"Hakimiyyətin Azərbaycanı münaqişədən uzaq tutmaq xəttini doğru sayıram" - ƏLİ KƏRİMLİ

Baxış sayı:
2299

“Son günlər baş verənlər cəmiyyətimiz üçün bir test oldu. Cəmiyyyət olaraq zəif yerlərimizi bildik. İndi sosial şəbəkələrdəki qarşıdurmanı dayandırmaq, Azərbaycan, azərbaycançılıq, Azərbaycan bayrağı ətrafında daha sıx birləşmək lazımdır”.

Bu barədə müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli İran generalı Qasim Süleymaninin yanvarın 3-də Bağdad beynəlxalq hava limanında Amerikanın hava zərbəsi nəticəsində öldürülməsinə münasibət bildirərkən yazıb.

General Süleymaninin Bağdadda öldürülməsindən sonra Azərbaycanda sosial şəbəkələrdə İranın müdafiəçiləri ilə qərbyönümlülər arasında mübahisələr yaranıb. Hətta, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı `general Qasım Süleymaninin ABŞ rəhbərliyi tərəfindən terror aktı ilə qətlə yetirilməsini qətiyyətlə pisləyir, ittiham edirik` deyə bəyanatla çıxış edib.

AXCP sədri Əli Kərimli bildirir ki, general Qasım Süleymaninin öldürülməsi Azərbaycan cəmiyyətini üz-üzə qoymamalıdır.

“ABŞ dünyanın ən böyük gücüdür və dünyanın hər yerində öz vətəndaşlarını və maraqlarını müdafiə edə bilir. İran böyük regional gücdür. Atdığı addımların, verdiyi qərarların məsuliyyətini bilməmiş deyil. İnanıram ki, hər iki dövlətin rəhbərliyi böyük savaşdan yayınmağa çalışacaq. Onların öz maraqları da, bizim Azərbaycan olaraq marağımız da bunu tələb edir. Regionda böyük savaş heç kimə fayda verməz. Hökumətə olan tənqidi münasibətim hamıya bəllidir. Bu barədə hər gün danışıb, yazıram. Ancaq hakimiyyətin regionda ola biləcək münaqişədən Azərbaycanı uzaq tutmaq xəttini doğru sayıram. Ola biləcək münaqişədən Azərbaycanı uzaq tutmaq iqtidarlı-müxalifətli, cəmiyyət olaraq indi hamımızın əsas vəzifəsidir.”

Kərimli hesab edir ki, Azərbaycan cəmiyyətindəki hazırkı dərin parçalanma dövlət maraqlarına ziddir.