Hakimiyyətin “aclıq olsun, kef olsun” siyasəti

Əliyev israfçılıqla mübarizədən danışa-danışa “Gül bayramı” keçirir
 
Neftin qiyməti ucuzalşandan sonra Azərbaycan büdrəməyə başladı.  Bazarda qiymətlər artıdı, milli valyuta qiymətdən düşdü, iş yerlərində ixtisarlara start verildi, valyuta ehtiyatları azalmaqğa başladı və.s  Çünki, Azərbaycan neftdən asılı bir dövlətdir və qeyri-neft sektoru demək olar ki, yoxdur. Yaranmış vəziyyətin ağırlığını hakimiyət də etiraf etdi və ölkə başçısı İlham Əliyev “İsrafçılığa yol vermək olmaz, vəsaitlərin qədrini bilmək lazımdır” söylədi. Həmişəki kimi prezidentin bu çıxışı da havada qaldı. Məlum oldu ki, söhbət xırda israfçılıqlardan gedirmiş. Sən demə, “Gül bayaramı” adı altında 10 milyonlarla vəsaitin zibilliyə atılması israfçılıq deyilmiş. Belə bir böhranlı vəziyyətdə hökumətimiz daha təntənəli “Gül bayramı” keçirmək qərarına gəlib.
Hesablamalara görə, hər il bu tədbirə 10 milyon vəsait xərclənir. Bəzi mənəblərə görə 20-30 milyon sərf olunur. İstənilən halda belə bir tədbirə bu qədər vəsaitin xərclənməsi dövlət səviyəsinə həyata keçirilən korrupsiya layihəsi kimi qiymətləndirilməlidir. İndiyə qədər “Gül bayramı”na 100 milyonlarla vəsait xərclənib. Amma rəsmi şəkildə “Gül bayramı”na xərclənən vəsaitlə bağlı açıqlama verilmir.  “Gül bayramı”na sərf olunan vəsaitlə ölkədə xeyli problemləri həll etmək olar.  Bu ölkədə məcburi müalicəyə ehtiyacı olan 100-lərlə insan var, bu ölkədə evsizlikdən əziyət çəkən 10 minlərlə gənc ailə var. Bir nəfərin doğum gününə sərf olnan vəsaitlə, 10 minlərlə insanın həyatını xilas etmək mümkündür. Hakimiyyət isə açıq şəkildə bildirir ki, pulu zibilliyə atarıq, xalqa vermərik. Heç bir normal ölkədə belə israfçılığa yol verilə bilməz. İlham Əliyev hər dəfə sübut edir ki, onun söylədiyi fikilərə ciddi yanaşmaq olmaz. Manatın sabit qalacağını söylədi, 34 faiz devalvasiya baş verdi. Qiymətlərin qalxmayacağı vədini verdi, qiymətlər qalxdı. İndi də israfçılıqla mübarizədən danışandan sonra, ən böyük israfçılığa start verdi.
Göründüyü kimi, ölkə başçısı səviyyəsində vətəndaşın qarşısında heç bir məsuliyyət hiss olunmur.  İlham Əliyev açıq şəkildə insanlarla oyun oynayır.
Bir tərəfdə kredit borcunun əsirinə çevrilmiş vətəndaşlar, bir tərəfdə sığorta pulunu ala bilməyən şəhid ailələri, bir tərəfdə Şuşanın işğalının ildönümü, bir tərəfdə də büdcənin talanı hesabına həyata keçirilən “Gül bayramı”. Sanki, hakimiyyət vətəndaşlara acıq vermək, hiddətləndirmək üçün bu bayramı keçirir. Ən ağrılı məsələ budur ki, bu tədbir ölkədə gülçülüyün inkişaf etdirilməsinə, yerli sahibkarların mənfəətinə xidmət etmir. Dünyanın müxtəlif yerlərindən güllər gətirilir və 1-2 gündən sonra zibilə çevrilir.  Amma bir gecədə vətəndaşlara dəymiş 1.7 milyard manatın taleyi qaranlıq qalıb.
Bir sözlə məqsədli şəkildə ölkənin sərvətləri məhv edilir və vətəndaşa heç bir hörmət qoyulmur. Bu “gül bayramı” yalnız hakimiyyət üçün keçirilir. El arasında bu bayrama “qul bayramı” adı verilib(azadliq.info).