Hakimiyyət iri “balıq”ları kənarda qoyur

Sıravi şəxslər özbaşına qiymət artıra bilərmi?

Azərbaycan hakimiyyəti “mübarizə” sözünə o qədər nifrət edir  ki, bütün mübarizə insanlarını şərləmək, həbs etmək istiqamətində dayanmadan fəaliyyət göstərir. Amma bir neçə il öncə hökumət də “mübarizə” aparmağa qərar verdi və Korrupsiyaya qarşı mübarizə idarəsi yaradıldı.

Hökumətin bu təşəbbüsü o zaman da qeyri-ciddi qarşılandı. Çünki, hakimiyyət qidalandığı mənbəyə qarşı mübarizə apara bilməzdi. Həqiqətən də bu təsdiqini tapdı və bir neçə aylıq “pəhriz”dən sonra yenidən talançılığa start verildi. Amma bu “mübarizə”ni legitimləşdirmək üçün arabir kimlərisə həbs etmək, görüntü yaratmaq lazım idi. Ona görə də məktəbdə 150 manat maaşa işləyən müəllimi, xəstəxanadakı laborantı, sıravi mühəndisi hədəf seçirlər və öz aləmlərində korrupsiyaya qarşı mübarizə görüntüsü yaradırlar.

Anjaq korrupsiya pramidasının başında oturanlar, aylıq hesab alanlar, rüşvəti qeyri-rəsmi dövlət siyasətinə çevirənlər hakimiyyətdə təmsil olunanlardı. Amma bir qayda olaraq iri balinalar okenada ağalıq edir, kilkələr qurban seçilir.

Son günlər ölkədə baş verən qiymət artımı, manatın ucuzlaşması da bu “mübarizə”ni fəallaşdırıb. Belə ki, Korrupsiyaya qarşı mübarizə idarəsi əməliyyat keçirib və  Mərkəzi Bankın qanunlarını pozan valyutadəyişmə məntəqəsinin işçiləri həbs olunub. 

Heç kimə sirr deyil ki, bu ölkədə heç bir valyutadəyişmə məntəqəsi özbaşına kurs dəyişə bilməz və bütün belə məntəqələr nəzarətdədir. Yəni həmişəki kimi böyüklərin cəzasını kiçiklər ödəməli olur. Elə görüntü yaratmaq istəyirlər ki, yaranmış vəziyyətin məsuliyyəti hökumətin üzərindən götürülsün.

Ölkə başçısı qiymət artıranları natəmiz, möhtəkir adlandırdı. Amma məlum olur ki, qiyməti qalxan məhsullar da, bu məhsulları satışa çıxaran iri ticarət obyektləri də məmurlara məxsusdur. Necə olur ki, əhaliyə ciddi zərbə vuran qiymət artımının qarşısı alınmır, prezidentin barmaq silkələməsinə baxmayaraq oliqarxlar qiymət artımına davam edir, amma buna görə heç kim cəzalandırılmır?

Əvvəlcə prezident milli valyutanın sabit qalacağını söylədi, ardınca Mərkəzi Bank vətəndaşlara yalan vədlər verdi və bütün bunlar azmış kimi qiymətlər sürətlə qalxır. Hüquq mühafizə orqanları isə 100-cü dərəcəli adamları həbs etməklə, guya məsələyə müdaxilə edirlər.

Bu onu göstərir ki, qiymət artımı hakimiyyətin razılığı əsasında baş verib və buna görə də prezidentin “natəmiz” adlandırdığı adamlar işlərin rahat şəkildə davam etdirirlər.

Bir sözlə, həbs edilməli, cəzalanmalı adamları hamı tanıyır, amma heç kimin tanımadığı sıravi vətəndaşlar cəzalandırılır. 

Hökumət hələ də başa düşmür ki, bu süni görüntülər  məsuliyyətdən azad etmir və korrupsiyanın, özbaşınalığın hardan qaynaqlandığını da vətəndaş yaxşı bilir.

Azadliq.info