​Hacı Məmmədov MTN-dən çıxarılacaqmı?

Eldar Mahmudov onu niyə gözdən uzaq qoymurdu?

“MTN işi” “Qara kəmər” əməliyyatı zamanı həbs edilən DIN-in keçmiş baş əməliyyat müvəkkili, adam oğurluğu və digər ağır cinayətlərə görə ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədovla bağlı məsələni də gündəmə gətirib.
Söhbət Hacı Məmmədovun bandasının üzvlərindən fərqli olaraq cəzaçəkmə müəssisəsinə göndərilməməsi, MTN-nin təcridxanasında saxlanılmasından gedir. Yeni Müsavat yazır ki, Hacı Məmmədovu MTN-in Istintaq Təcridxanasında digər kameralardan şəraitinə görə fərqlənən 44 saylı kamerada saxlayırlar. Həmin kamera digərlərindən genişliyinə görə fərqlənir. Təcridxanadakı  kameraların ölçüsü standartdır – 2 metr 80 santimetr uzunu və eyni ölçüdə enidir. Kameraların tavanına bitişik balaca pəncərələr var. Həmin pəncərələrdən yalnız səmanı görmək olur. Hacı Məmmədovun saxlanıldığı kameranın ölçüləri daha böyükdür. “Şəhidlər Xiyabanı” tərəfə açılan pəncərəsindən Bakını seyr etmək olur. Banda başçısına illərdir fərqli münasibət var.
Ömürlük məhkumun MTN-də saxlanılması qurumun tarixində ilk haldır. Hacı Məmmədova qədər ora ömürlük həbsə məhkum edilmiş şəxsləri göndərmir, orada saxlamırdılar. Hacı Məmmədovun MTN-də qanunsuz saxlanıldığı zaman-zaman ictimailəşsə də, heç bir nəticəsi olmayıb. Iş üzrə təqsirləndirilən Zakir Nəsirovun vəkili Adil Ismayılov Hacı Məmmədovun MTN-də saxlanılmasının qanunsuz olduğunu mətbuata dəfələrlə deyib.
MTN təcridxanasına baş çəkmək hüququ tanınan yeganə hüquq müdafiəçisi, Işgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə açıqlamalarında Hacı Məmmədovun orada qalmaq istədiyini bildirib.
MTN guya Hacı Məmmədovun həyatına təhlükə olduğu üçün qurumun təcricxanasında saxlanıldığı barədə məlumatlar yayırdı. Bu məlumatlar Hacı Məmmədovun öz adından yayılırdı. Hətta iddia edilirdi ki, Hacı Məmmədov ailə üzvləri də görüşmək istəmir. Lakin onun MTN-in təcridxanasında hansı səbəbdən saxlanılması təxminən bəlli idi. Hacı Məmmədov çox sirlərə malikdir. Eldar Mahmudov bu sirlərdən rəqiblərinə qarşı istifadə etməkdə maraqlı idi. Bu baxımdan da Hacı Məmmədovu necə deyərlər gözdən uzaq qoymaq istəmirdi.
Indiki situasiyada Hacı Məmmədovun taleyinin necə olacağı bəlli deyil. Yəni, onun Qobustan həbsxanasına göndərilib-göndərilməyəcəyini söyləmək çətindir. Bəlli olan odur ki, Hacı Məmmədovun MTN-in təcridxanasında saxlanılması tamamilə qanunsuzdur(azadliq.info).