Hakimiyyət vətəndaşlara 300 min dollar borcu olan deputatın hərəkətinə qiymət vermir

Baxış sayı:
12937

Oktyabrın 2-də Azərbaycan MSK Rafael Cəbrayılovun Milli Məclisin deputatı mandatından imtina etməsilə bağlı müraciətinə baxıb. Müraciət təmin edilib.

İmtinaya deputatın bir qrup şəxsə qaytarmadığı 300 min dollar borc ilə əlaqədar qalmaqal səbəb olub. Şikayətçilər deputatı məhkəməyə veriblər və işi qazanıblar. Bundan sonra R.Cəbrayılov istefa verməyə məcbur olub.

Hakimiyyət bu məsələnin hüquqi müstəvidə həll olunduğunu, mətbuatda və parlamentdə müzakirə edilməsinin mənasız olduğunu bildirərək qalmaqalı hər vəchlə yatırmağa çalışır. Bu bəyanatla Milli Məclisin iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov çıxış edib.

Ancaq əslində belə bir bəyanat o deməkdir ki, məsələ həll olunmayıb. Heç kim deputatın hansı əsaslarla bizneslə məşğul olduğunu izah etməyib və niyə bu, müzakirə edilməməlidir? Zərərçəkənlərə pulu kimin qaytaracağı da məlum deyil.

Ancaq yəqin ki, bu, son deputat qalmaqalı deyil. Ötən gün məlum olub ki, daha bir deputatı, Çingiz Qənizadəni məhkəməyə veriblər. Onun da bir qrup vətəndaşa külli miqdarda borcu olub. Hər iki halda deputatlar kommersiya biznes layihələri üçün pul götürüblər./Turan