“Hakimiyyət seytnot vəziyyətinə düşə bilər”

Sülhəddin Əkbər: “Anti-böhran tədbirləri hökumətin buraxılmasından başlanmalıdır”
 
Manatın məzənnəsinin kəskin şəkildə aşağı düşməsindən sonra ölkədə müşahidə edilən bahalaşma dalğası insanların sosial-iqtisadi vəziyyətini əhəmiyyətli dərəcədə gərginləşdirib. Azərbaycanın bəzi regionlarında baş verən etiraz aksiyaları, intiharlar da mövcud vəziyyətin milyonlarla insanın həyatını yaşanmaz hala gətirdiyini göstərir.
Vəziyyətin kritikliyi ali siyasi hakimiyyəti müxtəlif islahatlar həyata keçirməyə məcbur edib ki, bura vergi və gömrük sistemində həyata keçirilən dəyişikliklər, bəzi dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi, dövlət balansında olan bir sıra qurumların özəllşdirilməsi, yerli istehsal sahələrinin yaradılmasına diqqətin artırılması və s. daxildir.
Maraqlıdır, hakimiyyətin həyata keçirdiyi məlum anti-böhran tədbirləri ölkənin içində olduğumuz böhrandan qurtulması üçün yetərlidirmi? Hakimiyyətin böhranla daha effektli mübarizə üçün atmalı olduğu, fəqət atmadığı hansı addımlar var?
Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər ölkədəki vəziyyətin kifayət qədər gərgin və acınacaqlı olduğunu bildirib. Onun sözlərinə görə, mövcud vəziyyətdən qurtulmaq üçün köklü islahatların həyata keçirilməsi zəruridir: “Ən qəribəsi budur ki, hakimiyyət ölkəni bu böhrana salan komanda ilə də böhrandan qurtulmağa çalışır. Bu isə kökündən yanlış bir yanaşmadır. Söhbət dövlət idarəçilik sistemindəki böhrandan gedirsə, deməli orada köklü islahatlar aparılmalıdır. Nə qədər ki, bu hökumət var, bu hökumətin mövcudluğu şəraitində həyata keçirilən hər hansı islahatın nəticə verəcəyinə inanmıram. Məsələn, Azərbaycanda sənayenin inkişafı, əlverişli investisiyaların cəlbi ilə bağlı ilk baxışdan müsbət təsir doğuran bir qərar qəbul edilib. Qeyd olunub ki, investisiya təklif sənədi alanlara çox böyük güzəştlər ediləcək. Mən soruşmaq istəyirəm, bu investisiya təklif sənədini kim verəcək, hansı şərtlərlə verəcək, kimə verəcək? Orada şəffaflıq təmin ediləcək, yoxsa yox? Yoxsa bunun özü də korrupsiya mənbəyinə çevriləcək? Mən əminəm ki, korrupsioner hökumət qaldıqca, bu, əlavə korrupsiya mənbəyi rolunda çıxış edəcək. Istədikləri adamlara bu sənədi verəcək, bunun faydalarından özləri, öz yaxınları bəhrələnəcək”.
Partiya sədrinin fikrincə, vəziyyəti müsbətə doğru dəyişmək, sosial-iqtisadi durumu yaxşılaşdırmaq üçün ölkədə islahatçı hökumətin qurulmasına böyük ehtiyac var: “Hakimiyyət bu həqiqəti gec-tez başa düşməlidir. Buna uyğun da addımlar atmalıdır. Əks təqdirdə, əsasən inzibati tədbirlərdən ibarət olan anti-böhran tədbirləri nəticə verməyəcək. Əksinə, mövcud vəziyyət bir qədər də ağırlaşacaq”.
S.Əkbər hesab edir ki, ilk olaraq mövcud hökumət buraxılmalı, onun əvəzinə şəffaf, islahatlara meylli hökumət formalaşmalıdır: “Vəziyyəti dəyişmək üçün kompleks, sistemli, ardıcıl və davamlı addımlar atılmalıdır. Bu addımlar isə ilk növbədə hökumətin buraxılmasından başlamalıdır. Sözün həqiqi mənasında islahatçı bir hökumət qurulmalıdır. Bu hökumət isə şəffaf, hesabatlı şəkildə fəaliyyət göstərməlidir”.
Sülhəddin Əkbərin sözlərinə görə, proseslərin gedişatı yaxın gələcəkdə daha ciddi sosial etirazların baş qaldıracağını proqnozlaşdırmağa imkan verir: “Bir tərəfdən kütləvi ixtisarlar gedir. Iş yerləri bağlanır. Işləyənlərin aldıqları maaşlar azalır. Belə bir vəziyyətdə ölkədə sosial etirazların meydana gəlməsi təbbidir. Hesab edirəm ki, sosial etirazlar yaxın gələcəkdə daha qabarıq şəkildə özünü büruzə verəcək. Hakimiyyə də, cəmiyyət də buna hazır olmalıdır. Lakin o zaman atılacaq addımlar çox gec olacaq. Belə davam edəcəyi təqdirdə hakimiyyət bir müddətdən sonra seytnot vəziyyətinə düşəcək və onun vəziyyətdən çıxmaq üçün tədbir görməyə də vaxtı qalmayacaq. Ən təəssüfedici hal odur ki, vəziyyətin ciddiliyini hakimiyyət hələ də başa düşmüş deyil. Hakimiyət elə başa düşür ki, əvvəlki vaxtlarda olduğu kimi, baş verən hər hansı etirazı zor gücünə yatıra, prosesləri nəzarət altına ala biləcəklər. Yalanlarla, inzibati metodlarla vəiyyətdən çıxa biləcəklər. Onlar bu məsələdə olduqca yanılırlar. Vəziyyət kifayət qədər ağırdır və getdikcə daha da ağırlaşacaq”.