“Halkbank”ın icraçı direktoru ilə bağlı YENİ XƏBƏR: NATO-lu müttəfiqlərin əlaqələrində müsbət inkişafın əlamətləri görünür

Baxış sayı:
6925

Tuvan Gümrükcü

“Reuters”

Cümə günü rəsmi Anadolu Xəbər Agentliyi məlumat yayıb ki, Nyu-York prokurorları dövlətə məxsus “Halkbank”ın (Türkiyə) sabiq müdiri haqqında həbs cəzasını uzatmaq vəsatətini geri götürüb.

Bu məlumatdan sonra “Halkbank”ın (“HALKB.IS”) səhmləri təxminən 4 faiz bahalaşıb. Belə ki, bazar iştirakçıları bu hərəkətin Vaşinqton və Ankara arasında diplomatik əlaqələrin daha da yaxşılaşmasının göstəricisi kimi qiymətləndirib.

ABŞ məhkəməsi “Halkbank”ın icraçı direktoru Hakan Atillanı may ayında İrana sanksiyalardan yayınmaqda kömək etmək ittihamı ilə 32 aylıq həbs cəzasına məhkum edib. Bu, ABŞ və NATO üzrə müttəfiqi Ankara arasındakı münasibətləri gərginləşdirib.

Hər hansı bir yanlışlığı inkar edən “Halkbank”, bu günə qədər Türkiyə prezidenti Tayyib Ərdoğanın hökumətinə qarşı siyasi hücum olaraq qınanan iddia ilə əlaqədar potensial ABŞ cərimələri ilə üzləşib.

“Anadolu”, mənbələrə istinad etmədən, xəbər verib ki, Nyu-York prokurorluğu ikin olaraq cəza müddətinin çox qısa olduğunu söyləyərək vəsatət qaldırıb. Məhkəmə prokurorlardan apellyasiya şikayətinin detallarını dekabrın 6-na qədər təqdim etmələrini istəyib, lakin apelyasiya şikayəti daha sonra geri götürülüb.

Daha ətraflı məlumat mövcud deyil və Nyu-York prokurorluğu Cümə günü şərh vermək üçün əlçatmaz olub.

“SEB” təhlilçisi Per Hammarlund bildirib: “ABŞ prokurorluğunun cəzanın uzadılmasına səy göstərməməsi yaxşı xəbərdir. Bu, Türkiyə ilə ABŞ arasındakı əlaqələrin normallaşmasının əlamətidir”.

Ötən ay Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşdükdən sonra Hakan Atillanın Türkiyəyə qayıtması məsələsini müzakirə etdiklərini və cəzasının qalan hissəsini vətənində çəkə biləcəyini söyləyib.

Cümə namazından sonra İstanbulda jurnalistlərlə söhbət edərkən, “Anadolu”nun məlumatına dair suallara cavab olaraq Ərdoğan deyib: “Müsbət inkişaflar var. Ümid edirəm səylərimizin barını əldə edəcəyik”.

Keçən ay Ərdoğan “Halkbank”la bağlı müzakirələrin “müsbət yön aldığnı” söyləyərək, məsələni ABŞ prezidenti Donald Trampla müzakirə etdiyini söyləyib.

“Anadolu” Hakan Atillanın iyulun 25-də sərbəst buraxılacağını təxmin edir. Bu halda, o, artıq 14 ayı həbsdə keçirmiş olur.

NATO-lu müttəfiqlər arasındakı gərginlik bu il lirələrin ucuzlaşmasını sürətləndirib, amma valyuta məzənnəsi diplomatik əlaqələrlə bərabər inkişaf edib.

Ankara ilə Vaşinqton arasındakı əlaqələr Türkiyədə terror ittihamı ilə əlaqədar mühakimə olunan pastor Endrü Bransonun oktyabr ayında azad edilməsindən sonra inkişaf etməyə başlayıb.

Bundan qabaq Suriyadakı ABŞ siyasəti və Fəthullah Gülənin Türkiyəyə təhvil verməməsi, habelə digər məsələlərə görə münasibətlərdə qırılma mövcud idi.

2016-cı ildə çevriliş təşəbbüsünə görə Ankara Gülənin ekstradisiyasını tələb edir. Gülən, öz növbəsində, ittihamı rədd edir.

Tərcümə: Strateq.az