HALAL SÖZÜN XİDMƏTİNDƏ! - Tanınmış şair Elbariz Məmmədlinin 60 yaşı tamam olur

Baxış sayı:
3788

Bu gün Azərbaycanın tanınmış şairi Elbariz Məmmədlinin 60 yaşı tamam olur. Bu altmış ilin tam qırx ili halal sözün xidmətində keçib.
 
Elbariz Məmmədli 1960-cı ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 1977-ci ildə Çaparlı kənd orta məktəbini, 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
 
Bədii yaradıcılığa erkən yaşlarından başlayan Elbariz Məmmədlinin ilk şeiri ötən əsrin səksəninci illərində Şəmkir rayonunda çıxan “Ulduz” (indiki “Şəmkir”) qəzetində çap olunub. Artıq uzun illərdir ki, respublika mətbuatında bədii və publisistik yazıları ilə çıxış edir.
1991-ci ildən "Azərbaycan dəmiryolçusu" qəzetinin müxbiridir.
1996-cı ildə publisistik fəaliyyətinə görə "Qızıl qələm" mükafatına layiq görülüb.
 
"Durna harayı", ”Mən savaşa çağırıram” və “Dünya iki rəngdədir”, “Bitməyən ömür karvanı” və Vasif Süleymanla birlikdə yazdığı   “Məxmər yolların sirri” kitablarının müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,  "Fəxri dəmiryolçu"dur. 
 
Elbariz Məmmədlinin şerləri haqqında təkcə ölkə mətbuatında deyil, qardaş Türkiyənin mətbuat orqanlarında da fikirlər yazılıb.
 
 
ADAMLAR
 
Bitdi son ümid də, bitdi,
Bitdi vicdanlı adamlar.
Kəsib bütün qapıları,
Vicdanı qanlı adamlar.
 
Ağıl qəhətə çəkilib,
Təpər xəlvətə çəkilib,
Başa  nə vədə çəkilib,
İblis tavanlı adamlar?
 
Vətən ki, var, tam almadıq,
Bir niyyətdən kam almadıq.
Tamından ilham almadıq,
Ölüymüş canlı adamlar.
 
Doğrular düzünü satır,
Şairi sözünü satır,
Gör , kimlər özünü satır-
Kişi ünvanlı adamlar.
 
Dil basılıb, qutudadı,
Düşüncənin sudu dadı,
İlahı, sevgin hardadı?
Tükəndi şanlı adamlar.
 
  
SƏNDƏN UZAQDA
 
Fikrimi bir yerə cəmləyəmmirəm,
Həyat nə ağırmış , səndən uzaqda.
Dünyanın nə qədər qar –yağışı var,
Canıma yağırmış, səndən uzaqda.
 
Yollar həsrətinə pərçimlənibmiş,
Buludlar qəmindən əlçimlənibmiş,
Dörd bir tərəfimə dərd çilənibmiş,
Ruhumu sağırmış, səndən uzaqda.
 
Elə inanmışdım, xoş olan günə,
Duyğusu göylərə baş alan günə,
Çatmır boş əllərim, boşalan günə,
Hamısı nağılmış, səndən uzaqda.
 
Bilmirəm, sonuna nə qalıb ömrün,
İşınə yaramır bu halım, ömrün,
Qapını kəsdirən qocalıq ömrüm,
Yetimmiş, fağırmış, səndən uzaqda.
 
 
BU QIŞ
 
Havası könlümcə deyil,
Ürəyimə yağır, bu qış.
Kimsə , hardasa üşüyür,
Kürəyimə yağır, bu qış.
 
Səngərlərdə göy uçulur,
Qarında lalə açılır.
Taleyimə don biçilir,
Gör, nəyimə yağır, bu qış.
 
Sərhədlər içə çəkilir,
Bir üzü köçə çəkilir,
Yolları haça çəkilir,
Əməyimə yağır , bu qış.
 
Ruhum yadlaşır özümə,
Bu qəm nə,”gülür” üzümə?
Çoxdandı halal duzuma-
Çörəyimə yağır, bu qış.
 
Elbariz Məmmədli