Hakimiyyət komandasında nə baş verir? – Şantajçıların fiaskosu

Baxış sayı:
10339

Prezident İlham Əliyevin hakimiyyət komandasında islahatlara maneə yaradanların olması barədə fikirləri geniş ictimai müzakirələrə səbəb olub. 

“Yeni Sabah” xəbər verir ki, ölkə başçısı bu fikirləri oktyabrın 16-da keçirilən iqtisadi müşavirədə səsləndirib. 

“Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. 

Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”, - deyə İlham Əliyev bəyan edib.

Ölkə başçısının fikirlərini “Yeni Sabah”a şərh edən siyasi analitik Azər Rəşidoğlunun fikrincə, mesaj köhnə məmurlara ünvanlanıb. “Gəldiyim nəticə budur ki, korrupsiyaya uğramış və Prezidentin xəbərdarlığını saymayan məmurlar fiaskolarını gözləyir. Onlar  dərk edirlər ki, tezliklə sonları gələcək. Buna görə də hər cür sabotaja əl atırlar.  

Prezidentə yanlış məlumatlar verilir və hər vəchlə çalışırlar ki, Prezident sərt addımlar atsın. Vətəndaşlar Birincidən narazı deyillər, lakin bu bərbad ideoloji işdən narazıdırlar və bu sahədə dəyişiklik olmazsa, narazılıq ünvanı tədricən dəyişə bilər”, - deyə analitik vuruğulayıb.

Azər Rəşidoğlunun sözlərinə görə, hazırda yumşalma siyasəti xəttinə üstünlük verilir. Lakin buna qarşı çıxanlar var və bu, əslində xəyanətə yol açır: “Prezident müdhiş bir xəyanətlə üz-üzədir. Əslində,  İlham Əliyevin qarşısında iki yol qalır. Ya  o komandanı dəyişir, ya da komanda onun islahatlar paketini sabotaj edir. 

Həmin məmurların nə vaxtsa Əliyevin yeni müxalifəti kimi meydana çıxması da nəzərdən qaçmamalıdır. Lakin fakt budur ki,  İlham Əliyev ölkənin işğalını və müstəqilliyin əldən getməsini əngəlləmək istəyir. 

Digər qrup isə ancaq özlərini qorumaqla məşğuldur. Belə olan təqdirdə, təbii ki, mötədil insanlar prezidenti dəstəkləyəcəklər. İlham Əliyev ona arxadan zərbə vurmağa hazır olan bəzi məmurlardan təcili xilas olmalı, xalqa və müstəqil ekspertlərə üz tutmalıdır. Belə olarsa,  qısa bir zamanda Azərbaycanda legitimliyi şübhə doğurmayan hakimiyyət formalaşa bilər. 

Yeni dövrdə belə siyasət işləmir və işləyə də bilməz. Zorakılığı təbliğ etmək yox, cəmiyyətə barışıq əlini uzatmaq lazım gəlir. Necə olur ki, ölkənin Birinci və İkinci şəxsi bunu edir, digər bir neçə məmur isə vəziyyəti daha da sərtləşdirir. 

Media siyasəti o qədər nöqsanlıdır ki, bu şəxslərin ucbatından  minlərlə  insan Vidadi İsgəndərov kimi ruhi xəstələrin çıxışına qulaq asır. Ona və onun kimilərə maliyyə və məlumatı kimin ötürdüyü isə ayrı təhlil mövzusudur. 

Bu baxımdan, ölkədə azad medianın yenidən qurulması da vacibdir”.