HAFTAR MOSKVANI BARIŞIQSIZ TƏRK ETDİ - Liviya Milli Ordusunun rəhbəri atəşkəs sazişini imzalamadı

Baxış sayı:
1528

Liviya Milli Ordusunun komandanı marşal Xəlifə Haftar və Milli Barışıq Hökumətinin başçısı Faiz Sərrac arasında dünən Moskvada keçirilən danışıqlar nəticəsiz sona çatıb. 

RİA Novosti Liviya mənbələrinə istinadən xəbər verir ki, tərəflər arasında saziş imzalanmamış Haftar Moskvanı tərk edib.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəflərin qərar qəbul etmək üçün bu gün səhərə qədər vaxt istədiklərini bildirib.

Moskvada keçirilən görüş Rusiya və Türkiyə diplomatlarının iştirakı ilə baş tutub. Onun yekununa görə tərəflər arasında Liviyada atəşkəs haqqında saziş imzalanmalı idi.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin çağırışından sonra yanvarın 12-dən Liviyada atəşkəs elan olunub. Dövlət başçıları, həmçinin tərəfləri danışıqlar masasına dəvət ediblər.