarabağ uğrunda vuruşmaq, ölmək istəmir” fikrinin İlham İsmayıl tərəfindən “həqiqəti deyir” şəklində təsdiqlənməsi birmənalı qarşılanmayıb.  

Pənah Hüseyn ile ilgili görsel sonucu

Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qeyd edib ki, bu cür fikirlər azərbaycanlılara böhtandır: “Lakin bir də bunun doğru olmadığını döyüş meydanında sübuta ehtiyacı vardır. Və Qarabağ uğrunda ölməyə də, öldürməyə də hazır, qadir olduğumuzu sübut etmək milli namus məsələsidir. Bunun başqa adı yoxdur!”.

Akif Nağı ile ilgili görsel sonucu

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, rumıniyalı analitikin fikri bizim üçün o qədər də önəmli deyil, ermənilərə yaxın olduğu açıq görünən həmin şəxs azərbaycanlıları tərifləyəsi deyildi: “Bu cür mövqe sərgiləmək üçün kifayət qədər məlumatlı olmaq lazım idi, bu şəxsin belə bir məlumatlı olmaq imkanı olubmu, inandırıcı deyil. Təəssüf edirəm ki, bəzən azərbaycanlı ekspertlər emosiyaya qapılır, yanlış hisslərini reallıq kimi təqdim edirlər. Bu halda da elədirsə, ancaq təəssüf edə bilərəm. Xaricdəkilər bilməsələr də, daxili ekspert və politoloqlarımız bu cür məsuliyyətsiz çıxışlar etməməlidirlər. Azərbaycan cəmiyyətindəki  əhvali-ruhiyyəni daim öyrənən və diqqətdə saxlayan təşkilatın rəhbəri kimi deyə bilərəm ki, xalqımızın böyük əksəriyyəti hər an döyüşməyə hazırdır, işğala sərt dözümsüzlük nümayiş etdirir və sərt şəkildə müharibənin başlanmasını tələb edir. Bunu görməmək mümkün deyil. Aprel döyüşlərinin təcrübəsi çox şey dedi, bunu unutmamalıyıq. Birinci Qarabağ müharibəsi də fərdi qəhrəmanlıq nümunələri ilə zəngindi. Xalqın mövqeyini əks etdirən bu amillərdir. Yalnız bu amillərə söykənən fikir söyləmək olar”./musavat.com