​“Hakimiyyət “Turan”ı susdurmaqda maraqlıdır” – MEHMAN ƏLİYEV

“Vergilər Nazirliyi əvvəl cəriməni tətbiq edib, indi əsaslandırmğa başlayıb”

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 7 avqsut 2017-ci il tarixində “Turan” İnformasiya Agentliyinə qarşı cinayət işi açıb və ibtidai istintaqa başlayıb. Agentlik 37 min manat vergini ödəməməkdə ittiham olunur. Hazırda agentlikdə yoxlama aparılır.

“Bizdə analoqu olmayan bir vəziyyətdir”

İttihamı haqsız hesab edən agentliyin rəhbəri Mehman Əliyev “Hürriyyət”ə bildirib ki, məqsəd agentliyi bağlamaqdır: ““Turan”ı susdurmaqda hakimiyyət, bütövlükdə hamı maraqlıdır. Vergilər Nazirliyi əvvəl cəriməni tətbiq edib, indi əsaslandırmğa başlayıb. Çünki əvvəldən əsası yox idi. İndi də heç bir konkret fakt yoxdur. Yəni bizdə analoqu olmayan bir vəziyyətdir”.

“Bu ittiham hakimiyyət tərəfindən sifarişdirsə, bu hakimiyyətin bir qolu da məhkəmədir”

“Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmisiniz. Məhkəmənin ədalətli qərar çıxaracağına ümid edirsinizmi” sualına M. Əliyevin cavabı belə oldu: “Açığını deyim ki, mən məhkəmlərə gedib-gəlirəm, informasiya sorğusu əldə etmək üçün dövlət orqanlarını məhkəməyə verirəm, çox uzadırlar, qərar qəbul etmirlər. Yəni məhkəmələr ədalətli qərar qəbul etmək iqtidarında deyillər. Əlbəttə ki, bu ittiham hakimiyyət tərəfindən sifarişdirsə, bu hakimiyyətin bir qolu da məhkəmədir. O halda məhkəmə hansı ədalətli qərar qəbul edə bilər”.