​"Hakimiyyət daxilində çox ciddi qarşıdurma var "

Elşad Musayev: “Azərbaycanın gələcəyi Əli İnsanovun həbsdən azad olunmasını tələb edir”

“Müəyyən müddətdən sonra hakimiyyət ötürülə bilər”

“Hakimiyyətin öz daxilində də elə şərait yaranacaq ki, Əli İnsanovun həbsdən azad olunmasını istəyəcəklər”

Son günlər mətbuatda keçmiş səhiyyə naziri Əli İnsanovun Novruz bayramı ərəfəsində əfv ediləcəyi haqda informasiyalar verilir. Əslində, bu məlumat hüquq müdafiəçilərinin Əfv Komissiyasına tədqim etdiyi siyahıda Ə.İnsanovun adının olmasından qaynaqlansa da, təbii ki, son söz yenə də ölkə başçısınındır. Lakin, bununla yanaşı, belə iddialar da səslənir ki, üç gün əvvəl birinci vitse-prezident təyin olunan və 2018-ci ildə iqtidarın prezidentliyə alternativsiz namizədi olacağı şübhə doğurmayan Mehriban Əliyeva Qərbi Azərbaycanlıların dəstəyini qazanmaq üçün eks-naziri həbsdən azad etdirə bilər.
Maraqlıdır, əslən Qərbi Azərbaycandan olan və mətbuatda Əli İnsanovu açıq şəkildə dəstəkləyənBöyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bu haqda nə düşünür? Bu və digər suallara dünən “Hürriyyət”in qonağı olan E.Musayevlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. 

- Elşad müəllim, mətbuatda keçmiş səhiyyə naziri Əli İnsanovun əfv ediləcəyi haqda informasiyalar verilir. Siz Ə.İnsanovun azad ediləcəyini gözləyirsiniz?

- Bəlli olduğu kimi, Əli İnsanov 11 illik həbs müddətini yatıb. 11 il tamam olandan sonra, ona qarşı qurama, gülünc bir cinayət işi açıblar. Bu da onu göstərir ki, 
hakimiyyət Əli İnsanovu həbsdən azad etmək istəmir. Reallıq budur. Amma Avropa İnsan Haqları Məhkəməsinin də qərarı və beynəlxalq təşkilatların ciddi təzyiqi var. Hakimiyyət nümayəndələri, ən yüksək postda olan adamlar Avropaya dəvət olunur və onlardan Əli İnsanovun həbsdən dərhal azad olunması tələb edilir. Görünən budur. 
Əfv məsələsinə gəldikdə, mart ayının 11-də məhkəmə olmalıdır. Təbii ki, hakimiyyətin əsas güc sahibləri Əli İnsanovu həbsdən azad etmək istəmirlər. Amma bu hakimiyyətin müəyyən şansları da var ki, təcili məhkəmə keçirsin. Çünki ortada məhkəmə qərarı olmalıdır. Bunlar hələ yoxdur. Mənim informasiyama görə, son günlər yenə də Əli İnsanovla təmasa keçilib, görüşülüb və israrla ondan əfv diləməsi istənilib. Hansı formada olduğunu deyə bilmərəm, amma əfv diləməsi istənilir. Və onu da bilirəm ki, Əli İnsanov bu hakimiyyətdən heç vaxt əfv diləməyəcək. 

- Əli İnsanovla şəxsən görüşülüb, yoxsa vəkilləri və qohumları vasitəsilə ona əfv ərizəsi yazmaq təklifi çatdırılıb?

- Öncə onu deyim ki, bildiyiniz kimi, Əli İnsanovla bərabər çoxları yatdı. Məsələn, həmin vaxt Fərhad Əliyev də həbs olunmuşdu. Azərbaycan mətbuatının 99,9 faizi Fərhad Əliyevi qəhrəman, Əli İnsanovu isə cinayətkar kimi təqdim edirdi, yüz şəbədə qoşmuşdular. Amma hadisələrin gedişi göstərdi ki, Əli İnsanov Azərbaycanda bir kişilik nümunəsi göstərdi. Nə qədər pis şəraitdə saxlanılsa da, Əli İnsanov həbsdə ləyaqətlə yatıb. Halbuki, digər siyasi məhbusların hamısından pis şəraitdə saxlanılıb. Bütün bunlara və ağsaqqal yaşında olmasına rəğmən, Əli İnsanov dözür. Məhz bu dözümünə və Azərbaycan hakimiyyətinə qarşı dirənişinə görə, biz belə qərara qəlmişik ki, onu açıq şəkildə müdafiə edək.

- Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, martın 11-də Ə.İnsanovun barəsindəki həbs-qətimkan tədbirinin müddəti bitir və bir həftənin içərisində məhkəmənin qərar verəcəyi mümkünsüzdür...

- Açığı, mən Əli İnsanovun azad olunacağına inanmıram. Amma Azərbaycanda hər şey mümkündür. Azərbaycan hakimiyyəti, hakimiyyətin birinci adamı – İlham Əliyev istəsə, Əli İnsanovun həbsdən azad olunmasında heç bir problem yoxdur. Qısa müddətdə qərara verə bilər, formal bir hökm də oxunar. Ondan sonra da əfv edib azadlığa buraxa bilərlər. Yəni bu, şəxsən İlham Əliyevdən asılıdır. 

- Deyirsiniz ki, hakimiyyətdə əsas qüvvələr Əli İnsanovun azadlığa çıxmasına qarşıdır. Konkret kimləri nəzərdə tutursunuz?

- Güc sahibləri kimlərdirsə, onlar ökənin əsas qüvvələridir və Əli İnsanovun həbsdən azad olunmasını istəmirlər. Amma indi situasiya, şərait dəyişir, hakimiyyətin öz daxilində də elə şərait yaranacaq ki, Əli İnsanovun həbsdən azad olunmasını istəyəcəklər. Hakimiyyətin öz daxilində də ciddi mübarizə gedir, çox ciddi qarşıdurma var. Azərbaycanı da çox ciddi təhlükələr gözləyir. Ona görə, Əli İnsanov içəridə olsa da, o, çox böyük nüfuza malik şəxsdir, yekə çıxmasın, Azərbaycanın gələcəyi Əli İnsanovun həbsdən azad olunmasını tələb edir. 

- Sizin də dediyiniz kimi, artıq hakimiyyətdə qüvvələr nisbəti dəyişir. Ola bilər ki, Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsindən sonra “əsas qüvvələr” təsir imkanlarını itirsin? 

- Mən vitse-prezidentlik institutu yaradıldıqdan sonra hakimiyyət daxilində qüvvələr nisbətinin necə olacağı ilə bağlı status yazmışdım. Amma əvvəl ondan başlayaq ki, vitse-prezident təyin olunma məsələsi qanunauyğun idi, yoxsa uyğun deyildi? Mən hesab edirəm ki, İlham Əliyevin istər Mehriban Əliyevanı, istər də başqaları olsun, vitse-prezident təyin etmək hüququ yoxdur. Çünki qanunun geriyə qüvvəsi yoxdur. İlham Əliyev prezident seçiləndə mövcud olan konstitusiyaya görə, prezidentin vitse-prezident təyin etmək hüququ yoxdur. İkincisi, bizim qanunvericiliyə görə, iki yaxın qohum bir-birinin tabeçiliyində işləyə bilməz. Əgər işləyirsə, onlardan biri bir ay müddətinə istefa verməlidir. Bu baxımdan da qanun pozulur. Üçüncüsü, bu proses demokratiyanın, respublikaçılığın ruhuna ziddir. Üstəlik, Azərbaycanın beynəlxalq imicinə çox ciddi zərbə vurulub. Azərbaycan monarxiyaya gedir. Heç Səudiyyə Ərəbistanında, Cibutidə, Anqolada belə bir şey yoxdur. Bu, sadəcə biabırçı bir hadisədir. Onsuz da Mehriban Əliyeva bu ölkədə ikinci söz sahibi idi. Hansısa tədbir keçiriləndə Mehriban Əliyevanı başda, nazirləri gətirib aşağıda oturdurdular. Avropa Oyunlarını və digər oyunları misal gətirmək olar. Bu, siyasi məsələdir. Bizim də bu sahədə təcrübəmiz var və hesab edirik ki, müəyyən müddətdən sonra hakimiyyət bu yolla ötürülə bilər.
O ki qaldı qüvvələr nisbətinin dəyişməsinə, burada gizli heç nə yoxdur. İndi hamı bilir ki, hakimiyyətdə əsas qüvvə kimi Paşayevlər, ikinci Naxçıvan xəttidir. Üçüncü, dördüncü qüvvələr də var, amma onlar hadisələrə elə də təsir etmir. Proseslərin gedişi göstərir ki, İlham Əliyev Mehriban Əliyevanın timsalında Paşayevlərə üstünlük verir. Bütün boş kürsülərin hamısına Paşayevlərin, Mehriban Əliyevanın adamları yerləşdirilir. Doğrudur, indi hakimiyyətdə olan müəyyən qisim adamlar da var ki, deyirlər filan yerdəndirlər, amma bunların əksəriyyəti də Bakıda anadan olub. Məsələn, Oqtay Əsədov. Qərbi Azərbaycanlıdır, adam Bakıda anadan olub, Mehriban Əliyevanın - Paşayevlərin komandasındadır. Eləcə də başqaları... Yəni belə baxanda, deyirlər ki, baxaq görək Naxçıvandan, Qarabağdan, Gədəbəydən, Qərbi Azərbaycandan və s. nə qədər adam vəzifədədir, Bakıda doğulanlardan nə qədər. Bunların hamısı Mehriban Əliyevanın komandası hesab olunur.
Hadisələrin gedişi göstərəcək, Əli İnsanovun həbs olunmasında hamı maraqlı olub. Amma necə olacaq, bu xəttlə kim əməkdaşlıq etmək istəyəcək, kim istəməyəcək, onu zaman göstərəcək. İndi mən heç nə deyə, nə də Əli İnsanovun adından danışa bilmərəm.

- Bildirdiniz ki, hazırda hakimiyətdə əsas iki qüvvə var – Paşayevlər və Naxçıvan xətti. Sizcə, bu iki qüvvə hakimiyyəti bir yerdə idarə edə biləcək?

- İndiyə qədər ölkəni birgə idarə ediblər. Prinsipcə, vəzifəyə də kimi gətirib qoyublar... Misal üçün Cavid Qurbanov. İndi o da bir söz sahibidir, ona xeyli sahə verilib, xeyli pullar onun əli ilə silinib, heç kəs onu demir. Eləcə də vəzifədən çıxarılan, vəzifədə qalan başqa nazirlər, məmurlar olsun. Yaxud SOCAR, nəqliyyat, vergi sistemi olsun, bunların hamısı cinayətkar şəbəkənin üzvü kimi, bu ölkənin varidatının silinməsində iştirak edib. Yenə də ümumi razılığa gəlsələr, birgə idarə etməyə çalışarlar. Amma artıq hiss olunur ki, Paşayevlər qrupu hakimiyyəti ələ alıb. Birinci vitse-prezident də artıq onlardandır. Prezident olmadığı müddətdə ölkəni onlar idarə edəcək. Burda artıq birinci yerə İlham Əliyevin köməyi ilə Paşayevlər gəlib. Bundan sonra necə olacaq, onu zaman göstərəcək. Amma mən inanmıram ki, bunların birgə əməkdaşlığı davam etsin. Çünki münasibətlər həddən artıq gərginləşib. Və necə ki, Əli İnsanovun həbsindən sonra Qərbi Azərbaycanlılara təzyiqlər oldu, üzdə olan adamlar vəzifədən çıxarıldı və indinin özündə də göstəriş verilib ki, qəti bir adamı vəzifəyə qoymaq olmaz, həmin şeylər indi naxçıvanlıların üzərində gedir. Artıq Naxçıvan klanını sıxışdırıb çıxarırlar. “Naxçıvan klanı” deyəndə sadə naxçıvanlının ona aidiyyatı yoxdur. Amma əllərində milyardlar olanlar, bəli, Naxçıvan klanıdır. Təbii ki, bu adamlar da öz mövqelərini qoruyub-saxlamaq üçün əks-tədbirlər görəcəklər. Gözlənilən budur. 

- Yeri gəlmişkən, keçmiş baş prokuror Əli Ömərov Qərbi Azərbaycanlıların Mehriban xanımın birinci vitse-prezident təyin edilməsinə dəstək verdiyini bildirdi. Bu, Mehriban xanımın Qərbi Azərbaycanlıların mənəvi lideri kimi qəbul edilən Əli İnsanovu azad edəcəyinə olan inamdan irəli gəlmirmi?

- Əli Ömərov çox böyük səhv edib. Əgər Əli Ömərov öz adından belə bir bəyanat versəydi, heç kəs də ona heç nə deməzdi. Əli Ömərova heç kəs səlahiyyət verməyib ki, 90-95 faiz Qərbi Azərbaycanlının adından danışsın. Əli Ömərov özünü, vəzifəsini qoruya bilməmiş bir adamdır. İndi kimlərsə bir butulka göstərəcəklər, gəlib hansısa bölgə adından danışacaq?! Əli Ömərovun ağsaqqallarına da dünən dedim ki, onun ipini yığın. Özünə də xəbərdarlıq etmişik, getsin öz adından danışsın. Eləcə də başqa kiminsə öz şəxsi, qrup mənafeyi üçün hansısa bölgənin adaından istifadə etməsinin özündən ləyaqətsiz iş yoxdur. O boyda toplumu niyə kiminsə zərbəsi altından qoyaq?! Bu ölkədə sadə xalqın hamısı əziyyət çəkir, Qarabağlı da, Şirvanlı da, Qərbi Azərbaycanlı da, Gədəbəyli də, Naxçıvanlı da. İndi biri alver etsin, bunun adından danışsın, biri də alver etsin, onun adından danışsın... Əli Ömərov vəzifədə olub, hansı qaydada onu yola salıblar, bunu mən yaxşı bilirəm. Əli Ömərov vəzifədə olanda Heydər Əliyev onun haqqında nə deyib, onu da mən çox yaxşı bilirəm. 

- Deyirsiniz ki, Qərbi Azərbaycanlılar illərdir sıxışdırılır, indi də Naxçıvanlılar sıxışdırılmağa başlanıb. Bu iki böyük toplumun dəstəyi olmadan dövləti idarə etmək mümkündürmü?

(Ardı var)
Ayxan İLDIRIMTÜRK