Hacıbala Abutalıbovu imtahana çəkdim: Milyardlar hara xərclənib?

Paytaxtda binaların “tarixin bərpa”sı və abadlaşdırılmasına sərf edilən 2 milyard manatın müəmmalı taleyi

“Bakı şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında…” sözlərini çox eşitmisiniz. Bu, prezident sərəncamlarından götürülüb. Son illərdə bu sözlərlə başlayan saysız sərəncam verilib. Milyonlarla büdcə vəsaiti ilə yanaşı Prezidentin Ehtiyat Fondundan da bu məqsədə ayırmalar davam edir. Prezidentin Ehtiyat Fondu “ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən, lakin maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayan tədbirlər üçün” yaradılıb.
Ancaq bu fonddan vəsaitlər qanunda nəzərdə tutulmayan istənilən ünvana böyük səxavətlə xərclənir. O ünvanlardan birincisi Bakı Şəhər İcra Hakimiyyətidir(BŞİH). Büdcə pullarının əhəmiyyətli hissəsi BŞİH vasitəsilə xərclənir. “Necə xərclənir” sualınasa, heç Hesablama Palatası da cavab vermək iqtidarında deyil. Belə demək mümkünsə, BŞİH toxunulmazlıq statusu qazanmış bir neçə qurumdan birinə çevrilib.
 
“Elektron hökumət” nağılı
 
Son illər paytaxtda yeni binaların tikintisiylə yanaşı köhnə tikililərin, tarixi binaların da bərpası və… mərtəbələrinin artırılması işi geniş yayılıb. Əsasən dövlət başçısının hərəkət etdiyi yolların üstündə olan köhnə binaların fasadı yenilənir, bərpa-gücləndirmə işləri aparılır, üzlük çəkilir, eyni zamanda, bir mərtəbə əlavə olunur. Bütün bu işlər dövlət büdcəsi hesabına görülür. Görülür, ancaq necə, kim, hansı qiymətə, nə qədər vəsait xərclənir… bilən yoxdur.
Əslində bilən var, ancaq ictimaiyyətə açıqlanmalı olan rəqəmlər dövlət sirri kimi qorunur. Əslində, hərhansı bir sorğuya da
ehtiyac olmamalıydı, icra hakimiyyəti özü bütün bu və başqa məlumatları saytında yerləşdirilməliydi və biz də istədiyimizi ordan tapmalıydıq. Axı büdcə vəsaiti hesabına “elektron hökumət” yaradıblar. Bu məqsədlə milyonlar xərcləyiblər.
Bu hökuməti həm də ona görə yaradıblar ki, büdcə vəsaitlərinin xərclənməsiylə bağlı bütün məlumatlar dövlət qurumlarının saytına yerləşdirilsin, hər kəsin də bu məlumatlara çıxışı olsun. Daha əlavə yazışmalara, vaxt itkisinə ehtiyac duyulmasın. Saytın “İnfrastruktur” və “Elektron xidmətlər” bölmələrinin necə “zəngin” olduğuna bundan artıq sübut ola bilməz.
Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığımız sorğunu oxuculara da çatdırmağın ziyanı olmaz qənaətindəyik. İcra hakimiyyətinə ünvanladığımız informasiya sorğusunu mümkün qədər qısa etmişdik ki, cavab verməkdə çətinlik yaranmasın.
 
Sadə suallar, çətin cavab
 
Beləliklə, ünvanladığımız sualllar aşağıdakılardır:
1.Binaların yenidən qurulması, fasadınını yenilənməsi ilə bağlı işlər neçənci ildən başlanıb, indiyə qədər nə qədər bina yenidən qurulub, bu işlərə nə qədər vəsait xərclənib? Bu vəsaitləri illər üzrə ayrı-ayrılıqda təqdim etməyinizi xahiş edirik.
2.Yenidən qurulan binaların bir çoxunda əlavə mərtəbələr artırılıb. Bu artırmalarda məqsəd nədir (nəzərə alsaq ki, o binaların əksəriyyəti ötən əsrin əvvəllərində tikilib), artırılmış mərtəbələrin təyinatı və bir binada artırılmış mərtəbənin dövlət büdcəsinə neçəyə başa gəlməsi barədə məlumat verməyinizi xahiş edirik.
3.Bu işlərlə bağlı tender keçirilibmi, tender elanları nə vaxt, hansı qəzetdə, hansı tarixdə verilib, tenderdə nə qədər şirkət iştirak edib, qalib firma və şirkətlər hansılardır?
Sadə suallardır və yuxarıda qeyd etdiyimiz kimi bu sualların cavabını əslində icra hakimiyyətinin saytında tapmalıydıq. Ancaq əsas vəsaitlərin xərcləndiyi, hamının üz tutduğu paytaxtla bağlı bu saytda yeni nəsə tapmaq çətindir. Xərcləmələrlə bağlı rəqəmlər bir yana, bu saytda heç gündəlik xəbərlər də yerləşdirilmir. Saytın bütün bölmələri “yoxsul” durumdadır.
 
“Müvəqqəti narahatlığa görə üzr istəyirik”
 
Başqa bir bölməyə-binaların bərpası üçün xərcləmələrə baxaq. Burada əsasən də söhbət tarixi binalardan gedir. Əslində, bu xərcləmələrdə mübahisəlik xeyli məqam var. Binaların tarixi olduğunu kim müəyyənləşdirir? Çünki binanın köhnəliyi heç də onun “tarixi” olması anlamına gəlmir. Əslində, ən böyük tarix İçərişəhərdir.Bu gün biz İçərişəhər tariximizin necə darmadağın olmasına şahidlik edirik və buna qarşı kütləvi etiraza çıxanları da, çox təəssüf, görmürük.
İndi BŞİH-ə “tariximizin bərpası” ilə bağlı ayrılan vəsaitlərə diqqətinizi çəkək. Yeri gəlmişkən, “tarixin bərpası” zamanı şəhər rəhbərliyi həmişə paytaxt sakinlərinə “müvəqqəti narahatlığı görə üzr istəyirik” deməyi unutmur, bu narahatlıq illərlə davam etsə belə… “Bakı şəhərində tarixi əhəmiyyətli binaların təmiri, bərpası, fasadların gücləndirilməsi, təmir-bərpası, təmizlənməsi və işıqlandırılması” məqsədilə illər üzrə ayrılan vəsait də küllü miqdardadır. 2011-ci ildən sonra isə bölmələr birləşdirilib. Beləliklə, tarixi binalara ayrılan xərcləri də “Bakı şəhərində binaların təmiri, gücləndirilməsi, işıqlandırılması, abadlaşdırılması, əhalinin və obyektlərin köçürülməsi ilə bağlı xərclər” bölməsinə keçiriblər. Belədə araşdırma aparanların vəziyyəti bir qədər də çətinləşir. Hara, nə qədər xərcləndiyini müəyyənləşdirmək olmur.
Son üç ildə həmin bənd üzrə ayırmalar belədir: 2011-ci ildə 198.187,4; 2012-ci ildə 125.000; 2013-cü ildə 114.522,8 AZN. Ümumi göstərilən bu məbləğin necə bölündüyünü
müəyyənləşdirmək üçün gərəkdir ki, rəml atasan, kim bilir, bəlkə bəxtin gətirdi. Göründüyü kimi, bu sadalananların içərisində binalara əlavə mərtəbələrin artırılması bəndi də yoxdur.Bu artımların hansı vəsait hesabına görülməsi də bilinmir.
 
Səmərəsiz xərcləmələr
 
Bir neçə il qabaq Moskva prospektində (indiki Heydər Əliyev) də binaların qaşınıb üzlənməsi işləri aparılırdı. Ancaq bu yolun kənarında – Səttarxan adına zavodun ərazisində Heydər Əliyev Mərkəzinin tikintisinə başlanandan sonra milyonlarla vəsait hesabına üzlənmiş həmin binaları buldozerin qabağına verdilər. Prospektdən daha yaxşı görünsün deyə sonradan bir neçə binanı da (bərpa-təmirdən, milyonlar xərclənəndən sonra) uçurdular. Elə son illərdə Ziya Bünyadov prospektində – prezidentin yeni iqamətgahının qonşuluğunda olan yaxın tarixin simvollarından biri sayılan 16 mərtəbəli binanı və onun yaxınlığındakı tikintisi başa çatmış 18 mərtəbəli iki yeni binanı da meriya tarixin arxivinə göndərdi.
 
Tikintinin 1 kv.m-i 520, təmirinki 580 manat…

Təmir-tikinti işləri aparan şirkət rəhbəri(adının çəkilməsini istəmədi) Bakı Şəhər İcra Hakimiyyətinin apardığı işlərdə iştirakın mümkünsüz olduğunu deyir. Onun sözlərinə görə, bu işlərlə bağlı, ümumiyyətlə, tender keçirilmir.”Demək olar ki, işlər həmişə meriyaya yaxın şirkətə verilir.Bu şirkətsə bəri başdan 40 faiz özünə götürüb işi başqalarına verir”.
Şirkət rəhbəri təmir-bərpa işlərinin korrupsiya mənbəyi olduğunu deyir: “Təsəvvür edin ki, Nazirlər Kabineti tikintinin bir kvadratmetrinə çəkilən xərcin 520 manat olduğunu müəyyənləşdirib. Ancaq təmir-bərpa işlərinin bir kvadratmetri 580 manatdır.Bəzən hətta bu rəqəmi də aşırlar. Elə şişirtmələrə yol verirlər ki, tikinti peşəkarları özləri də bu rəqəmlərə mat qalır”.
İndi isə, tutaq ki, 100 min manatlıq iş götürən “xoşbəxt” şirkətin, firmanın xərclərinə baxaq: Vergilər – 6 %, Satınalmalar üzrə Dövlət Agentliyi – 3 %, Maliyyə Hazirliyi 1 f%, DSMF – 1 %, ƏDV – 18 %. Bu hələ son deyil. Fövqəladə Hallar Hazirliyi – 2000 manat (ayrılan vəsaitin həcmindən asılı olaraq rəqəm dəyişir), Əmək müfəttişliyi – 1000 manat, Sanepidemstansiya – 200-300 manat, Yanğınsöndürmə – 500 manat, Layihəyə nəzarət – 1000 manat. Bu minvalla tutaq ki, 100 minlik işin 70 faizi qeyri-rəsmi xərclərə gedir. Sahibkar qalan 30 faizlə işi görməli, işçilərinə maaş verməlidir. Həm də sahibkardan tələb olunur ki, işçilərlə müqavilə bağlasın və nəzərdə tutulan vergiləri ödəsin.Bu qədər xərclərdən sonra keyfiyyətli işdən danışmaq yersizdir.Əsasən ucuz işçi qüvvəsinə, qul bazarından tutulan fəhlələrə üstünlük verilir.
Şirkət rəhbəri deyir ki, köhnə binaların bu şəkildə yüklənməsi yolverilməzdir.”Düzdür, istismar müddəti bitmiş bu binalar çöldən dəmir-betonla möhkəmləndirilir, ancaq bu, binanın təhlükəsizliyinə qarantiya deyil.Çünki binalara daşdan üzlüklərin çəkilməsi, eyvanların böyüdülməsi onun yükünü artırır.Həmin binalara üstəlik əlavə mərtəbənin artırılması onun bu yükü daşıması imkanlarını bir qədər də zəiflədir. Baxmayaraq ki, artırmalar yüngül konstruksiyalı olur.Əslində, binaların ciddi müayinəsi aparılmalıdır, onun bu yükü daşıya bilməsinə mütəxəssislər rəy verməlidir. Deyə bilərlər ki, bu rəylər də “alınıb”, ancaq onların necə alınması hamıya bəllidir…
Bakı Şəhər İcra Hakimiyyəti əsasən qazancı güdür. Bir tərəfdən büdcə vəsaiti talan olunur, başqa yandan binanın fasadının yenilənməsi zamanı artırılan hissə bina sakinlərinə, yaxud bu binalarda obyekti olanlara (əsasən 1-ci mərtəbə) satılır.Bu pulların kimlərin cibinə getdiyisə bəlli deyil. Artırılan yerin kvadratmetri, deyilənə görə, obyekt sahiblərinə 1200 manatdan təklif olunur.Bundan əlavə, artırılmış mərtəbəni (mansard) almaq əvvəlcə həmin binanın sonuncu mərtəbəsindəki mənzil sahiblərinə təklif olunur, onlar imtina etdikdə başqalarına satılır”.
Söhbətləşdiyimiz maklerlər bu artırmaların (mansardların) order verilməsi yoluyla satıldığını dedilər.
 
Abadlıq yeyintiləri
 
Son illərdə “Bakı şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar” Prezidentin Ehtiyat Fondu da səxavət kisəsinin ağzını açıb.Bakı Şəhər İcra Hakimiyyətinə bu illərdə 150 milyon manatdan artıq vəsait ayrılıb. İqtisadçılar deyir ki, 2006-cı ildən bu yana Bakı Şəhər İcra Hakimiyyəti şəhərin abadlaşdırılması məqsədilə dövlət büdcəsindən 2 milyard manata yaxın vəsait alıb. Həzərə alaq ki, müxtəlif dövlət qurumlarına, nazirliklərə, o cümlədən, Nəqliyyat Nazirliyinə paytaxtda avtomobil yollarının, körpülərin, keçidlərin və s. inşası və əsaslı təmiri üçün büdcədən ayrılan vəsait bura daxil deyil. Ancaq o qurumların gördükləri işlər də son nəticədə (açılışlar, lentkəsmələr, reklam çarxları) Bakının abadlaşdırılması kimi təqdim edilir. 

Abbas MÖVSÜMOV