Habil Vəliyevin ailə üzvləri vəkildən imtina edir – VƏKİLƏ İNAMSIZLIQ, YOXSA...

Bir neçə həftə əvvəl yerli mətbu orqanlarda ““Reket jurnalistlər” haqqında sensasion araşdırma” sərlövhəli yazı dərc olunmuşdu. Belə ki, Azərbaycanda “reket jurnalistlər”in fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə şok faktlar açıqlayan Aynur Eldarqızı adlı Facebook istifadəçisi öz profilində diqqətləri bir daha bu mövzuya yönəltmişdi. O yazırdı ki, son vaxtlar “reket jurnalistlər”in fəaliyyəti daha da genişlənib: “Azərbaycanda ölkənin KİV sahəsində “reket jurnalistikası”nın imkanlarından geniş istifadə edilməsi artmaqdadır. Məhz onların (“reket jurnalistlər”in – red.) kimlərinsə maraqları daxilində böhtan və şantaj xarakterli məlumatları yaymaqla siyasi proseslərə cəlb edilmələri açıq görünür. Əgər “reket jurnalistikası” siyasətə də müdaxilə edirsə, deməli, bu kiməsə, yaxud kimlərəsə lazımdır. Bu artıq əvvəlki kimi müəyyən sahələrdə pul qazanmaq üçün deyil, daha geniş sferada istifadə edilir.
Çox maraqlıdır, məhz Mətbuat Şurasının sədri Əflatun Amaşovun son günlərdəki çıxışları elə bil ki, onları, yəni “reket jurnalistləri” müdafiə xarakteri daşıyır. Daha doğrusu, bir az diqqət etsək, müdafiə edir.
Ən maraqlı məqamlardan biri isə odur ki, hətta Mətbuat Günü bəzi reket jurnalistlər evlə təmin olunub. Bu zaman çox böyük suallar meydana çıxır. Niyə? Bu kimə lazımdır?”.
Xatırladaq ki, A.Eldarqızının bu açıqlaması sosial şəbəkədə ciddi müzakirə olunmuş, o cümlədən sözügedən mövzu mətbuatın da diqqətini cəlb etmişdi. Təsadüfi deyil ki, bir sıra saytlar qeyd olunan bu faktlar əsasında geniş təhlil yazıları yazmışdılar...
Turaninfo.org xəbər verir ki, Facebook-da “reket jurnalistlər”in fəaliyyəti ilə bağlı A.Eldarqızı tərəfindən növbəti faktlar açıqlanıb. O yazır: “Dəyərli dostlar, ilk gündən söz verdiyim kimi, bu gün də “reket jurnalistlər” haqqında araşdırmalarım davam edir. Deməli, bu günlərdə maraqlı məlumat əldə etmişəm, istərdim sizinlə bölüşüm. Bir müddət əvvəl Vəkillər Kollegiyasında tanışımdan eşitdiyim məlumata görə, “reket jurnalistikası” ilə mübarizə sahəsində bir il əvvəl həbs edilmiş “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin işi yaxin zamanda məhkəməyə göndərilməlidir. Lakin Habil Vəliyevin ailəsi məhkumun vəkillərindən olan Rəsmiyyə Qəhrəmanovaya etibar etmir və onu Habilin müdafiəsindən uzaqlaşdırmaq istəyirlər. Maraqlıdır ki, bu qədər müddətdən sonra vəkilə etibar etməməyə səbəb nə ola bilər?”.
Xatırladaq ki, Habil Vəliyev 2016-cı il dekabrın 7-də axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, “Azərbaycan” nəşriyyatının 8-ci mərtəbəsində yerləşən ofisindən aparılıb.
Dəyərli oxuculara bəllidir ki, son vaxtlar “reket jurnalistlər”in fəaliyyəti Muxalifet.az saytının da diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bir neçə həftədir saytımızın “Media və məmur” bölümündə ölkə mediasının məmur, icra başçısı, deputat və s. şəxslər haqqında yazdığı tənqidi yazıların statistikasını dərc etməkdəyik. Yəni Muxalifet.az-ın əməkdaşları həftəlik olaraq saytları izləyir və yekunda mövzu ilə bağlı maraqlı təhlil yazısı oxucularımıza təqdim olunur.
Son həftələr ərzində apardığımış araşdırmaya əsasən deyə bilərik ki, Azərbaycanda “reket jurnalistlər”in fəaliyyəti nəinki azalmaqda, əksinə günbəgün genişlənməkdədir...
Xatırladaq ki, son vaxtlaradək mətbuatda “reket jurnalistikası”nın arxasında MTN-nin dayandığı haqda yazılar dərc olunurdu. Artıq iki ilə yaxındır MTN yoxdur, onun yerinə iki qurum yaradıldı – DTX və XTX. Bundan sonra isə DTX-nın “reket jurnalistikası”na ciddi zərbələr endirdiyinin hər birimiz şahidi olduq. Belə ki, ən iri “reket jurnalistlər” – Habil Vəliyev, Surxay Əliyev, Hikmət Nəcəfli, Azər Abbasov və Maarif Abbasov saxlanıldı və barələrində həbs qətimkan tədbiri seçildi. Maraqlıdır, “reket jurnalistlər”in arxasında bəs indiki dövrdə kim durur? Və yaxud bu sahədə heç bir tədbir görülməyəcəkdisə, onda hüquq mühafizə orqanları əməkdaşlarının iştirakı ilə Mətbuat Şurasının “Reket Komissiyası”nın yaradılmasına nə ehtiyac vardı?...

Muxalifet.az