​Hakim tanınmış idmançıya HÖKM OXUDU

Baxış sayı:
5986

Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Hökmə əsasən, Rövşən Heybətov barəsində 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.
Qeyd edək ki, prokuror Rövşən Heybətovun 8 il müddətinə azadliqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.
Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 210 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. Rövşən Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.
İstintaq sənədinə görə, Elnur Məmmədov işlə bağlı Rövşən Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. Rövşən Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman pulun üzərində olmadığını görüb. Elnur Məmmədov buna inanmayaraq, Rövşən Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.
İstintaq tamamlandıqda isə Rövşən Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib.
Onu da qeyd edək ki, Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub./axar/