"Hakimiyyəti qorumaq üçün Rusiyaya mümkün qədər çox güzəştə gedirlər” – SÜLHƏDDİN ƏKBƏR

Azərbaycanın Milli Təhlükəsizlik Nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər "Amerikanın Səsi"nə verdiyi müsahibədə Rusiyanın Xəzərdəki geo-siyasi maraqları və bunun Azərbaycanın xarici siyasətinə təsiri barədə danışıb.
 
Xəzər və Cənub Qafqaz bölgəsinin Rusiya üçün hər zaman çoğrafi, hərbi baxımdan əhəmiyyətli olduğunu vurğulayan Sülhəddin Əkbər bildirir ki, 1721-ci ildə Rusiya İmperiyası yarandıqdan sonra ilk məqsədləri cənub istiqamətinə hərəkət edərək, Xəzər dənizi vasitəsilə isti suları olan limanlara sahib olub, Hind okeanına çıxış əldə edə bilmək idi.
"Hökümət hakimiyyəti qorumaq üçün yeganə çıxış yola kimi Rusiyaya mümkün qədər çox güzəştə getməkdə görürlər.”
Çox zaman bir dövlətə təzyiq göstərmək üçün yalnız güc nümayişi yetərli olur.
Bir neçə gün öncə Rusiya Federasiyası Hərbi Dəniz Donanması gəmilərinin Bakıya gəlməsinə münasibət bildirən Açıq Cəmiyyət Partiyasının sədri baş verənləri "güc nümayişi" kimi dəyərləndirib.
“Müasir dövrdə isə Rusiya həm Şərqi Avropa, Həm Qara Dəniz həm də Xəzər region boyunca hərbi varlığını və aktivliyini artırmağa çalışır. Çox zaman hər hansı bir dövlətə təzyiq göstərmək üçün mütləq oraya hərbi müdaxilə etməyə ehtiyac olmur. Güc nümayişi yetərli olur. Azərbaycan da bu ölkələrdən biridir.”

Rusiya hərbi gəmiləri Bakıda

Ermənistan-Azərbaycan münaqişəsini Rusiyanın Ermənistan vasitəsilə Azərbaycana qarşı apardığı vəkalət müharibəsi kimi qiymətləndirən Sülhəddin Əkbər qeyd edir ki, Rusiya gələcəkdə bölgədəki sabitliyin pozula bilmə ehtimalından narahatdır.
“Rusiya bu bölgədə öz hərbi qüvvələrini artırmağa çalışır ki, əgər Azərbaycanla Emənistan arasındakı dondurulmuş münaqişə yenidən müharibəyə dönüşərsə, Rusiyanın buradakı legitim hərbi-siyasi iştirakı yetərsiz ola bilər.”

"Azərbaycan hökümət Rusiyadan tam asılı vəziyyətə düşüb"

Sabiq nazir müavini bildirir ki, apardığı yalnış strategiya nəticəsində hazırda Azərbaycan hökümət Rusiyadan tam asılı vəziyyətə düşüb.
“Azərbaycan höküməti həm ABŞ-dan, həm də NATO-dan məsafəli siyasət apardığına görə Rusiya qarşısında təkbaşına müdafiəsiz qalıb. Ona görə də hakimiyyəti qoruyub, saxlaya bilsinlər deyə yeganə çıxış yolu kimi Rusiyaya mümkün qədər çox güzəştə getməkdə görürlər.”

"ABŞ və Avropa Birliyi Rusiya ilə əlavə toqquşma istəmir"

Azərbaycanla Qərb qurumları və ABŞ arasındakı bu cür uzaqlaşmanın səbəbinin həm də Qərbin apardığı siyasətin nəticəsi olduğunu qeyd edən Sülhəddin Əkbər əlavə edir ki, Azərbaycanda aktivliyin artması istər ABŞ üçün olsun, istərsə də Avropa Birliyi üçün olsun Rusiya ilə əlavə geopolitik cəbhə açmaq deməkdir.
“Hazırki vəziyyətdə ABŞ və Avropa Birliyinin geosiyasi, strateji, iqtisadi və hərbi baxımından Azərbaycana o qədər də ehtiyacı yoxdur. Həm də hazırda Ukrayna, Gürcüstan, Moldova kimi həll olunmamış, daha kəskin duran problemləri var. Rusiya ilə münasibətlərin bugünkü vəziyyətini də nəzərə alarsaq belə demək mümkündür ki, onlar Rusiya ilə əlavə toqquşma istəmirlər.”