“Hakimiyyətdə hansısa qüvvələr siyasi məhbus probleminin həllini arzu etmir” – ƏLİ ABBASOV

Baxış sayı:
14896

Muxalifet.az AMEA-nın Fəlsəfə İnstitutunun professoru, analitik Əli Abbasovun azpolitika.info-ya müsahibəsini oxuculara təqdim edir:
 
- Əli müəllim, Azərbaycanla Avropa Birliyi arasında imzalanması gözlənilən strateji partnyorluq sazişi haqda müzakirələr getsə də, onun əhəmiyyəti, Azərbaycana qazandıra biləcəyi üstünlüyü barədə az məlumat var. Sizcə, bu sənəd Azərbaycan üçün hansı əhəmiyyəti ola bilər?
 

– Hesab edirəm ki, söhbət çox gözəl, əhəmiyyətli və lazım olan bir sazişdən gedir. Bu sazişin imzalanması Azərbaycan üçün müəyyən qədər perspektivlər açacaq. Məsələn, Azərbaycan vətəndaşlarına imkan tanınacaq ki, viza almadan Avropa ölkələrinə gedə bilsinlər. Düzdür, gedib orada işləmək kimi üstünlük olmayacaq, amma əvəzində turist kimi gedib-gəlmək indiki qədər müşgül olmayacaq. Bildiyiniz kimi, vaxtı ilə Avropa Birliyi keçmiş SSRİ respublikaları ilə müxtəlif səpkili proqramlar həyata keçirib. Bura Yaxın Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlıq proqramları daxildir. Sonucda Belarus istisna olmaqla, digər ölkələr Avropa Birliyi ilə buna oxşar sazişlər bağlayıb. Bununla da, ticarətdə, təhsildə, turizmdə, elmi məsələlərdə böyük imkanlar açılıb. Bir sözlə, bu sazişin imzalanmasının xeyri çoxdur və onda neqativ nələrsə axtarmağa dəyməz.
 
- Sazişdə demokratiya, insan haqları sahəsində hansı müddəalar varmı?
 

– Bəli, insan haqları, demokratiya kimi mövzularla bağlı da müddəalar var. Lakin çox maraqlıdır ki, sazişi imzalayacaq hər iki tərəf son zamanlar bu mövzuda danışmağa üstünlük vermirlər. Mən hesab edirəm ki, bunun da müəyyən səbəbləri var. Zənnimcə, Avropa Birliyinin özü belə bir sazişin imzalanmasında maraqlı olduğu üçün müəyyən mövzulara çox girmir. Eyni zamanda, müşahidə edirsiniz ki, son dövrlər Azərbaycanda pozitiv istiqamətdə müəyyən addımlar atılır, imkanlar yaranır. Konkret olaraq həbsxanada olan siyasi məhbusların bir qismini azad ediblər. Düzdür, həbsxanalarda siyasi məhbus olan şəxslər hələ də var. Üstəlik, yeni həbslər də həyata keçirilir. Ola bilsin ki, hakimiyyət daxilində hansısa qüvvələr siyasi məhbus probleminin həll edilməsini arzu etmirlər və bu səbəbdən də başqa şəxslər həbs olunur. Amma buna rəğmən müəyyən addımlar atılır. Düşüncəmə görə, biz nə qədər Avropaya yaxın olsaq, bizə bir o qədər yaxşı olacaq. Ona görə də, sazişin imzalanmasını mühüm hadisə sayıram.
 
- Sizin dediklərinizdən belə nəticəyə gəlmək olarmı ki, saziş daha çox iqtisadi münasibətlərin tənzimlənməsini özündə ehtiva edir?
 

– Xeyir, saziş bütün istiqamətləri özündə ifadə edir. Nəzərə alın ki, Avropa Birliyinin indiyə qədər olan proqramlarının hamısında iqtisadiyyatla yanaşı siyasət, sosial, humanitar, insan haqları, turizm, mədəniyyət kimi istiqamətlər olub. Yəni bu kimi proqram və ya sazişlərdə bütün aspektlər nəzərə alınır və razılaşdırılır.
 
- Sazişlə bağlı tərəflərin razılaşa bilmədiyi müddəalar hansılardır?
 

– Problem ondan ibarətdir ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Məhz buna görə çoxlu problemlər yaranır. Yəni uzlaşma üçün dialoq gedir. Ticarət məsələlərində tərəflər arasında anlaşma olmalıdır.
 
- Sazişin 90 faizi razılaşdırılıb, 10 faizi razılaşdırılmayıb deyiləndə bunlar nəzərdə tutulur?
 

– Bəli, 10 faiz bu istiqamətlə əlaqəlidir. Ümumdünya Ticarət Təşkilatının üzvü olan dövlətlər bir-birilə iqtisadi münasibətlərdə ümumi qəbul edilən prinsipləri əsas götürürlər. Yəni onlar arasında suallar yaranmır və Avropa Birliyi ilə də saziş imzalananda tərəflər razılaşır ki, iqtisadi məsələlərdə Ümumdünya Ticarət Təşkilatının prinsipləri əsasında tənzimlənmə həyata keçiriləcək. Biz isə Ümumdünya Ticarət Təşkilatının üzvü deyilik. Bu səbəbdən də qeyd etdiyim problemlər ortaya çıxıb. Ortada gömrük, vergi və s məsələlər var ki, bunu Azərbaycanla Avropa Birliyi ikilikdə razılaşdırmalıdır. Ümidlər onadır ki, mayın sonlarına qədər tərəflər dialoqu başa çatdırıb, sazişi imzalaya biləcək.
 
- Sazişdə işğal edilən ərazilərimiz, Dağlıq Qarabağ konflikti öz təzahürünü hansı formada tapıb?
 

– Əslində biz bunu sazişin sonuncu mərhələsi hazır olub ortaya çıxarılanda dəqiq biləcəyik. Ancaq bu başdan baxanda qeyd edim ki, biz Avropa Birliyinə daxil olmuruq ki, konflikt daha ciddi problem yaratsın. Biz, sadəcə olaraq assosiativ üzvlüyə oxşar bir saziş imzalayırıq. Sözsüz ki, sazişdə konfliktin sülh yolu ilə həll edilməsi vurğulanır, amma konfliktdən asılı olmayaraq bu saziş bağlanmalıdır.
 
- Belə iddialar var ki, Avropa Birliyi sazişdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi vurğulanmasını qəbul etmir…
 

– Vaxtı ilə Avropa Birliyinin rəsmi qurumları işğal edilən ərazilərin Azərbaycanın torpaqları olmasını qəbul edib, bununla bağlı müvafiq qərarları olub. Ancaq bu konkret formada sazişdə öz əksini tapmalıdır. Təəssüflər ki, sənədin layihəsi ortada olmadığından daha geniş fikir ifadə etməkdə çətinlik çəkirəm.
 
- Sənədin ictimai müzakirəsinin keçirilməsinə ehtiyac varmı və sizcə, nədən bu təşkil edilmir?
 

– Sözsüz ki, sənədin ictimai müzakirəsi olduqca əhəmiyyətli olardı. Hər bir sənədin ictimai müzakirəsi təşkil edilməlidir. Çünki bu sənəd xalq, dövlətlə bağlıdır və xalqımız bilməlidir ki, nəyə imza atılır. Ancaq görüntü belədir ki, ictimai müzakirə keçirmədən imzalanacaq.
 
- Bəzən belə iddialar da səslənir ki, saziş imzalansa da, onun Avropa Parlamentində ratifikasiyası müqavimətlə üzləşə bilər. Çünki orada Azərbaycana müxalifətdə olan qüvvələr, habelə erməni lobbisini dəstəkləyən qruplar var…
 

– Buna normal yanaşmaq lazımdır. Sözsüz ki, elə böyük bir qurumda hər bir dövlətə qarşı lobbi fəaliyyət göstərir. Ancaq iş ondadır ki, sazişi imzalayanda bilirlər ki, onun ratifikasiyasında problem olmayacaq. Mən hesab edirəm ki, sazişin Avropa Parlamenti tərəfindən qəbul edilməsində heç bir çətinlik yaranmayacaq. Həm də belə sənədlərin qəbulu zamanı konsensusun olmasına ehtiyac yoxdur. Bu, ümumi bir sənəddir və səs çoxluğu ilə qəbul edilir. Avropa Birliyinə üzvlük zamanı isə prosedur fərqlidir və səsvermə zamanı hər bir ölkənin nümayəndəsi razılığını ifadə etməlidir. Əgər üzv dövlətlərdən biri etiraz etsə, bu zaman ciddi problem yaranır və həmin dövlət birliyə üzv ola bilmir. Məhz buna görə də, belə məsələlərdə öncədən konsensus əldə olunur. İndiki vəziyyət isə tam fərqlidir. Həm də Gürcüstan, Ukrayna, Moldova, Ermənistan belə sazişi imzalayıb və onlarla bağlı problem olmayıb. Səhv etmirəmsə hətta Qazaxıstanla da bağlanıb.
 
- Bəs bu sazişə mane olmağa çalışan kənar qüvvələr varmı?
 

– Məncə, yox. Burada qeyri-adi bir şey də yoxdur. Sazişin tərəflərindən biri udur, o mənadakı Avropa Birliyi ölkələrinə vizasız gedir, ticarət əlaqələri tənzimlənir və s. Avropa Birliyi də uduş əldə edir, o mənadakı həmin ölkədəki prosesləri daha yaxından izləmək imkanı əldə edir, əlaqələrdə daha yaxınlıq yaranır. Amma bəzi qüvvələr arzu etmirdi ki, Azərbaycan belə sazişi imzalasın. Səbəb kimi də insan haqlarını göstərir, lakin bunu açıq ifadə etmirdilər. Amma son dəyişikliklərlə həmin qüvvələrin mövqeləri zəifləmiş olub.
 
- Ancaq Rusiya Ukrayna, Moldova, Ermənistan və Gürcüstanın belə saziş imzalamasına sərt reaksiya göstərirdi…
 

– Bəli, bu ümumi bir proses idi. Ancaq nəticədə saziş imzalandı. Ukraynada iki konflikt var, Gürcüstanda iki konflikt var. Yəni konfliktləri bizdən çox idi. Hətta Belarusa qarşı çıxan qüvvələrin özü indi fəallıq göstərmirlər və çalışırlar ki, onlar da belə sazişə meyl göstərsin. Ancaq Belarus Rusiya-Belarus ittifaqını imzalayıb. Yəni gələcəkdə bir dövlət kimi yaşamalıdırlar. Hesab edirəm ki, Lukaşenko da bu amildən Rusiyaya təzyiq kimi istifadə edir. Əgər Minsk Avropa Birliyi ilə belə sazişə getsə, Rusiyaya qarşı manevr imkanlarını tükəndirəcək.
 
- Bu sazişin Azərbaycanla imzalanması Qarabağ konfliktinin həllinə təkan verə bilərmi?
 

– Əslində ola bilər. Avropa Birliyi münaqişə ilə aktiv məşğul olmur. Sadəcə olaraq Brüssel daima deyirdi ki, münaqişənin həllində yaxından iştirak edəcək, amma faktiki iştirak etmirdi. İndi belə bir imkan yarana bilər. Amma bütün hallarda ATƏT-in Minski qrupunun formatı dəyişməyəcək.