HAKİM AXCP ÜZVÜ HAQDA ÇIXARDIĞI QƏRARA GÖRƏ İŞDƏN AZAD OLUNUB? – Samir Talıbov müəmmalara aydınlıq gətirdi...

Baxış sayı:
7663

“Götür-qoy edib, daha sərbəst olmaq, elmi işimi davam etdirmək qərarına gəldim”
 
Sosial mediada əsas müzakirə mövzularından biri Sabunçu rayon Məhkəməsinin keçmiş hakimi Samir Talıbovla bağlı məsələdir.
Pressklub.az xəbər verir ki, cəmi 1 il 4 ay hakimlik edən S.Talıbovun səlahiyyətlərinə apreldə xitam verilib. Rəsmi səbəb olaraq onun hakimlikdən uzaqlaşmaq istəyini ifadə edən şəxsi ərizəsi göstərilir. Amma Talıbovun baxdığı bir siyasi işdən sonra hakimlikdən uzaqlaşması suallar ortaya çıxarır. Söhbət AXCP fəalı Aqil Hümbətovun xeyrinə verilən qərardan gedir.
Küçələrdən karton, tullantı yığmaqla ailəsini dolandıran A.Hümbətov sosial mediada yaydığı videolarda insanların sosial-iqtisadi durumuna görə hökuməti tənqid edirdi. Martın 29-da axşam onun bu qəbildən növbəti videosu yayılıb. Ertəsi gün küçədə başqa fəhlələrlə birlikdə yol kənarındakı zibilləri toplayarkən onu polislər tutub, bölməyə aparıblar. Bir qədər sonra Xəzər rayon Polis İdarəsinin 1 saylı polis bölməsinə gələn həkimlər Təcili Tibbi Yardım maşınıyla onu Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına aparıblar. İki gecə orada saxlanılandan sonra xəstəxanaya Sabunçu rayon Məhkəməsinin hakimi Samir Talıbov gəlib. Hakim onunla söhbətləşdikdən sonra Aqilə deyilib ki, “evinə gedirsən.” A.Hümbətov xəstəxanadan buraxıldıqdan sonra “Facebook”da canlı yayımda bildirmişdi ki, evinə gəlmək üçün taksi pulunu da hakim öz cibindən verib.
Sonradan məlum oldu ki, A.Hümbətov məhz S.Talıbovun çıxardığı qərar əsasında xəstəxanadan buraxılıb.
Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov Sabunçu rayon Məhkəməsinə ərizə yazıb ki, A.Hümbətov martın 30-da xəstəxanaya Xəzər rayonu, 1-ci polis bölməsinin məktubuyla gətirilib. Polis məktubda yazıb ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər var. Xəstəxananın Həkim-Məsləhət Komissiyası da onu müayinə edib, “şəxsiyyətin paranoyal tip pozuntusu” diaqnozu qoyub, stasionar şəraitdə müalicəyə ehtiyacı olması barədə rəy verib. Lakin hakim S.Talıbov baş həkimin ərizəsinə “yox” deyib. Qərarda da yazıb ki, A.Hümbətovun məcburi psixiatriya xəstəxanasında saxlanılması üçün kifayət qədər əsaslar göstərilməyib.
S.Talıbov aprelin 1-də Aqili xəstəxanadan çıxarsa da, o, bu gün yenə həmin xəstəxanadadır. Aprelin 2-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov baş həkimin şikayətini təmin edib və dərhal da onu tutub, yenidən Maştağaya aparıblar.
Aprelin 1-də çıxardığı bu qərardan bir neçə gün sonra S.Talıbovun hakimlik səlahiyyətinə xitam verilib. Hakimə yaxın mənbələr iddia edir ki, onu məhz bu işə görə ərizə yazmağa məcbur ediblər. Sabunçu rayon Məhkəməsindəki başqa bir mənbə isə “Press Klub”a bildirdi ki, S.Talıbov uzun müddətdir məhkəmə sistemində işləsə də, hakimlik təcrübəsi çox deyildi: “Ali Məhkəmədə hakim köməkçisi işləmişdi, 2018-ci ilin dekabrında hakim təyin olunmuşdu. Bir ildən bir az çox işlədi. Hakimlik onun ürəyincə deyildi…”

Aqil Hümbətov
Keçmiş vəkil Rəşid Hacılı qeyd etdi ki, Azərbaycanın məhkəmə sistemində hakimin xüsusən siyasi xarakterli işlərdə öz iradəsinə uyğun qərar verməsi riskli addımdır. Onun fikrincə, bu addımı atan hakim həm də özünə cəza fərmanına imza atmış olur: “Qəti şəkildə deyə bilmərəm ki, hakimin çıxarılmasının səbəbi bu məsələdir. Amma məhz bu qərardan az sonra çıxarılması deməyə əsas verir ki, onun səlahiyyətlərinə xitam verilməsində həmin qərarın rolu olub. Qərarı oxuyanda gördüm ki, hakim normal qərar çıxarıb və gəldiyi nəticəni də əsaslandırıb. Göstərib ki, şəxsin məcburi qaydada psixiatriya xəstəxanasında saxlanılması üçün əsaslar yetərli deyil. Əslində, hakimin bu cür qərar verməsi normaldır. Amma Azərbaycan gerçəkliyində bu, anormaldır. Adi işlərdə ədalətli qərarlara nadir hallarda da olsa, rast gəlmək olur. Amma siyasi işlərdə bu, risklidir”.
R.Hacılı bildirdi ki, Azərbaycanın məhkəmə sistemində rüşvətsiz yaşamaq, ədalətli qərarlar vermək istəyən hakimlər, az da olsa, var. Amma ümumi sistem onlara bunu reallaşdırmağa imkan vermir.

“Vəkillik fəaliyyətinə keçərək daha sərbəst olmaq, elmi işimi davam etdirmək qərarına gəldim”
 
Qeyd edək ki, son iki gündə sosial medianın əsas müzakirə mövzularından birinə çevrilən hakim Samir Talıbov səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyini təsdiqləyib. Amma o, hadisənin AXCP fəalı Aqil Hümbətovun xeyrinə verdiyi qərarla əlaqələndirilməsinin əleyhinədir. Bu barədə fikirlərini sosial media hesabından paylaşan sabiq hakim bildirib ki, hakimlikdən öz istəyi ilə uzaqlaşdırılıb.
S.Talıbov yazıb ki, iş yükünün ağırlığına görə bu vəzifədən getmək qərarı verib:
“Hakim kimi fəaliyyət göstərdiyim ilyarıma yaxın dövrdə bu vəzifənin şərəfli olması ilə yanaşı, həddindən artıq çətin və məsuliyyətli olduğunu da dərk etdim. Təkcə onu deyim ki, ötən il 1500-dən çox işə baxmışdım. Bu böyük iş yükü nəinki həvəs göstərdiyim elmi fəaliyyətlə, heç digər qayğılarımla da məşğul olmağıma imkan vermirdi. Ona görə də götür-qoy edib, Ötən ilin axırlarından bu barədə müraciət etdim. Məsələnin reallaşması koronavirus pandemiyası ilə vəkillik fəaliyyətinə keçərək daha sərbəst olmaq, elmi işimi davam etdirmək qərarına gəldim.əlaqədar bir az ləngiyirdi. Amma israrlı olduğumdan, müraciətimə anlayışla və hörmətlə yanaşıldı, öz arzumla hakimlik səlahiyyətlərimə xitam verildi. Hər kəsdən adımın hər hansı başqa məqsədlə hallanmasına son qoyulmasını tələb edirəm…”
1980-ci il təvəllüdlü S.Talıbov hakimlikdən əvvəl 10 ilə yaxın Ali Məhkəmədə işləyib. O, öncə məhkəmə iclas katibi, daha sonra hakim köməkçisi olub. 2018-ci ilin dekabrında isə Sabunçu rayon Məhkəməsinə hakim təyin edilib. Bu vəzifədə cəmi 1 il 4 ay işləyən S.Talıbovun səlahiyyətlərinə aprel ayında xitam verilib. S.Talıbov aprelin 1-də AXCP fəalı Aqil Hümbətovun xeyrinə – onun məcburi salındığı psixiatriya xəstəxanasından çıxarılmasına qərar vermişdi. Hakimlik səlahiyyətlərinə həmin qərardan cəmi on gün sonra xitam verilməsi müxtəlif müzakirələrə yol açıb.

Gülər,
Pressklub.az