Hacı Şahin sonsuz qadına məsh çəkdi, 10 ay sonra uşaq dünyaya gəldi? - FOTO

Baxış sayı:
8194

Artıq bir neçə gündür sosial şəbəkələrdə Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin sonsuz ailələrə uşaq bəxş etmək kimi məharətinin olması ilə bağlı müzakirələr gedir. Ayrı-ayrı səhifələrdə edilən paylaşımlarda Hacının əli ilə sonsuz qadının qarnına məsh çəkməsindən sonra övladı olduğu iddia edilir: “7 ildir ki, övladımız olmurdu. Bir dəfə yoldaşımla bir məclisdə Hacı Şahinlə rastlaşdıq. Ona problemimizi danışdım. Dedim ki, 7 ildir övlad üzünə həsrətik. Hacı yoldaşımın gözlərinə baxdı, sonra əlini uzadıb qarnına yüngülcə məsh çəkdi. Dedi gələn il sizin evinizdən övlad səsi gələcək. Elə də oldu. Möcüzə baş verdi. Həmin görüşdən 10 ay sonra Şahin balamız dünyaya gəldi. İndi deyin görüm, Hacı Şahin möcüzəsinə, dininə və gücünə inanmamaq olar?” Məsələ ilə bağlı Modern.az-a danışan Hacı Şahin Həsənli paylaşımlardan xəbərdar olduğunu bildirib: “Belə bir hadisə baş verməyib. Baş verməsi də mümkün deyil. Kimlərsə bunu məqsədli şəkildə müəyyən səhifələrdə yayıblar. Qeyri-ciddi, heç bir reallığa söykənməyən haldır”. Ş.Həsənli ümumiyyətlə övladı olmayan cütlüyün ona yaxınlaşıb bu barədə yardım istəməsi halının olmadığını vurğulayıb: “Mən bu kimi işlərlə məşğul olmuram ki, kimsə də bu məqsədlə məndən imdad diləsin. Ümumiyyətlə müsəlman olan kəs müxtəlif çətinliklərlə bağlı hər bir insan üçün dua edə bilər. Amma övladı olmayan üçün xüsusi şəkildə əməllə müdaxilə edilməsi mümkünsüz, yanlış və əsassız bir şeydir. Kimlərsə bunu məsxərə etmək niyyətilə yayıb və bunun mənə heç bir aidiyyatı yoxdur”. İlahiyyatçı son zamanlar bəzi insanların öz məkrli əməllərini din adı ilə pərdələməsinə də münasibət bildirib: “Müxtəlif məqsədlər ola bilər. Amma çoxusu sensasiya yaratmaq, reytinq qazanmaq, kimisə gözdən salmaq üçün bu yola ət atırlar. İnsanların dinə marağı çoxdur. Ona görə də din adından sui-istifadə edənlər çoxalıb. Mənimlə bağlı paylaşıma gəlincə, bunun mənimlə bağlı hansısa aqresiyya səbəbindən yayıldığını düşünmürəm. Yenə də kimlərsə ucuz reytinqlə kimlərisə gözdən salmaq dalınca qaçır”.